Doğrudan da qiyam qalib gələndə inqilab, uduzanda isə elə qiyam adlanır. Birinci halda qələbənin şərikləri çox olursa, ikinci hal – məğlubiyyət yetim kimidir, ona sahib çıxan tapılmır. Bu da məntiqlidir, çünki qələbə müəyyən üstünlüklər, əlavə imtiyazlar vəd edirsə, məğlubların nəsibi yalnız ictimai qınaq və hətta həbsxana aqibətidir.
Türkiyədəki hərbi çevriliş cəhdi də istisna olmadı və üstəlik, qardaş ölkənin dost-düşmənlərinin sırasına güclü işıq saldı. Bəlli oldu ki, əslində 15 iyul silahlı qiyamının qalib gəlməsi arzusunda olan qüvvələr ölkə xaricində, dost sayılan çevrələrdə də az olmayıb. Sən demə, bir çoxları qiyamçı generalların qələbəsini səbirsizliklə gözləyirmiş.
Ona görə yox ki, sadəcə, islamçı hökumətin süqutunu istəyirmişlər, ona görə ki, Türkiyənin zəifləməsinin, taqətdən düşməsinin, onun Suriya, İraq, Misir kimi daxilən parçalanmış, vətəndaş qarşıdurması halına gəlmiş bir məmləkətə çevrilməsinin marağında imişlər.
Hərbi qiyama gizli rəğbət bəsləyən dövlətlərin arealı, çevrəsi diqqətli oxuculara bəllidir. Onların arasında seçki yolunu guya prioritet elan edən demokratik ölkələr də var, qeyri-demokratik dövlətlər də…
Amma qiyam xalqın birbaşa müdaxiləsi ilə yatırıldı və bu qüvvələr “valı” dəyişməli, xala xətrinə Türkiyəyə dəstək bəyanatları ilə çıxış etməli oldular. Əfsus ki, ABŞ və Avropa Birliyindən də ikibaşlı bəyanatlar eşitdik. Dövlət katibi Con Kerri bir az da hədələyici tonda bəyan etdi ki, əgər qiyamçılara münasibətdə ədalətli rəftar edilməsə, Türkiyədə demokratik prinsiplər gözlənilməsə, o, NATO-dan çıxarıla bilər. Qəribədir ki, Kerri bununla bir növ NATO baş katibinin adından, NATO adından danışmış oldu – ona səlahiyyəti çatmaya-çatmaya.
Hərçənd Türkiyə ABŞ-ın regionda yeganə və heç bir ölkə ilə əvəzlənməsi mümkün olmayan strateji müttəfiqidir. Yəni Türkiyənin NATO-dan ayrılmasının altını ən çox elə Amerika və NATO çəkər, nəinki Türkiyə. Zira, Alyansın cənub cinahı kimi Türkiyə ona daha çox lazımdır, nəinki Alyans Türkiyəyə. Udan isə əlbəttə ki, Rusiya olardı o halda. Hər necə olmasa, NATO-da ikinci böyük orduya sahib olan Türkiyəsiz Alyans heç vaxt əvvəlki nüfuzda və təsirdə qala bilməz.
Yeri gəlmişkən, baş katib Yens Stoltenberq bildirib ki, NATO-ya üzv ölkədə hərbi çevriliş baş verməməlidir. Çox yaxşı. Təkcə NATO-ya üzv ölkədə deyil, ümumiyyətlə, normal, demokratik ölkədə belə təlatüm yaşanmamalıdır. Amma Türkiyədə son olaraq 1997-ci ildə, ondan öncə də bir neçə hərbi çevriliş olmuş, edamlar həyata keçirilmişdi və onda da ölkə NATO-nun üzvü idi. Fəqət, həmin hərbi çevrilişlərə NATO rəhbərliyi normal baxmış, çevrilişi pisləməmişdi. Başa düşürük, siyasət mürəkkəb şeydir, ancaq siyasətdə “qırmızı xətlər” deyilən anlayış da var axı.
Odur ki, 15 iyul insidentindən Türkiyə hökuməti də bəzi ibrət dərsləri götürməlidir. Birincisi, qiyam ordunun, dövlətin imicinə, milli vəhdətə zərbə vurduğundan, AKP iqtidarı ilk növbədə bu zərbənin nəticələrini aradan qaldırmağı, ölkədə siyasi-ictimai sabitliyi qısa zamanda bərpa eləməyi hədəf seçməlidir.
İnanırıq ki, belə də olacaq və Türkiyə vəziyyətdən daha güclü şəkildə çıxa biləcək. Çünki xalqın etimadı, dəstəyi hökumətin arxasındadır. Bu, həm də ona görə vacibdır ki, ölkə iqtisadiyyatı mümkün təlatümlərdən yan keçib stabil axara düşsün, ölkənin iqtisadi-biznes göstəriciləri böhrana girməsin.
İkincisi, xarici və daxili düşmənlərin əlinə kozır verməmək üçün AKP iqtidara həqiqətən ən layiqli və legitim qüvvə olduğunu əməldə dünyaya sübut eləməlidir. Bundan ötrü təməl insan haqları və azadlıqlarına, o sırada söz-ifadə azadlıqlarına sayğı yerində qalmalı, kütləvi həbs və repressiyalardan çəkinməli, qiyamdan sonra siyasi opponentlərə qarşı daxildə “əcinnə ovu”na çıxılmamalıdır.
Üçüncüsü, milli və dövlət maraqları naminə Türkiyə cəmiyyətinin birləşməsinə nail olunmalıdır. Dördüncüsü və ən önəmlisi, ölkədə ədalətli və şəffaf seçki sisteminin, hakimiyyətlərin seçki yolu ilə dəyişməsi kimi demokratik mexanizmdən, demokratik dəyər və ənənədən uzaqlaşılmamalıdır.
Bütün bunları Ərdoğan hökumətindən həm də yeni çevriliş ehtimalını sıfırlamaq imperativi tələb edir. Nəhayət, Türkiyə rəsmiləri gərək unutmasınlar ki, 15 iyul hadisələrinin əsas qalibi xalqdır. Hakimiyyətin qiyamdan sonra atdığı və atacağı bütün addımlar da müstəsna olaraq xalq naminə olmalıdır. Əks halda, 15 iyul faciəsi təkrarlana bilər.