Ukrayna parlamentinin deputatı oğurlanıb

Ukrayna parlamentinin deputatı, prezident Pyotr Poroşenkonu dəstəkləyən “Pyotr Poroşenko bloku” fraksiyasının üzvü Aleksey Qonçarenko naməlum şəxslər tərəfindən oğurlanıb.

TASS xəbər verir ki, Ukrayna Baş Prokurorluğunun mətbuat katibi Larisa Sarqan məlumatı təsdiqləyib.

Deputatın oğurlanması xəbərini Ukrayna Təhlükəsizlik Xidməti də təsdiq edib.

Fraksiyanın üzvü Aleksandr Brinqinets bildirib ki, Qonçarenko fevralın 22-də Odessaya təcili görüşə gedib: “O, indiyədək telefon zənglərinə cavab vermir. Prokurorluq onun oğurlandığını ehtimalının çox olduğunu bildirir. Bunun siyasi cinayət olmasına əminəm”.

Məlumata görə, A.Qonçarenko Odessa şəhərinin keçmiş meri Aleksey Kostuseyevin oğludur. O, əvvəllər Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Regionların Partiyasının üzvü olub. Həmin dövrdə Odessa Vilayət Şurasına başçılıq edib.

loading...