Загрузка...

img1306318

15 iyul çevriliş cəhdinə görə Ankara-Vaşinqton münasibətlərində yaranan gərginlik qalır. Əslində bu gərginlikdən qurtulmağın ən sadə, ən ziyansız yolu aydın və bəllidir: Türkiyənin ABŞ-dan tələb elədiyi məlum şəxsi Ankaraya təslim eləmək, vəssalam.

Ağ Ev isə bunu etməyə tələsmir. Bununla da Amerika 15 iyul “darbe girişimi”nin arxasında durmadığını, təqsirsiz olduğunu isbatlamaq, öz üzərindən şübhələri götürmək istəmir nədənsə.

Bu Amerika da həqiqətən, qəribə dövlətdir. Regiondakı əsas hərbi-siyasi müttəfiqindən, NATO üzrə yeganə tərəfdaşından ortada özünə qarşı bunca şübhələr ola-ola sanki heç nə olmayıbmış kimi özünü aparır, üstəlik, Türkiyəni “müttəfiq və vazkeçilməz ölkə” adlandırmaqda davam edir.

Yaxşı, Türkiyə sizdən ötrü “müttəfiq və vazkeçilməz ölkə”dirsə, o zaman müttəfiq müttəfiqin narahatlığını bölüşməkdən niyə çəkinir? Demək, torbada pişik var, eləmi?
Bütün bunların üstündən “Ərdoğan Vaşinqtonda sevilmir. Ərdoğan Avropada da sevilmir” demək nə dərəcədə ədalətli və məntiqli yanaşma? Bəli, ABŞ-ın ən qocaman diplomatlarından sayılan və 2008-2010-cu illərdə Türkiyədə səfir olmuş Ceyms Cefri “Hürriyet”ə müsahibəsində məhz belə deyib.

Sitat: “Ərdoğan Vaşinqtonda və Avropada sevilmir. Avtoritar görünür və yaxşı bir oyunçu olmadığı düşüncəsi ona hakimdir. Qərb daha əvvəllər Ərdoğandan da avtoritar olan bir çox liderlərlə əməkdaşlıq etdi, etməkdə davam edir”.

Diplomatın Türkiyənin hazırkı başçısının niyə sevilmədiyinə verdiyi izah isə daha maraqlıdır. Deyib: “Amma fərq burasındadır – səudiyyəlilər, misirlilər hər fürsətdə bizə yaltaqlanır. ”F-16″ları, müttəfiqlik münasibətlərini düşünərək bizimlə eyni dəyərləri bölüşdüyünü göstərirlər. Ərdoğan isə bizimlə toqquşur, səhvlərimizi üzümüzə vurur, dostumuz olmağa çalışmır. Ondan daha avtoritar liderlər isə dostumuz kimi görünərək zərər görmürlər. Çox yaxın vaxta qədər Putin də belə davranırdı. Ərdoğan Vaşinqtonda buna görə sevilmir. Bilirəm, heç ədalətli vəziyyət deyil”.

Anlaşıldımı? Demək, Amerikanın, amerikalıların kimisə, hansısa lideri sevməsi üçün həmin lider, şəxs kifayət qədər müti olmalı, yaltaqlanmalı, ABŞ-ın yazılmamış “oyun qaydaları”na əməl eləməli, onun nöqsanlarını üzünə deməməlidir.

Əcəb sevgi formuludur, deyilmi!!

Amma Türkiyə kimi qos-qoca dövlət, regional supergüc və onun lideri buna gedərmi? Türkiyə sıradan, “izqoy” dövlətmi ya? Əstəğfirüllah. Əlbəttə ki, yox! Hakimiyyətdə Ərdoğan olmasaydı da – yox!!

Əslinə qalsa, diplomat bununla 15 iyul çevriliş cəhdi ilə bağlı gizli kartları açıb, “darbe”nin arxasında hansı qüvvənin və ya ölkənin durduğunu bir daha barmaqla göstərmiş olub. Bu – o dövlətdir ki, Türkiyənin başında Ərdoğan kimi “dikbaş”, “səhvi üzə deyən” yox, yaltaq, müti birisinin olmasını istəyir. Yəni Türkiyənin də Misir, İraq kimi sıradan dövlətə çevrilməsinin arzusu ilə yaşayır.

Sözsüz, ABŞ qlobal supergücdür, fövqəldövlətdir, necə deyərlər, əlinin üstündə əl yoxdur, demokratik dövlətdir – daxildə öz toplumu üçün ideal və ədalətli bir idarəçilik sistemi qurub. Fəqət, bu ədalət prinsipi əfsus ki, rəsmi Vaşinqtonun xarici siyasətində bir elə əks olunmur – o cümlədən Türkiyə və Azərbaycana, Qarabağ məsələsinə münasibətdə bunu görə bilmirik.
Hələ başqa şeyləri demirik, bu da klassik fakt: ABŞ Krımın işğalına görə 3 ildir ki, Rusiyaya sanksiyalar tətbiq edir, onu işğalçı adlandırır, Krımı iqtisadi-maliyyə blokadasına alıb, amma Dağlıq Qarabağdakı separatçı rejimə hər il maliyyə yardımı ayırır, erməni separatçılarının Vaşinqtona səfər eləməsinə, Konqresdə görüşlər keçirməsinə göz yumur.
Hanı ədalət indi? Və ədalətli olmayanı sevmək, səhvlərini deməmək mümkünmü?