Təkcə idmanda, futbolda olsaydı, nə vardı ki… Biz hər işdə beləyik. Soyuqqanlı olmağı, pafosu bir kənara qoymağı, təmkinli davranmağı, ölçüb-biçib qərar verməyi, taktika seçməyi bacarmırıq. Eyforiyaya tez qapılırıq, depressiyaya tez dalırıq. Vaxtından əvvəl ruhdan düşürük, vaxtından tez qızışırıq və sair və ilaxır.
Əsrlərdir belədir. Regionumuzun suyundandır, havasındandır, ya nədəndir, bu cürdür. Hamı da bir tərəfə, iki qardaş ölkədə – Türkiyədə və Azərbaycanda yaşayan millətlər, aparıcı etnoslar olan türklər və onlarla iç-içə yaşayan digər xalqlar, hamısı bir xasiyyətdədir.
Əslində, kim nə deyir, desin, elə idman növləri var ki, onlarda uğurlu olmağın başlıca səbəbləri sırasında xalqların milli xüsusiyyətləri, mentaliteti, fikri-düşüncəsi, tarixi ənənə və təcrübələri, hətta fiziki göstəriciləri ilə birbaşa və önəmli rol oynayır.
Belə olmasaydı, 330 min əhalisi olan bir ölkə (İslandiya) 150 milyonluq ölkədən (Rusiya) üstün olmazdı. Demək ki, islandlar daha atletik, daha dözümlü, daha bacarıqlı və hazırlıqlıdırlar.
Çini, Hindistanı götürək, ikisinin bir yerdə əhalisinin sayı 3 milyarda yaxındır, amma hərəsi 11 nəfər tapıb meydana çıxara, uğur qazana bilmir. Onların futbol təsərrüfatındakı hazırkı səviyyəsi Avropanın bir ortabab qəsəbəsində fəaliyyət göstərən futbol komandasının səviyyəsinə tən gəlir.
Hərçənd Çin son illər keçirilən olimpiadalarda ən çox qızıl və gümüş medal qazanan ölkədir, dünya miqyaslı idman ölkəsi sayılır. Yəni idmanın demək olar ki, bütün sahələri bu ölkədə yaxşı inkişaf edib, ən üst səviyyəyə çatıb, amma Çin futbolda autsayderdir və bunun xəcalətini çəkə-çəkə sürətlə futbol təsərrüfatını inkişaf etdirmək istəyir, dünyanın dörd bir yanından ən yaxşı oyunçuları transfer edərək vəziyyəti düzəltməyə çalışır.
Hindistan da onun kimi. Şahmatdan taekvondoya qədər bir çox idman sahələrində uğurlar qazanan hindistanlılar futbolu təxminən kos-kos səviyyəsində oynayırlar.
Əhaliləri etnik mənşə etibarilə bir-birinə yaxın olan Braziliya və Portuqaliya isə dünyada futbolu ən yaxşı oynayan ölkələrin sırasında yer alır. İspanlar da eləcə. İspandilli ölkələrin bir çoxunda futbol ciddi inkişaf edib.
Çox vaxt “futbol Böyük Britaniyada icad olunub” deyirlər. “Avro-2016″ sübut etdi ki, gerçəkdən də elədir. Budur, çempionatda mərhələ adlayan 16 ölkədən dördü (İngiltərə, Uels, Şimali İrlandiya və İrlandiya) Böyük Britaniyaya daxil olan ölkələrdir. Çempionatdan öncə onlardan üçü turnirin autsayderi sayılırdı, amma göstərdikləri oyunla sübut etdilər ki, Avropada (eləcə də dünyada) ən yaxşı futbol oynayanlardandırlar.
İndi gələk özümüzə, Türkiyə və Azərbaycana. Öncə onu deyək ki, bundan belə bu iki dövləti bir-birindən ayırmaq mümkün deyil. Arada nə qədər çəkişmə-dartışma, umu-küsü olacaqsa da, bu, təxminən “Ağdam-Şuşa davası” kimi bir şey olacaq. Türkiyənin uğuru uğurumuz, dərdi dərdimizdir. Bizim uğur və uğursuzluqlarımıza münasibətdə Türkiyə cəmiyyəti də elə düşünür. Kimsə buna nə dodaq büzsün, nə etiraz etməyə qalxsın. Belədir. Ortalıqdakı bəzi söz-söhbətlər isə boş şeydir.
Gördüyünüz kimi, Türkiyə və Azərbaycanın futbol oynamağı da aşağı-yuxarı eynidir. Hələlik biz müəyyən obyektiv və subyektiv səbəblərdən böyük çempionatların final mərhələsinə vəsiqə qazana bilmirik. Vəsiqə qazanmış Türkiyənin də oynadığı oyunu, düşdüyü vəziyyəti gördük. Zatən, bu milli komanda “Avro-2016″-ya vəsiqəni son oyunda, başqa milli komandaların uğursuzluğuna ümid edə-edə qazanmışdı. Həmin ümidin eynisi srağagün də yaranmışdı, ancaq öz taleyini başqalarının heç-heçə edəcəyi variantına bağlayan milli komandanın bəxti bu dəfə gətirmədi.
Kollektiv oyunlarda bacarıqsızlıq türkiyəli idmançıların da problemidir, Azərbaycan idmançılarının da. Bir qələbədən sonra ərş-gürşlə əlləşmək onların da mərəzidir, bizim də. Böyük hədəfləri bir kənara qoyub, xırda hədəflərə kilidlənmək, minimal məqsədlər uğrunda mübarizə aparmaq bizə də xasdır, onlara da.
Bunlar isə anormaldır. Öndə olanların təcrübəsini öyrənmək, uğur hekayələrini bilmək, hər işdə strategiyanı və taktikanı dürüst müəyyən etmək lazımdır.
Fakt qarşısında qalandan sonra “İtaliya İrlandiyaya niyə uduzdu”, “Almaniya qondarma ”genosid”i niyə tanıdı”, “Rusiya Ermənistana niyə qahmar çıxdı”, “Fransa nədən bizə qarşıdır” deyə gileylənməyin heç nəyə faydası yoxdur. Sən güclü, dürüst, qətiyyətli ol, qoy kim nə olursa-olsun, necə istəyir, elə etsin.