img1306318

Donald Tramp işə başlamağa macal tapmamış ona qarşı ABŞ-da kütləvi etirazlar baş qaldırdı. Polislə toqquşmalarda ölən də var. Amerika tarixində, prezident seçkisindən dərhal sonra belə bir şey qeydə alınmamışdı. Tramp isə etirazçıları ondan qorxmamağa çağırır. Bundan öncə, o, hamının prezidenti olacağını bəyan etmişdi.

Fəqət, hamının prezidenti olmaq mümkünmü? Əlbəttə, yox. Çünki ən yaxşı halda əksəriyyətin prezidenti olmaq mümkündür. Bundan ötrü də mister Tramp gərək 100 səhifəlik seçki vədlərində əməlli-başlı düzəlişlər və korrektələr eləsin. Zira, vədlər bir şey, ABŞ kimi dövlətin sükanı arxasında dayanmaq məsuliyyəti isə tamam başqa şeydir.

Ancaq problem də ondadır ki, yeni prezident ona qələbə qazandırmış seçki vədlərini ciddi şəkildə dəyişsə, o zaman öz elektoratını küsdürəcək və bu dəfə də tərəfdarlarının etirazına tuş gələcək. Yəni yenə hamının prezidenti olmaq mümkün olmayacaq.

Üstəlik, indinin özündə – siftə ərəfəsi D.Tramp seçicilərin yarısından da azının dəstəyinə (47%) malikdir. Bu rəqəm rəqibi Klitondan təxminən 400 min səs azdır. Prezidentlik dönəmində isə bir qayda olaraq, səsvermə günündəki reytinq düşməyə başlayır.

Təbii ki, ölkə başçısı effektli idarəçilik apara bilməyəndə belə olur. Necə ki, Fransa prezidenti Fransua Ollandın reytinqi ölkə tarixindəki prezidentlərlə müqayisədə ən aşağı, rekord səviyyəyə enib – 4%. Ollanda qarşı artıq impiçment prosedurunun başlandığı bildirilir.
Donald Trampın başına belə şeylər daha qısa zamanda gələ bilər. Əsas da iki səbəbdən: bir – Trampın böyük siyasət adamı olmaması və dövlətçilik təcrübəsinin yoxluğu, iki – onun irqçi və ksenofobik baxışları üzündən.

Söz yox ki, insan millətçi və şovinist də ola bilər, solçu və kommunist də, dinçi və ateist də. İnsanlar müxtəlif olur. Amma və lakin, bir var, belə dünya görüşünü sıradan biri daşısın, bir də var, ABŞ kimi dünyanın 1 nömrəli, nəhəng, superdövlətinin başında duran şəxs.

Bunlar kökündən fərqli şeylərdir və ikinci halda nəinki qlobal sülhə və bəşəriyyətə təhlükə vəd edir, elə Amerika cəmiyyətinin özünün bütünlüyü və monolitliyinə də ciddi təhdid yaradır. Bunu, artıq müşahidə etməkdəyik.

Yeri gəlmişkən, yeni prezidentin müsəlmanlara qarşı məlum mövqeyindən ruhlanan, ondan mənəvi güc alanlar artıq hərəkətə keçiblər. Misal üçün, Amerika məktəblərinin birində hicablı müəlliməyə təhdid dolu xəbərdarlıq məktubu yazılıb. Həmin məktubda “Hicabı başınıza deyil, boynunuza salıb niyə intihar etmirsiniz” kimi cümlə də var. Yəni sizin kimilərə aramızda yer yoxdur.

Bu kimi presidentlərin qarşısı alınmazsa, onlar çoxalacaq. Çünki pis nümunə həmişə yoluxucu olur. Davamını təsəvvür eləmək isə çətin deyil: Amerika cəmiyyətində dini ayrı-seçkilik və parçalanma dərinləşəcək. Bu isə din-iman tanımayan terrorçular üçün əla zəmin, əsl fürsət sayıla bilər.

Odur ki, Tramp üçün çox çətin olacaq. Bu çətinliyi o, özü-özünə yaradıb. Seçilmək naminə verdiyi bəzi populist vədlərin əks-sədası bu cür də olmalı idi. O üzdən Trampın 100 günündən çox şey, hətta hər şey asılı ola bilər, onun impiçment məsələsinin daha tez gündəmə gələcəyi də istisna deyil.

Hətta belə iddia var ki, heç də bütün respublikaçıların rəğbətini qazanmayan “respublikaçı” Trampa tələ qurulub: ona hansısa “rokovoy” səhv üçün bəhanə yaradıb sonra da impiçment prosedurana başlayacaqlar. Əksəriyyəti respublikaçılardan ibarət olan Konqresdə isə impiçmenti reallaşdırmaq çətinlik yaratmayacaq. Və… Və Trampı onun vitse-prezidenti ilə – özlərinə sərf əsl respublikaçı ilə əvəzləyəcəklər.

Bu ssenari heç də illüziyaya oxşamır. Ona görə yaxşı olar ki, Tramp Ağ Evə köçməyə tələsməsin. Ən azından, 100 günü gözləsin. Yeni prezidentin keçmiş arvadı İvana Zelniçkovanın dediyinə görə, milyarder heç özü də Kapitoloyə köçməkdə həvəsli deyil və ölkəni “göydələndən” idarə edəcək.

Nə əlavə edək? Bəlkə də ən doğrusu bu olar. Bəlkə də artıq ürəyinə damıb ki, Ağ Ev onluq deyil. Bəlkə o mövqeyini, vədlərini dəyişəcək? Bəlkə… Axi, hər necə olmasa, siftə qanla başlayıb…