“Ver yeyim, ört yatım, gözlə canım çıxmasın”
(ata sözü)
Prezidentin Füzuli səfərindən ortaya çıxan aqrar həqiqət belə oldu ki, dövlət kəndliyə torpaq sahəsindən yanacağa, gübrədən texnikaya, puldan toxuma qədər hər şeyi verirmiş.
Axırda məhsulu bu kəndlinin əlindən tutub almayasan, nə edəsən? Hazıra nazirdirlər. İşləmək istəmirlər. Ümumiyyətlə, bizim millət düzələn deyil. Bütün günü traktorun, pambığın, qarğıdalının kölgəsində yatırlar, gərək hökumət bunlardan ötrü əziyyət çəksin. Hələ bir topası var, gündə Azadlıq meydanına toplaşıb “Bizi Qarabağa qaytarın!” adlı konsert, üzr istəyirəm, mitinq keçirirlər. Ta polis də bunları dağıtmaqdan bezibdir. Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram müəllim isə “Ay millət, gələn bayram Şuşadayıq, dağılışın evinizə” deməkdən yorulubdur. Hər şeyə mız qoyurlar, deyirlər Bayram müəllim “bayram” deyəndə özünü nəzərdə tutur.
Pambıq da belə oldu. Toxumdan tutmuş Kamılxan arvada qədər hər cür təchizatla təmin edilən ağ qızıl sahələrində işləməyə adam tapılmırdı, məcbur olub Göyçay xəstəxanasının həkimlərini pambıq yığmağa aparırdılar. O xəstəxananın baş həkimini də səhiyyə naziri keçən həftə işdən atdı. Bizdə əməyə, zəhmətkeşə qiymət yoxdur axı. Qədirbilməz xalqdır. Beş barmağını bala batırıb ağızlarına soxasan, yenə xeyri yoxdur, deyəcəklər Allah bilir özü nə qədər yeyir.
Yenə beynəlxalq aləmdə müsbət təsirlərimiz var, adam buna sevinir, yoxsa yaşanası həyat deyildir. Bax, dinəndə Əhəd Abıyevin Kolumbiya bayrağını qırmasını lağa qoyurdunuz, dünən Kolumbiyadan yaxşı bir xəbər gəldi: orda üsyançılarla hökumət arasında nəsə sülh müqaviləsi bağlandı. Əgər Əhəd müəllimdən qorxmasalar bu cür toparlanardılarmı? Vaxt gələcək Əhəd müəllimin adı Kolumbiya tarix dərsliklərinə “Milli birliyin banisi” olaraq düşəcəkdir.
Ümumiyyətlə, mövzumuza dəxli olmasa da, bir elmi nəzəriyyə var ki, meymuna yazı makinası, klaviatura versən, meymun qardaşımız başlasa onu taqqıldatmağa, ağzına gələn hərfləri basmağa, bu zaman təsadüfən Şekspirin “Hamlet” əsərini yazması ehtimalı vardır. Neçə milyardda birdir, ya on üstü neçədir ehtimal – dəqiq yadımda qalmayıb. Hər halda belə bir şey mümkündür, xəbəriniz olsun. Əyləncəli riyaziyyatda buna “Sonsuz meymun teoremi” adı qoyublar. Burada əsas şərt odur ki, meymunun vaxtı sonsuz olmalıdır. Yəni, sən meymunu qrafikə sox, denən sabaha qədər tıqqıldat, makinadan “Olum ya ölüm, budur əsas məsələ!” cümləsi çıxsın – belə şey olmaz. Ya meymunlar çox olmalıdır, ya da iş qrafikinə məhdudiyyət qoymaq yaramaz.
Sözümün canı odur ki, kim bilir, bəlkə bir gün bizim ölkədə də nəsə alındı. Siz cəhd edin. Hərfləri bilirik, klaviaturamız var, dövlətçiliyə sədaqətliyik, vətənpərvərik, bananı da deyilənə görə inhisardan azad ediblər. Ta vətəndaşa nə lazımdır? Çobanın könlü olsa, təkədən pendir tutar. Zəhmətkeşə kredit versən, pambıqdan ipək-neylon çıxardar. Qarğıdalını tarlada əksən, soğan olar. Əlbəttə, bu soğan Aqil müəllimin kurasiyasına aid botanik əhvalatdır, biz qarışmayaq. Şair demişkən, Azərbaycan, yatmış vulkan, səninləyəm! Qalx ayağa, bir az palçıq püskür. Bizim vulkanların materialı bu cürdür, nə edəsən?
İrlandiya mətbuatı da azərbaycanlı futbolçuların oradan çoxlu televizor almasından məqalə veribdir. Çox paxıldırlar. Bəs biz televizoru Şamaxı televizor zavodundan alanda niyə yazmırdınız? İrlandiyalı turistlər İsmayıllı velosiped zavodundan velik daşıyanda heç biz dinirik? Guya futbolçu ancaq top və tuman-köynək almalıymış. O məşhur söhbətdəki kimi: dəllək dükanın qabağına nə şəkli çəkməlidir? Bəlkə uşaqlar bir-iki oyun udandan sonra arxayınlaşıblar, çəmənliyə uzanıb əməkdar artist Zaur müəllimin verilişinə baxmaq istəyirmiş?
İndi söz əlaqədar təşkilatlarındır – İrlandiyaya gedən olsa mənə bir butulka viski gətirsin, pulunu verəcəyəm.