(Müəllimlər günü münasibəti ilə təbrik əvəzi)
Gürcüstan hökuməti müəllimlərin maaşını artırmaq haqda qərar verib. 2017-ci il yanvarın 1-dən orada yüksək reytinqli müəllimlər ayda 472 dollar (bizim pulla 765 manat), aparıcı müəllimlər 414 dollar (670 manat), adi müəllimlər 343 dollar (556 manat), müəllim-praktikaçılar 257 dollar (416 manat) alacaqlar.
Bizim müəllimlərin isə ən böyük maaşı 450 manatı keçmir. O da min cür stavka, dərs yükü hesablamalarından, yüz cür xahiş-minnətdən, attestasiya və imtahandan-zaddan sonra! Azərbaycanda müəllimlər orta hesabla 200-300 manat maaş alırlar – Gürcüstandakı praktikantdan da az. Gələn ilin büdcəsində isə müəllimlərin maaşını artırmaq üçün heç bir vəsait nəzərdə tutulmayıb. Bəlkə prezidentin ehtiyat fondu kimi qəribə mistik fondlara ümid eləmək olardı, ancaq onların da 2017 büdcəsində ciddi kəsiri var, hamısı azaldılıb.
İndi qəribə olan nədir? Prinsipcə, müəllimlər yapistlərin hər cür qara işlərində (referendum, repressiya, yalan təşviqatı, millətin təşkil edilmiş formada deqradasiya olunması, manqurtlaşdırma və sairə) alət olublar, ancaq onlara pul verilmir. Gürcüstan müəllimləri isə belə çirkin fəaliyyətlərə cəlb edilməsələr də daha yaxşı maaş alırlar. Bu da azadlığın gözəllikləri silsiləsindən bir haldır. Qula ağası heç bir hörmət qoymur. Azad yaşayacaqsan, azad adam kimi də əməyinə hörmət olacaq. Bizdə ancaq qladiator qullara hörmət az-maz qalır, onların silahı, yemək-içməyi hələlik kəsilməyib. Başqa kateqoriyadan qullar üçün çətindir.
Pulun kəsilməsi temasında bir sovet lətifəsi yadıma düşdü, yeridir, onu yazım. Bir gün yəhudi Rabinoviç SSRİ-dən İsrailə köçmək üçün sənəd verir. DTK bunu çağırır, sorğu-sual edirlər: “Nə üçün İsrailə köçmək istəyirsiniz? Burda sizə nə pisdir?”. Rabinoviç deyir: “Ət yox, yağ yox, balıq yox, kolbasa yox… İyirmi il qabaq yenə nəsə tapmaq olurdu, indi yaşamaq mümkün deyil”. DTK zabiti deyir: “Yaxşı fikirləş, bu cür danışığa görə iyirmi il qabaq bilirsən də sənə nə edərdilər? Təpənə gülləni çaxardılar!”. Rabinoviç: “Bax, görürsən, indi sizin heç gülləniz də yoxdur!” Güllə demişkən, indi hərbi büdcəmiz də 4 dəfə azalıb.
Bir biədəb məsəl var, deyir yaxşı rəqqasa yumurtalar mane ola bilməz. Pulun azalması isə mane olur. Yayda mədəniyyət naziri Əbülfəs müəllim Dövlət Rəqs Ansamblının bədii rəhbəri Afaq Məlikovaya şiddətli töhmət vermişdi. Deyir, əvvəlki kimi oynaya bilmirsiniz. Düz deyir. Ancaq rəqqaslar da düz eləyir oynamır. Acqarına oynamaq yaxşı şeydirsə, qoy birinci nazirlər özləri oynasın. O kinoda deyilən kimi, musiqi başqa yerdən (oxu: Gürcüstandan) gəlir, bizdən isə burda oynamaq tələb olunur.
Dövlətin öz statistikasına görə Azərbaycandan xaricə satılan məhsulun 94 faizi enerji daşıyıcılarıdır. Neft, qaz, mal təzəyi və sairə. 1,63 faiz bitki və heyvan mənşəli yağ satırıq. İxracda meyvə-tərəvəz 0,53 faizdir. Regionların “uğurlu inkişafı”, “kənd təsərrüfatının dirçəlməsi” bax, budur. Uzun illər neftə söykənən iqtisadiyyatımıza “aldım qoz, satdım qoz” modelli iqtisadiyyat deyə bilərik. Yalan dumanı çəkilib, gözlər açılıb, özü də dörd açılıb. Millət baxır, görür ortada heç zad yoxdur. 120 milyarddan artıq neft pulu, Mətanət Əlverdi demişkən, külək kimi əsib keçib, elə bil heç olmayıbdır. Ancaq insaf naminə, 120 milyarddan bizə qalan şeylər də oldu: 3 pinqvin binası, “Olimpiya stadionu” şadlıq sarayı, aeroport yolu (nə də olsa onu cağbacağ saxlamaq lazımdır, aradan çıxmaq üçün yeganə qısa yoldur), Lələtəpə və Xaləddin müəllimin Binəqədidə düzəltdiyi bir neçə təpə.
Buna da şükür. Vallah, bunları da verməyə bilərdilər, guya nə deyərdik? Sağ olsunlar. Allah bizim təhsil sisteminin ömründən kəsib siyasi sistemə versin. Bunlar yeyib doyub, manatı öldürüb, qiyməti qaldırıblar, guya başqası gəlsə nə edəcək?