Загрузка...

img1261098

BMT İnsan haqları komitəsinin son hesabatı barədə xəbəri görəndə ilk ağlıma gələn rəhmətlik qətnamələr oldu. Qurumun Təhlükəsizlik Şurasının həmin qətnamələrində (822, 853, 874 və 884 saylı) işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələbi vardı. Üstündən 23 il keçib və deyəsən, yeni sədrini seçən BMT artıq öz qətnamələrini də unudub. Təşkilatın son sənədi isə Azərbaycanda insan haqlarının durumuna həsr olunubmuş.

Təbii ki, Azərbaycanda narahatlıq doğuran hər bir problemin aradan qaldırılmasını BMT-dən də çox biz, burda yaşayan vətəndaşlar istəyirik. Ancaq referendumdan sonra Azərbaycandakı durumdan “narahat” olan bu təşkilat bu ölkənin bir hissəsini zəbt edənlər haqqında müzakirə açmağa belə lüzum görmür. Heç şübhə yoxdur ki, BMT İnsan haqları komitəsinin sənədinə rəsmi Bakıdan veriləcək reaksiyada BMT-nin masa üzərində də yox, artıq ayaqlar altında olan qətnamələri xatırlanacaq.

2015-ci ilin fevralında Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev qurumun Təhlükəsizlik Şurasında çıxış edərək hələ sağ ikən, Şahbaz Quliyev və Dilqəm Əsgərovu azad etmək üçün köməyə çağırmışdı. Ancaq quyuya daş atıldı. Azərbaycanda hər uçan quşa göz qoyan təşkilatlar özlərini karlığa, korluğa vurdular bu müddətdə.

Azərbaycanın durumu bəllidir. Ona torpaqlarını müharibə yolu ilə azad etmək, antiterror əməliyyatı keçirib girovlarını geri almaq imkanı verilmir, “müharibə” deyən kimi dərhal qarğa-quzğun kimi üstünə tökülürlər. Yoxsa hərbi əməliyyatları qısa müddətdə uğurla başa çatdırıb ömürlük cəza verilən Dilqəmi də azad etmək olar, 22 illik həbsə məhkum edilən Şahbazı da…

Bakının Qarabağa ən yüksək status vədinə Ermənistan mərmi ilə cavab verir, yenə də ona təpinən yoxdur. Rəsmi məlumatlara görə, Qarabağ müharibəsində ümumi əsir düşənlərin sayı 4354 nəfərdir. Bunlardan 3503-ü əsgər, yerdə qalan 841 nəfər isə sıravi vətəndaşlardır. Əsir düşənlərdən 269-u qadın, 46-sı isə uşaqdır. Bunlar dəhşətli rəqəmlərdir. Sosial şəbəkələrdə azərbaycanlı əsirlərlə bağlı videokadrlar yayılıb.

Qarabağdakı yataqlarda qul yerinə işlədilən insanlarımız haqda da xəbərlər dolaşırdı. O insanların sonrakı taleyi necə olub, sağ qalanları varmı? Oturub gözləmək olmaz.
Azərbaycan ordusu öz işini görür. Var olsun əsgər, gizir və zabitlərimiz! Elə bu soyuq günlərdə, bizlər Bakıda istilik hayında olduğumuz zaman ordumuz cəbhə boyu irimiqyaslı təlimlər keçirir, savaş hazırlığını təkrar yoxlayır. Ancaq Qarabağ məsələsi təkcə əsgərin həll edəcəyi məsələ deyil. Bütün cəbhələrdə iş aparılmalıdır – özü də davamlı şəkildə, kampaniya formasında yox.

Məsələn, erməni publisist Vahe Avetyan Xocalı qurbanlarını anmaq, ermənilər adından üzr istəmək üçün Bakıya gəlib. Onun bu addımı Ermənistanın işğalçı siyasətini yerdən-yerə vurmaq üçün göydəndüşmədir. İşğalçını öz silahı ilə vurmaq lazımdır. Daha geniş müstəvidə həqiqətlərin onun dilindən səslənməsinə nail olmalıyıq. Özü də təkcə onun yox.

Bu yaxınlarda İtaliya qəzeti yazdı ki, Bakıda 40 min erməni yaşayır. Heç Qarabağda bu qədər erməni yoxdur. Elə isə biz niyə Bakı ermənilərinin dili ilə Ermənistanın işğalçı siyasətini ifşa etmirik? Onlar niyə bu savaşda gizləniblər? Heç olmasa, Bakıdakı erməni kilsəsində bir toplantı keçirib dünyaya çağırış etsinlər, Qarabağ ermənilərinə sözlərini desinlər.

Bir anlıq təsəvvür edin ki, İrəvanda 1 nəfər Azərbaycan türkü yaşayır. Hər gün efirdə olardı. Biz niyə bu təsirli təbliğat silahından yararlanmayaq? Lap Bakı ermənilərinin “Serjik, Qarabağdan rədd ol!” tələbli aksiyasını da təşkil etmək mümkündür. Bir də ki, qoy rahat yaşayan ermənilər də vətəndaşlıq borcunu yerinə yetirsinlər. Ortaya mövqe qoysunlar, görək onlar Qarabağın işğaldan azad olunması uğrunda silah götürməyə hazırdılarmı?

Vaxt keçir. Erməni canilər o qədər həyasızlaşıb ki, Dağlıq Qarabağın adını dəyişib “Artsax” qoymaq üçün “referendum” keçirməyə qərar verib. Hətta Naxçıvanı atəşə tuturlar. Şübhə yoxdur ki, son sözü əsgərimiz deyəcək. Ancaq ordumuzun qınanmaması, dünyada suçlu sayılmamağımız üçün təbliğatı gücləndirməliyik – bütün istiqamətlərdə.