Deyir orta məktəbin hansısa sinfində “Konstitusiya dərsi” deyə bir şey varmış, indi təhsil naziri Mikayıl müəllim onu ləğv etdirib, yerinə “Musiqi” dərsi qoyubdur.
Əhsən. Mənə çox ləzzət elədi. Dövrün ab-havasını gözəl tutubdur. Onsuz indi bizə konstitusiya, hüquq-müquq lazım deyil, referendumdan sonra heç yada düşməyəcəkdir. Elə buna görə musiqi oxumağımız yaxşıdır. Tarixi təcrübə göstərir ki, ümumiyyətlə, insan ac qalanda daha yaxşı mahnılar oxuyur. Daha şiddətli zəngulə vurur, ah-naləsi göyə bülənd olaraq sarı simlərdə simfoniya qopardır. Həri. Qoy manat bir az da ölsün, hamımız aşıq olacağıq. Hər aşiqin bir dövranı vardır – mütəfəkkir demişkən. Hansı mütəfəkkir idi, düzü yadımda qalmayıb, üz vurmayın.
Təhsildən yazmışkən, hörmətli nazirə 8-ci siniflər üçün “Qarabağ tarixi” adlı dərslik üçün də dərin minnətdarlıq edirəm, çünki bu 80 səhifəlik kitabın yalan olmasın, bəlkə yarısı indiki hakimiyyətin təbliğinə həsr olunubdur. Doğrudan da, Qarabağın ayrı tarixi yoxdur, hamısı Lissabon sammitindən ibarətdir. İntəhası, orda bir səhifə niyə xarı-bülbül gülünün şəkli gedib, anlamadım. Nazirliyin xəbəri olsun, bu çiçək Yunanıstandan Şamaxıya qədər çox yerdə bitir. Gələn çapda kitabın qalan yarısını Lələtəpəyə həsr etmək də yaxşı olardı.
Yeri gəlmişkən, deputat Siyavuş Novruzovun Rusiya dövlətindən, rus ordusundan, özü də “Ölkə müdafiəsinin möhkəmləndirməyə xidmət” adlı orden alması çox qalmaqallı məsələdir. Görəsən Səyavuş müəllim Rusiya ordusunun, müdafiəsinin möhkəmlənməsi üçün hansı xidmətləri göstərib? Əlaqədar orqanlar niyə bunu araşdırmır? Başqa dövlətin ordusunu möhkəmləndirmək bizdə qeyri-qanuni sayılmırmı? Xatırladım ki, bizdə başqa ölkədə silahlı qruplaşmaya qoşulmaq qanunla qadağandır, hətta Suriya sərhədini bir dəfə keçən neçə adamı tutub zindana salmışıq. Əgər bu ordeni ruslar Səyavuş müəllimə Azərbaycanın müdafiəsini möhkəmləndərmək adıyla versəydilər, başa düşərdik, o da mümkün deyil, çünki rusun nəyinə lazımdır bizim müdafiəmiz? Əksinə, onlar istəyər bizim halımız pis olsun. Hər halda, ərazimizi işğalda saxlayan Ermənistanda Rusiya hərbi bazaları var. Ermənistan Rusiyanın forpostudur, necə deyərlər. Səyavuş müəllim onu-bunu “ermənipərəst” deyib söyəndə heç olmazsa o medalı şalvarın cibində gizlətsin. Söyəndə aç, sakit duranda tax. Kimin nə işinə?
Yaxşı yadıma düşdü, bu yaxında, sentyabrın 16-da Qırğızıstanın paytaxtı Bişkəkdə Müstəqil Dövlətlər Birliyi adlı karikatur qurumun iclası oldu, orda məhz bizim rəhbərlik belə çıxış etdi: “MDB-nin yaradılmasının 25 illiyi ilə əlaqədar bu təşkilatın təsisçilərindən biri kimi, bizim dövlətimizin mövqeyini ifadə etmək istərdim. Biz MDB-də üzvlüyə mühüm əhəmiyyət veririk və hesab edirəm ki, 25 il ərzində bu təşkilat çox böyük yol keçib, zamanın sınağından çıxıb. Bizim təşkilatımız müəyyən tarixi hadisələr nəticəsində yaradılıb. Mənim fikrimcə, xalqlarımızın və onların rəhbərlərinin müdrikliyi sayəsində 25 ildən sonra bizim həm region, həm də dünya üçün çox böyük əhəmiyyətə malik olan bir təşkilatımız var. Ona görə ki, bizim təşkilatın coğrafiyası yetərincə genişdir. Biz xalqlarımızı, ölkələrimizi narahat edən mühüm məsələləri, həlli tələb olunan çoxsaylı məsələləri dostcasına müzakirə edirik”.
Doğrudan da MDB üzvlüyü çox əhəmiyyətlidir, üzvlər hamısı da bir-biri ilə dostdur, dostcasına müzakirələr aparırlar. Misal üçün, Ermənistan Rusiyanın köməyi ilə Azərbaycanın ərazilərini dostcasına tutub. Rusiya özü ağız atmadığı MDB üzvü qoymayıb qalsın: Moldovadan Gürcüstana, Ukraynadan Qazaxıstana qədər hamısına ilişib, bunun əlindən hətta gürcülər qaçıb getdilər, birliyi yetim qoydular. Qırğızlarla qazaxlar, özbəklərlə taciklər da vaxtaşırı tutaşırlar. Ən son absurd isə Rusiyanın Ukraynanın böyük hissəsini faktiki işğal eləməyidir. Çox dostyana işğaldır: hər tərəfdən on minlərlə adam ölüb, qaçqın düşüb, neçə kənd-şəhər xaraba qalıb.
Nə deyə bilərik, həqiqətən MDB zamanın sınağından çıxıbdır.