Ona öz ölkəsində – Ermənistanda “vətən xaini” deyirlər. Bizdə isə onu “türk düşməni erməni” adlandırırlar. Ermənistanda onu “Azərbaycanın casusu” hesab edirlər, Azərbaycanda isə “Ermənistanın adamı” sayırlar.
O, yazıçıdır, publisistdir, dissidentdir. Söhbət Vahe Avetyandan gedir.
Avetyan İsveçdə yaşayır. O, ölkəsində hakimiyyətə qarşı çıxdığı, rəsmi ideologiya və ritorika ilə razılaşmadığı üçün Ermənistandan qaçaq düşüb.
Vahe Avetyan hələ Ermənistanda yaşadığı dönəmlərdə Azərbaycana isti münasibəti ilə seçilirdi. O, rejissor Georgi Vanyan, siyasətçi Paruyur Ayrikyanla birlikdə Ermənistanda az-az rast olunan pasifistlərdən idi.
Bu şəxslər Azərbaycanla müharibəyə son qoyulmasının tərəfdarıdırlar, ömrü bir əsri aşan münaqişənin, nəhayət, sona çatmasını istəyirlər.
Militarist və şovinist ermənilər bu şəxsləri daima yamanlayır, söyür, təhqir edirlər. O gün bir erməni ziyaılısı Avetyanın statusuna belə bir şərh yazmışdı ki, Azərbaycanla bağlı fərqli düşünürsənsə, gərək “türk fahişəsindən doğulmuş” ifadəsi ilə təhqir olunmağı gözə alasan.
İndi bu cür təhqirləri ürəyinə salmayan dissident yazıçı Bakıdadır. Bu, onun ölkəmizə ikinci səfəridir. Birinci dəfə Vahe Avetyanı vizasız gəldiyi üçün aeroportdanca İsveçə qaytarmışdılar.
Bu hadisəyə görə ölkə mediasında müəyyən söz-söhbətlər də oldu. Bir çoxları bildirirdi ki, Azərbaycana fərqli, rəğbətlə yanaşan az-az ermənilərdən birinə qarşı bu sayaq hərəkət yolverilməz idi.
Ancaq onu da nəzərə almaq gərəkdir ki, bir şəxsi ölkəyə vizasız buraxmaq (hələ bu şəxs tanınmış ermənidirsə) bir sərhəd-gömrük xidməti işçisinin, hətta onun rəisinin səlahiyyətində olan məsələ deyil.
Budur, Avetyanla bağlı məsələ artıq araşdırılıb, aydınlaşıb və rəsmi şəkildə qərar verilib ki, bu adamın ölkəmizə gəlməsi milli maraqlarımıza zidd deyil, əksinə, faydalıdır.
Hazırda Avetyanı öz ölkəsində kütləvi şəkildə söyürlər. Orada onu müdafiə edənlər də var.
Azərbaycanda isə Avetyana münasibətdə ikili rəy var. Bir qrup adam istənilən ermənini düşmən hesab edir, onlardan heç birini bu ölkədə görmək istəmir. Digər qrup isə məsələyə “hər millətin yaxşısı-pisi var” prizmasından yanaşır və separatçı ermənilərlə sülhpərvər erməniləri fərqləndirməyi doğru sayır.
Qarabağ müharibəsindən, Ermənistanın hərbi təcavüzündən zərər çəkən, qohumunu, qardaşını, oğlunu, dostlarını itirən şəxslərin bu sayaq kəskin mövqe tutması təbiidir, başa düşüləndir. Amma burda bir hissə qapılma nüansı da var.
Avetyan əlinə silah götürüb əsgərlərimizi güllələyən, müharibədə iştirak edən, qan tökən, hətta belə edənləri dəstəkləyən ermənilərdən deyil. O, həmişə aqressiyaya, düşmənçiliyə qarşı olub.
Başqa sözlə, onun milliyyətcə erməni olması onu düşmənçiliyə görə avtomatik məsuliyyət daşıyıcısı etmir.
Bir çoxları deyir ki, o yazıçının qohumları hələ də Qarabağda əsgərlərimizə güllə atırlar. Olsun ki, elədir. Hərbi səfərbərliyə alınaraq Qarabağa xidmətə göndərilmiş erməni əsgərlərin içində Avetyana qohumluğu çatanlar ola bilər. Amma bu da yazıçının boynuna məsuliyyət qoymur.
O, özü sülh və haqq tərəfdarıdır, deyir ki, ermənilər münaqişəyə yeni gözlə, ayıq başla baxmalıdırlar və on illərlə sürən düşmənçilikdən əl çəkməlidirlər. Əsas olan da budur.
Bəs “Azərbaycanpərəst mövqe” sərgiləyən Avetyanı “ermənipərəst roman” yazan Əkrəm Əylisli ilə müqayisə etmək olarmı? Olar da, olmaz da.
Əkrəm Əylisli yazdığı “Daş yuxular” romanında konfliktə sırf neytral mövqedən, əsl yazıçı prizmasından yanaşmış olsaydı, müdafiəçiləri daha çox olardı. Ancaq təəssüf ki, elə deyildi. O romanda biz ayağa verilmişdik. Ən əsası isə Ə.Əylisli təcavüzə məruz qalan, torpağı işğal olunan, vətəndaşı, soydaşı didərgin salınan tərəfin – Azərbaycanın yazıçısıdır. Aqressiyaya, hərbi-siyasi təcavüzə məruz qalan ölkənin yazıçısının öz xalqına qarşı bu cür ədalətsiz mövqeyinin birmənalı qarşılanmayacağı təbiidir.
İndi eyni şeyləri Avetyanın müsahibələri haqqında da ermənilər deyə, onun “erməniləri türklərin ayağına verdiyini” iddia edə bilərlər.
Ancaq məsələ orasındadır ki, Azərbaycan və Ermənistan arasındakı ikinci “erməni-türk davası”nı biz başlamamışıq. Avetyan bunu bilir, hələ onu da bilir ki, ermənilər uzun illər Bakıda, Gəncədə və ölkəmizin digər şəhərlərində bəy kefində yaşayıblar, onlara güldən ağır söz deyən olmayıb.
Dissident yazıçı iki Qafqaz xalqının arasında düşmənçilik toxumu səpənlərin də kim olduğunu bilir və deyir.
Belə sağlam və ayıq düşünən, haqqı, nahaqı bir-birindən ayıran ermənilər çox olsaydı, bu münaqişə bu qədər uzun sürməzdi.