Son günlər dünyada təəccüb doğuran impulslar əsasən Amerika Birləşmiş Ştatlarından gəlir. Əvvəlcə hamı prezident Donald Trampın öz seçkiqabağı vədlərini dərhal yerinə yetirməyə çalışmasına təəccübləndi. Daha sonra isə insanlar ABŞ dövlətinin sütunu olan nazirliklərin və məhkəmələrin bu qərarlara qarşı çıxmasına və prezidentə əngəl olmasına heyrətləndi.
Əslində isə burada heç bir təəccüb doğuracaq məsələ yox idi. Tramp özündən əvvəlki prezidentliyə namizədlərdən və prezidentlərdən öz ekstravaqantlığı, sinikliyi, dəlisovluğu ilə çox fərqlənən biridir və öncədən məlum idi ki, bu adam vəzifəsini icrasına başlayanda hamını təəccübləndirən hərəkətlər edəcək. Necə deyərlər, bu hələ jurnalıdır, dünya əsl filmə (o triller janrında da ola bilər, tragikomediya janrında da) bir müddətdən sonra baxacaq.
Trampın istədiyini edə bilmədiyinə, qarşısına əngəllər çıxarılmasına təəccüb edənlər isə, görünür, ABŞ idarəetmə sistemini, bu ölkədə hakimiyyət qollarının müstəqilliyini, dövləti quran təsisçi ataların qoyub getdiyi düsturlarlın işləkliyini, qanunların aliliyinə qoyulan hörmətin miqyasını bilməyənlərdir.
Bu da öncədən bəlli idi ki, Tramp özbaşına deyil, özü boyda alov topu olsa da, yalnız özünü yandıra bilər.
Göründüyü kimi, ümumi şəkildə adına “dərin dövlət” deyilən idarəetmə mexanizmləri yeni prezidentə hələ işinin ikinci həftəsindəcə “bu dövlətin hökmdarı, padşahı, sultanı sən deyilsən” dedi və Tramp xeyli təəccübləndi. Bu, hələ Trampın əl-qolunun sarınmasına dair birinci epizoddur, ardı gələcək. Əgər o, tutduğu xətti davam etdirsə, bir gün impiç ediləcəyi gün uzaqda deyil. Zatən, bu söhbətlər Trampın hələ oval kabinetə girməsindən öncə başlayıb.
ABŞ-ı dünyanın ən qüdrətli, ən varlı, ən azad ölkəsi edən də məhz budur. 50 ştatı vahid orqanizmdə birləşdirən bu dövlət ona görə güclüdür ki, orada bir adamın öz iradəsini bütün millətə diktə etməsinə imkan vermirlər. Şahın qanun olmadığı, qanunun şah olduğu dövlətlərin tipik nümunəsi ABŞ-dır.
Tramp hələ də hansı dövlətə rəhbərlik etdiyinin fərqində deyil. O, elə bilirdi ki, prezident kürsüsündə oturan kimi bütün ölkə və bütün dünya onun qabağında mil duracaq, bir sözünü iki edən olmayacaq. Trampın digər ölkələrin rəhbərləri ilə qaba davranışı, onlarla ərkyana danışması, hətta sözlərini kəsib telefonu üzlərinə qapatması bu üzdən idi. Adam özünü dünyanın ağası sayırdı.
Ancaq iki həftə keçmədi ki, ona ABŞ-ın “Tramp-holdinq” olmadığını, dövləti ailə şirkəti kimi idarə edə bilməyəcəyini başa saldılar, daha dəqiqi, başa salmağa çalışdılar. Hiss olunur ki, o, hələ müqavimət göstərir, iradəsini yerinə yetirməyənləri cəzalandıracağını, hamını ram edəcəyini düşünür.
Böyük ehtimalla o, bunu edə bilməyəcək. Həm ABŞ daxilindən, həm də dünyadan, xüsusilə də ABŞ-ın ənənəvi müttəfiqlərindən onun bu sayaq sıradışı hərəkətlərinə müqavimət böyükdür və güclənməkdədir.
Bu gün birmənalı şəkildə demək olar ki, 2016-ci ilin noyabrında ABŞ xalqının seçimi yanlış olub. Trampın seçilməsi və işə başlaması ilə dünyanın ən qüdrətli dövlətinin sütunları görünməmiş ağırlıq altına girib.
İndi dövlətin qoruyucu mexanizmləri tam gücü ilə işə düşməlidir ki, ölkə və dünya bu mərhələdən daha az itki ilə çıxsın.
ABŞ-ın əzəli düşməni Rusiyada yeni prezidentlə bağlı təntənə və eyforiyanın səbəbi də budur. Onlar aydın şəkildə başa düşürlər ki, Tramp öz hərəkətləri ilə ABŞ dövlətinin sütunlarını laxladır və bu, dünyanın ən qüdrətli dövlətinin çöküşünə gətirə bilər.
Trampın diktatorluq meylləri, ambisiyaları bir daha göstərdi ki, hakimiyyət bölgüsü olmayan, tək adamların idarə etdiyi dövlətlər necə təhlükəlidir. Bir adam gəlir, bütün məsələlərdə öz iradəsini yeridir, milyonlarla insan isə onun köləsinə çevrilir. O, dövləti uçuruma aparanda da heç kəs qabağında durmur. Kollektiv idarəetmələrdə, hakimiyyət bölgüsü olan yerdə isə “tək adam”ların şəltəsi işləmir, onlar hər zaman düz yolla getməyə məcburdurlar. Çünki milləti uçurumdan qoruyan mexanizmlər var.
Görünən odur ki, Tramp ABŞ-da o mexanizmləri sarsıtmağa çalışsa, mexanizm Trampı əzəcək.