Загрузка...

zahid

Və ya Tramplı dünya hara gedir?..

ABŞ-ın yeni prezidenti Donald Tramp obrazlı desək, gül vurur. Prezident kürsüsünə oturmasından cəmi 10 gün keçib, ancaq o, az qala, dünyanın yarısının antipatiyasını qazana bilib. Bu, doğrudan da Amerika tarixində görünməmiş göstəricidir.
Əvvəla, Tramp ilk ABŞ prezidentidir ki, hələ Ağ Evə girməmiş reytinqi aşağı düşüb, andiçmə mərasimi, vəzifəyə başlaması Amerikada və Avropada ciddi etiraz dalğası ilə müşayiət olunub, etirazlar bu gün də davam edir. Tramp habelə dövlət sükanı arxasına keçər-keçməz, Avropanın ən iri dövlətlərinin – Almaniya, Fransa, İngiltərənin rəhbərlərinin, həmçinin NATO baş katibinin tənqidinə tuş gəlib. Bu liderlər onun dönəmi ilə bağlı yetərincə bədbin proqnozlar veriblər.

Belə şey heç vaxt olmamışdı. Qəribədir ki, D.Trampın özü də Ağ Evə girən kimi dünyada özünə qarşı sərt etirazlara rəvac verən sərəncam-fərmanlar imzalamağa başlayıb. O sırada Meksika ilə sərhədə çoxdan vəd etdiyi hasar inşası məsələsini gündəmə gətirib, bir neçə müsəlman ölkənin (İran, İraq, Suriya, Sudan, Somali, Yəmən) vətəndaşlarının ABŞ-a girişinə 90 günlük yasaq qoyub, miqrantlarla bağlı qadağa tətbiq edib və s.

Bütün bunlar ondan narazı insanların arealını müsəlman dünyası və Cənubi Amerika ölkələri hesabına daha da genişləndirib. İş o yerə çatıb ki, ABŞ-ın ən böyük ştatı – 39 milyonluq Kaliforniyada yeni prezidentin idarəçiliyinə etiraz olaraq (bu ştatda 61% səslə Hillari Klintion qalib gəlib) dövlətin tərkibindən çıxmaq üçün imzatoplama kampaniyası start götürüb. Trampın dünyadakı münaqişəli bölgələrlə bağlı fikirləri də, yumşaq desək, narahatlıq doğurub.
Biz hələ Trampın özünü ABŞ, Qərb mətbuatına düşmən eləməsini demirik – bu, ümumiyyətlə, oturduğun budağı kəsməkdir. Ona görə ki, hələ indiyədək azad media ilə düşmənçilikdən qalib çıxan siyasətçi olmayıb. Bu yerdə məşhur fransız diplomatı və mütəfəkkiri Toleyranın bir kəlamını yada salmağa dəyər: həqiqətən də “düşmən-rəqiblərin sayını artıran siyasət (diplomatiya) yaxşı siyasət (diplomatiya) deyil”.

Elə Trampın özünü Amerika mediasının hədəfinə gətirməsi nəyə desən dəyər. Uzaqgörən, ağıllı siyasətçi isə heç vaxt KİV-ləri hədəf seçməz. Hər necə olmasa, mətbuat güzgüdür, güzgünü sındırmazlar.

Söz düşmüşkən, Azərbaycanda da medianı mübarizə hədəflərindən biri seçən, öz davranışları ilə rəqiblərin sayını artıran “siyasətçilər” az deyil. Bilənlər bilir, onlar həm iqtidar, həm də müxalifət düşərgəsində var. Amma danışanda hamıdan çox demokratiyadan, söz-ifadə azadlığının vacibliyindən danışırlar. Məhz belələri üçün deyiblər ki, “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol”.

Bəla burasındadır ki, ola bilmirlər. Çünki müdriklik, siyasi təcrübə, siyasi təmkin və fəhm çatmır. Bu keyfiyyətləri isə bazardan pulla almaq mümkün deyil. Onlar ya var, ya da yoxdur. Trampa da elə gəlir ki, milyardlara sahibdirsə, uğurlu bir biznesmendirsə, uğurlu bir prezident də ola bilər. Bisnesmendən avtomatik şəkildə yaxşı siyasətçiyə çevrilməyi bacarar.

Göründüyü kimi, alınmır. 70 yaşına kimi alınmayıbsa, bundan sonra da çətin alınar. Mister Trampın əsas problemi də əslində elə budur – böyük siyasətə gec gəlməsi, bizneslə siyasəti qarışıq salması. ABŞ prezidenti postu isə ən əvvəl siyasi postdur…

Bir azdan onu – “danışığını bilməyən” prezident Trampı sözündən tutub dolaşdırmağa başlayacaqlar. Ən önəmlisi odur ki, Donald Tramp dünya gündəmini, qlobal siyasəti və düzəni müəyyən edən bir fövqəldövlətin başına keçib, onun “nüvə çamadanı”na sahibdir. Di gəl ki, hələ özünü belə böyük missiya və məsuliyyət altına girən prezident kimi aparmır. Yaxud apara bilmir, bacarmır. Nə fərqi, dünya ki, bununla rahat nəfəs almır.
Belə görünür, dünya böyük sürprizlərə hamilədir…