Rusiya prezidenti Vladimir Putin SSRİ-nin xiffətini çəkdiyini şəxsən etiraf edib. Elə onun “SSRİ-ni dağıtmaq lazım deyildi” sözləri də bunu təsdiqləyir. Deməli, Avrasiya İqtisadi Birliyinin əslində “Yeni SSRİ” olması barədə səslənən ehtimallar heç də əsassız deyilmiş, Putin nə yolla olur-olsun imperiyanı bərpa etmək istəyir…
SSRİ-nin Rusiyaya nələr qazandırdığı ilə işimiz yoxdur, amma bu qanlı imperiyanın caynağında 70 il çapalayan Azərbaycanın başına gələnləri düşündükcə ürəyimiz parçalanır. 1920-ci ildə müsəlman şərqində qurulan ilk demokratik dövlətimizin süquta yetirilməsindən sonra minlərlə aydınımız, dövlət adamımız, vətənpərvər insanımız məhv edildi, sürgünə göndərildi, nə qədər evlər başsız qaldı. Budur SSRİ-nin bizə verdiyi.
Bizə “Böyük Vətən Müharibəsi” kimi sırınan II dünya müharibəsində də 300 mindən artıq insanımızı itirdik. Həmin o imperiyanın nümayəndələri hətta bundan sonra da Azərbaycana, onun insanına münasibətini dəyişmədilər, yalnız 50-ci illərdə, Stalin öləndən sonra “xalq düşməni” damğasını götürməyə qərar verdilər bizim millətin qaymaqlarının üzərindən.
Daha sonra nələr gördük? Hətta SSRİ-ni alman faşizmindən xilas edən Bakı neftinə, gecəli-gündüzlü çalışan insanlarımızın zəhmətinə görə də bizə sayğı göstərmədilər, başımıza açdıqları oyunlara görə utanmadılar, üzrxahlıq eləmədilər.
Əksinə, Azərbaycanı məhv etmək üçün çeşidli planlar cızdılar, qəpik-quruşun qarşılığında kimyəvi zavodların, tütün, pambıq sahələrinin zəhərində boğdular, “Keçici qırmızı bayraq”larla başımızı qatdılar. Ən sonda da başımıza 20 yanvar müsibətini gətirdi həmin o əziz-xələf SSRİ. O imperiya bizə ölkəboyu Şəhidlər Xiyabanları qazandırdı…
Rusiyalı politoloq Aleksandr Proxanov da Putinə cavabında xatırladıb ki, “SSRİ-ni Qarabağ münaqişəsi dağıtdı”. Bəli, “soyuq müharibə” illərində ABŞ dünyanın ikinci supergücünü, SSRİ-ni dağıtmaq üçün çeşidli planlar cızırdı. Lakin əgər Kreml separatçılıq meyllərini beşiyindəcə boğsaydı, o halda SSRİ-nin də ömrünü uzatmaq olardı…
Üstündən 25 il keçib. Ancaq görünür Moskva yenə də Azərbaycanın müstəqil dövlət olaraq mövcudluğu ilə barışa bilmir. Elə ona görədir ki, Qarabağın işğalda qalmasına hər cür dəstək verməkdə davam edir. Çünki Azərbaycan Qarabağı azad edərsə, bölgənin çox qüdrətli bir dövlətinə çevrilər, proseslərə aşkar diktə etmək şansı qazanar. Odur ki, hansı yolla olursa-olsun, Azərbaycanı “gömrük boyunduruğu”na keçirməyə çalışır. Rusiya XİN-in başçısı Segey Lavrov da Bakıya son səfərində ölkəsinin məqsədi barədə işarə vurmuşdu.
Aprel müharibəsində cəmi üç gün susa bilən Rusiya sonrakı dönəmlərdə aktiv fəaliyyətə keçdi, prezident, baş nazir, xarici işlər naziri və digər səviyyələrdə Bakıya səfərlər oldu, bəyanatlar verildi, daha nələr… Üstəlik də Rusiya hakimiyyətinə yaxın mənbələrdən vaxtaşırı “ilin sonunadək filan rayon azad olunacaq” tipli açıqlamalar gəldi. Nəticə?
Budur, nəticəsi göz qabağındadır və neçə gündür haqqında danışılır. Rusiya işğalçıya “ordunu rədd elə Qarabağdan” demək əvəzinə, ona “İsgəndər” raket kompleksini verdi. Belə mülahizələr səslənir ki, Kreml yaz aylarından bəri Ermənistandakı anti-Rusiya aksiyalarını yatırmaq, Sərkisyan hakimiyyətini qəzəbli kütlədən qorumaq üçün özünə məxsus “İsgəndər”ləri nümayiş etdirib. Əgər bu, belədirsə, yenə də yanlışdır!
Söhbət qonşu dövlətin ərazisini işğalda saxlayan ölkədə keçirilən hərbi paradda nümayiş olunan dəhşətli silahdan gedir. Söhbət həm də ondan gedir ki, bunu Ermənistana ermənipərəst Argentina yox, Qarabağ məsələsinin tənzimlənməsində “açar” rolunu oynayacağına az qala dünyanı inandıran Rusiya verib! Belə çıxır Kreml Qarabağdakı müharibə ocağını “İsgəndər” raketi ilə “söndürmək” istəyirmiş. “Açar” deyilən bu imiş. Belə “açar” olmaz olaydı…
Elə Amerikanın nüfuzlu “Stratfor” analitik-kəşfiyyat mərkəzi də deyib ki, “İsgəndər” raketləri aprel döyüşlərindən sonra Azərbaycanı ehtiyatla davranmağa vadar edəcək. Deməli, Rusiya Qarabağ məsələsini “dondurmağı qərara alıb, necə ki, baş nazir Medvedev bunu təklif etmişdi. Ancaq Bakı da öz tədarükünü görməkdədir və yazda ”don”u açılan Qarabağı “İsgəndər”lə də yenidən dondurmaq mümkün olmayacaq. Rusiya Qarabağdakı növbəti savaşı necə dayandıracaq, bax, bu, maraqlıdır. O zaman Kremlin “atəşi kəsin, açar məndədir” sözünə kimsə inanmayacaq…