Bəlkə də gün gələcək, Cahangir Hacıyevi “siyasi dustaq” elan edəcək, adını beynəlxalq qurumlara göndərilən siyahılara salacaqlar, müdafiə komitəsi yaradacaq, ona azadlıq istəyəcəklər.
Əvvəllər belə şeylər olub. Həbsə düşən oliqarxların milyonlarından bəhrələnmək istəyən siyasi dələduzlar bu cür addımlar atıblar və darda olduğu, boğulduğu üçün saman çöpünə əl atan milyonçu məhkumlardan bəs qədər pul çəkiblər.
Amma bu gün əldə olan informasiyalara, mənimsəmə siyahılarına, irəli sürülmüş ittihamlara baxanda heç kim bunu etməz, edə bilməz. Ortada açıq-aşkar vətənə, millətə, dövlətə, indiki və gələcək nəsillərə xəyanət aktı var. Birinci abzasda dediyimiz yaddaşlar korşalandan sonra baş verəcək.
Bəlkə də bu fikir dövlət ittihamnaməsindən iqtibas edilmiş sitat kimi görünəcək, amma faktdır: bu, dövlətin iqtisadi əsaslarını sarsıdacaq, onu süqut etdirəcək qədər ağır cinayətdir.
Bəyənmədiyimiz sovet dövlətinin dövrü olsa, Cahangir Hacıyevi və onun komandasını labüd güllələnmədən dünyanın heç bir vəkili xilas edə bilməzdi.
Hətta bu iş Cahangir Hacıyevlə birgə mühakimə olunan yeddi nəfərlə məhdudlaşmazdı, adları milyardların dağıdılıb, pay-püşt edilməsi siyahısında keçən 60-a yaxın adam da məsuliyyətdən kənarda qalmazdı.
Bunlar o adamlardır ki, xalqın, dövlətin pulunu mənimsəyənlərə kömək ediblər, cinayətə ortaq olublar və öz paylarını alıblar.
Bunlar o adamlardır ki, küçədə bahalı maşınlarının önündə bir qədər ləngiyib yol verməsək, üstümüzə tapança çəkər, maşından endirib döyərdilər.
Axtarsan, çoxu heç adını yaza bilmir, amma millətin milyardlarının üstündə oturmuş Cahangir Hacıyevin bu və digər şəkildə yaxını olduqlarına görə əlləri milyonlarla oynayıb.
Təsəvvür edin, adamın orta təhsilli sürücüsü milyonçu imiş.
Bu adamlar nələr ediblər, nələr. Dövlətin, xalqın cibini soymaq üçün bildikləri bütün fırıldaqlara əl atıblar. Sona qədər də elə hesab ediblər ki, bu pulların yiyəsi yoxdur, bunun auditorunu aparan olmayacaq, nə məngirləsələr, qənimətdir.
C.Hacıyevin və komandasının bu fikirdə olması, cəzasız qalacaqlarına inanması boş yerdən çıxmayıb. Onların güvəndikləri adam olub və onlar “kim tutacaq bizi, tutan da bizik, buraxan da” deyə əmin-arxayın şəkildə milləti soymaqla məşğul olublar.
Budur, su sənəyi suda sınıb. Bu, işlək və dolu “sənək”lərdən yalnız biridir. Azərbaycan xalqını susuz qoyan “sənək”lər, “kanistr”lər, hətta “sistern” və “tanker”lər var. Onlar illərdir dövlətin milyardlarını mənimsəyərək, xalqın böyük bir hissəsinin kasıb yaşamasına səbəb olur, onların vətəndaş olaraq dövlətin maddi sərvətlərindən barınmalarının qarşısını alırlar.
Bu cür adamlar yalnız o vaxt ifşa olunur ki, ya hakimiyyətə xəyanət edirlər, ya da onların fəaliyyəti artıq həm hakimiyyətin, həm də dövlətin sütunlarını sarsıtmaq üzrə olur.
Yoxsa bu ölkədə xımır-xımır yeyən, siyasi ambisiyası olmayan korrupsionerlərə, xalq malını dağıdanlara dözümlü münasibət var. Başını dövlət büdcəsinə söykəyib sökənlər var, milyonçudurlar, amma milyarder olmaq istəmirlər, hakimiyyətin ən yüksək pillələrində gözləri yoxdur, ona görə də onları cəzalandırmayacaqlar. Başqa sözlə, milyon yeyənlərə bir söz deyən yoxdur, yetər ki, milyardlara tamah salmasınlar.
Hacıyevə qarşı irəli sürülmüş ittihamlardan, məhkəmədə açıqlanan faktlardan belə məlum olur ki, o, törətdiklərinə görə cəzalanmayacağını düşünürmüş və hesab edirmiş ki, hamının basıb yediyi dövlət pulunu onun da yeməsində elə bir qəbahət yoxdur.
İndi o, maliyyə naziri Samir Şərifovun adını çəkir, “o da burda oturmalıdır” deyir, işarə edir ki, onun əməllərindən nazirin xəbəri olub, üstəlik, o da onlardan biridir, mühakimə olunmalıdır.
Əslində Cahangir Hacıyevin sözlərini qəribçiliyə salmaq olmaz, dövləti iqtisadi baxımdan çökdürənlərin, xalqın, gələcək nəsillərin ruzisini oğurlayanların hamısı orda oturmalıdır.
Min ilin başında güc-bəla ilə, qurbanlar verə-verə, it-qurdla savaşa-savaşa, “bir ayı ilə bir şir”in arasında dövlət qurmuşuq ki, onu da hacıyevlər və ya qeyriləri dağıdıb qurda-quşa yem eləsinlər?