Əlixan Musayev: “O şəxs həqiqi sələfi sayılmır”; İlham İsmayıl: “Bu işi sələfi liderlərinin təşkil etdiyini demək…”
Türkiyədə növbəti dəfə anti-İŞİD əməliyyatı keçirilib. Terror qruplaşmasına qoşulmaq istəyən şəxslər saxlanılıb və çoxlu sayda silah-sursat ələ keçirilib. Əməliyyat Türkiyənin Qaziantəp şəhərində olub. Polis həmçinin Suriyaya keçmək istəyən 10 nəfəri həbs edib ki, onlar arasında azərbaycanlılar da var. Aprelin 1-də türk polisinin həyata keçirdiyi əməliyyatda 5 İŞİD terrorçusu saxlanılmışdı ki, onlardan biri də Azərbaycan əsilli Rusiya vətəndaşı idi.
Ümumiyyətlə, son illərdə azərbaycanlıların İŞİD, PKK kimi terror qruplarına qoşulmaları halları artıb. Zaman-zaman ictimaiyyət arasında bununla bağlı narahatlıq doğuran fikirlər səsləndirilib.
Cərəyan edən hadisələrin fonunda daim terror qruplaşmalarına meyl edən şəxsləri Azərbaycanda təşkil edən qüvvələrin olması barədə cəmiyyətdə təzadlı fikirlər olub. İŞİD-ə qoşulanların sırasında vəhhabi təriqətinə məxsus şəxslərin çoxluğu barədə iddialar var. Hətta belə şəxslərin ölkədən çıxışlarını təşkil etməklə bağlı sələfilərin liderləri Hacı Qamət və Əlixan Musayevin adı hallanır. Son həbslərdən sonra da onların isimləri yenidən gündəm olub. Doğrudur, hər iki şəxs zaman-zaman İŞİD-i, eləcə də terror qruplaşmasına qoşulanları pisləyən fikirlər səsləndiriblər. Amma azərbaycanlı terrorçular içərisində sələfilərin çoxluq təşkil etmələri ilə bağlı iddialar onlara qarşı ittihamların artmasına səbəb olub.
Hacı Qamətdən barəsindəki iddialara cavab almağa çalışsaq da, bu mümkün olmadı. Lakin Əlixan Musayevlə danışmaq imkanımız oldu.
Sələfilərin lideri səslənən iddiaları özlərinə qarşı böhtan adlandırdı: “Sizin qəzetə və başqa saytlara verdiyim açıqlamalarda demişəm ki, ilk günlərdən İŞİD barədə qəti mövqeyim olub. Bunun səs yazısı 35 mindən çox dindar tərəfindən dinlənilib. Qətiyyətlə İŞİD terrorunu pisləmişəm. Orada xüsusilə vurğulamışam ki, yer üzündə İŞİD-i dəstəkləyən alim yoxdur. Ona görə də biz bunun qətiyyətlə əleyhinəyik. Onlara qoşulan azərbaycanlılardan bizim heç bir xəbərimiz yoxdur. Onları, ümumiyyətlə, tanımırıq. Bu cür halların getdikcə artmasına səbəb savadsızlıqdır. Əgər insanlar öz dinlərini yaxşı bilsələr, bu oyunlara düşməzlər. İŞİD bir oyundur. Bunu bilməyən yoxdur. Azərbaycandan İŞİD-ə qoşulanların kimlər tərəfindən təşkil olunması barədə fikir bildirmək çətindir. Çünki bu barədə tam bilgim yoxdur. Bildiyimiz yalnız odur ki, gedənlər özbaşına gedirlər, yəni kimlərləsə məsləhətləşmirlər. Hətta bəzən gedənlərin valideynləri, yaxınları yanımıza gəlirlər. Cavabımız o olur ki, biz bu barədə nəsə edə bilmərik. Əgər bu şəxslər bizimlə məsləhətləşsəydilər, onlara Allahın və Peyğəmbərin tapşırıqlarını başa salardıq. Əsl cihad öncəliklə Xəlifənin, sonra ata-ananın halallığı, ən əsas da güc-qüvvət nəticəsində olur. Cihadın o qədər şərtləri var ki… Kor-koranə hansısa terror qüvvələrinə qoşulub, özünü təhlükəyə atmağın heç bir adı yoxdur. İŞİD apardığı müharibəni müqəddəs hesab edir. Elə düşünürlər ki, döyüşdə vuruşub şəhid olacaqlarsa, cənnətlikdirlər. Amma bilirik ki, cihadın olması üçün böyük alimlərin fətvası olmalıdır. Yer üzündə də elə alim yoxdur ki, İŞİD-in cihad olduğunu desin”.
Sələfilərin lideri təmsilçisi olduğu təriqət üzvlərinin İŞİD-ə daha çox qoşulmalarına da münasibət bildirdi:“Əgər istənilən şəxs həqiqətən sələfidirsə, heç vaxt mənim kimi İŞİD-ə qoşulmaz. Tarixi oxusanız, görərsiniz ki, heç bir sələfi tarix boyu dövlətə qarşı çıxmayıb, belə terror qruplaşmalarına qoşulmayıb. Belə bir fakt yoxdur. Həqiqi sələfi yerində oturub, səbirlə proseslərin hara qədər gedəcəyini gözləyib. Ola bilər ki, İŞİD-ə qoşulan şəxs özünü sələfi adlandırsın, amma o şəxs həqiqi sələfi sayılmır. O, artıq radikal, yolundan çıxmış müsəlman sayılır”.
Sabiq MTN zabiti İlham İsmayıl dünyanın hər yerindən İŞİD-ə qoşulanların olduğunu söylədi: “Bunun ideoloji və maliyyə tərəfləri var. Bəzən insanlar bir parça çörək tapmaq üçün istənilən yola gedirlər. Son iki ilə diqqət yetirsək, Azərbaycandan getdikcə İŞİD-ə qoşulanların sayı azalır. Əvvəllər burada mərkəzləşmiş şəkildə insanları göndərirdilər. Amma indi aparılan təbliğat öz işini görür. Burada sərhəd boşluğunu önə çəkmək olmaz. Çünki istənilən şəxs hazırda asanlıqla Türkiyəyə gedə bilər. İŞİD-ə isə daha çox Türkiyədən keçib qoşulurlar. Belə şəxslərə başa salmaq lazımdır ki, bu terror qruplaşmasına qoşulmaq cinayətdir. Amma bununla tamamən terror qruplaşmasına qoşulanların kökünün kəsiləcəyini düşünsək, yanılarıq. Daim belə vətəndaşlar olacaq. Maarifləndirmə işinin zəif aparıldığını danmaq olmaz. Həmin şəxsləri buradan təşkil edən qüvvələr olmasa, onlar çətin gedərlər. Bunlara maliyyə ayıran dövlətlər və qüvvələrin olmasının da bu işdə böyük rolu var. Konkret bu işi sələfi liderlərinin təşkil etdiyini demək düzgün olmaz. Əgər belə olsaydı, indi hüquq-mühafizə orqanlarımız həmin şəxsləri həbs etmişdilər. Onu da unutmaq olmaz ki, bu iş kifayət qədər məxfi aparılır. Uzun müddət elə şirnikləşdirici təkliflər olunur ki, sonda insanlar İŞİD-ə meyl edirlər. Maliyyə və ideoloji cəhətdən bu belədir”.
Musavat.com