Belə bir xəbər var: sorğu keçiriblər, rəyi soruşulan respondentlərin 45%-i Azərbaycanda korrupsiya səviyyəsinin tədricən azaldığını bildirib. Bilmirəm, bu, ləğv edilmiş MTN-in sabiq idarə rəisi Akif Çovdarovun və digərlərinin vəzifədən götürülməsi və həbsi ilə bağlıdır, yoxsa başqa şeylə.
Zarafat deyil, iş və vəzifə adamlarını aparıb MTN kimi əjdaha bir qurumun zirzəmisinə (razıyam ki, “padval” daha effektiv çıxır) basan, onlardan xərac alan, maliyyə maxinasiyalarına göz yuman, bununla da onların korrupsiyayla daha ürəkdən məşğul olmalarına şərait yaradan bir xeyli generalı qandallayıblar.
Hazırda onların özünün ölkənin ən böyük korrupsioneri olduqları aydınlaşıb. O gün birinin mal-mülkünün siyahısını vermişdilər, adam multmilyonçu imiş. Sovet dövründə eyni vəzifəni tutan, hazırda pensiyadan başqa bir qazancı olmayan istefada olan general o sərvəti görsə, ürəktutmasından ölməsə də, “kül mənim başıma” deyə öz başına endirdiyi qapazın ağrısının şokundan ölə bilərdi.
İndi o adamlar içəridədir və onların yerlərini tutanlar isə hələ ki o cür işlərlə məşğul deyillər. Olsalar, xəbərləri çıxardı. Gələcəyi isə bilmək olmaz. Çünki iştah diş altındadır.
Görünür, elə buna görə korrupsiyaya dair sorğunu cavablandıran iştirakçıların 24%-i hökumətin korrupsiyaya qarşı səylərindən razıdır. Razı olmayanlar isə azlıq təşkil edir, cəmi 15 faiz. Bu suala cavab verənlərin 60%-i isə ya çox qorxaq adamlardır, ya da bu günlərdə Yerə maksimum şəkildə yaxınlaşmış Aydan gəliblər. Çünki onlar deyiblər ki, ölkədəki korrupsiya barədə suala cavab vermək üçün kifayət qədər məlumata malik deyillər.
Riyakarlar! Yəni siz küçəyə çıxmırsınız? Küçələrdə ora-bura şütüyən superbahalı avtomobilləri (“Mersedes Galenvagen”, “Ferrari”, “Porşe”, “Lambargini”, “İnfiniti”, “Roll Roys” və s.) görmürsünüz? Sizcə, bizneslə məşğul olması yasaq olan məmurlar və məmurzadələr (yəni onların züryətləri) o 200 minlik maşınları nəylə tədarük ediblər? Bəlkə 1500-2000 manatlıq aylıq maaşla?
Hələ şəhərin mərkəzindəki və ətraf qəsəbələrdəki, eləcə də ölkənin yaşıllıqlı rayonlarındakı superbahalı villalardan danışmırıq. Sayları minlərlədir. Seyfində möhürü-ştampeli olan hər kəsin bahalı maşını da var, villası da. Hamısı da gözlə görünür, amma ölkədə korrupsiyaya dair rəyi soruşulanların 60 faizi deyir ki, vallah, bu barədə informasiyamız azdır.
Belələri ilə bir xeyir-şər məclisində qonşu ol, sənə düz bir saat tanıdığı məmurların mal-mülkündən, obyektlərindən danışacaq, hətta oturub yemək yediyiniz şadlıq evinin hansı məmura məxsus olduğunu bilib-bəlmədiyini soruşacaq, sən bilməyəndə o, gözlərini hər şeyi bilən FTB direktoru Ceyms Komi kimi qıyaraq ağıllı görkəm alıb deyəcək:
“Filankəsindir, bir restoranı da Nizami rayonunda var, biri də filan rayonda”. Amma bunu deyən hərifin ölkədəki korrupsiyadan xəbəri yoxdur, ən pisi də odur ki, o, bu restoranların və digər ticarət, xidmət obyektlərinin sahibi olan məmuru “təmiz adam” hesab edir.
Heç demə, respondentlərin cəmi 21%-i inanır ki, dövlət sektorunda korrupsiya ciddi problemdir. Yerdə qalan 79 faizin fikrincə, dövlət sektorundakı korrupsiya qeyri-ciddi problemdir, yəni boş şeydir, olan şeydir, ona qalsa, korrupsiya ABŞ-da var. “Guya Almaniyada korrupsiya və rüşvətxorluq yoxdur?”, – deyə əks sual verəcəklər və özlərini qalib durumda sayacaqlar.
Budur, Rusiyada iqtisadiyyat nazirini, bizim camaatın sözü olmasın, “ikicə milyon dollar” rüşvət aldığına görə tutublar və deyirlər ki, guya korrupsiyaya qarşı mübarizə aparırlar.
Biz o filmə öz ölkəmizdə bir dəfə baxmışıq. Yadınızdadırsa, 11 il öncə bizdə də iqtisadiyyat nazirini tutmuşdular. Qəzetlərdə iki qoşa səhifədə malik olduğu obyektlərin siyahısını verdilər. Amma bu boyda haqq-hesabdan sonra ölkədə korrupsiya yenə azalmadı. Hətta sonrakı iqtisadiyyat nazirini də az qala tutacaqdılar, amma tutmadılar, eləcə bir sıra obyektlərinə əl qoydular.
Açığı, belə görünür ki, korrupsiya ilə mübarizə aparmağın xeyri yoxdur, sadəcə yaponlar zəlzələ ilə yanaşı yaşamağı öyrəndikləri kimi, biz də gərək korrupsiya ilə yanaşı yaşamağı öyrənək. O yan-bu yan eləsək, korrupsiya bizi məhv edər, salamatı dinc durmaq, “korrupsiya barədə məlumatımız yoxdur” deməkdir.