İşğalçi ordunun “ali baş komandanı” Serj Sərkisyan əməllicə depressiyada, bir o qədər də panikadadır. İşğal dalğasında hakimiyyətə gələn “Qarabağ klanı”nın bu odioz üzvünün, azərbaycanlılara patoloji nifrət bəsləyən, Xocalı soyqırımını törətməsi ilə fəxr edən bu zatın ayağı altında torpaq deyəsən qaçıb.
Onun bu qəliz duruma əlbəttə ki, Azərbaycan ordusu salıb – yüngülcə hərbi zərbə ilə. Bununla da Sərkisyan-Köçəryan cütlüyünün 22 ildir erməni xalqına danışdığı “mütləq və qəti qələbə”, “məğlubedilməz erməni ordusu” nağılları bir gündə puç olub.
O üzdən Sərkisyan hər an devrilə biləcəyinin qorxusu ilə yaşayır. Bunu önləməkdən ötrü müxtəlif ümidsiz cəhdlərə baş vurur. Gah Rusiyanın marioneti olmadığını göstərmək və narazı topluma xoş gəlmək üçün Rusiya maraqları əleyhinə hansısa açıqlama verir, gah cəbhədə təxribatlara əl atıb heç olmasa, bir təpəni almaq xülyası ilə yaşayır – ki, orduda və cəmiyyətdə ruh düşkünlüyü bir azca aradan qalxsın – gah da generalları işdən qovmaqla guya hərbi sistemdə təmizləmə aparır, ermənilərin gözünə kül üfürür.
Ancaq unudur ki, ən güclü məşqçi-mütəxəssis belə, hazırlığı, resursu olmayan, göstəriciləri aşağı olan komanda üzvlərindən güclü komanda düzəldə bilməz. Ermənistan hansı parlaq iqtisadi-maliyyə potensiala malikdir ki, qələbə ordusu da yarada bilsin. Necə deyərlər, nəylə Alış? Zəif materialdan keyfiyyətli məhsul çıxmaz. Guya təzə generallar köhnə rejimdə möcüzə yaradacaq?
Əlbəttə ki, xülyadır. Bu kimi addımlar yalnız narazı elektorata hesablanmış ucuz təbliğatı gedişlərdir. Başqa yandan, Ermənistan ordusuna “Qarabağ klanı”nın başqa bir odioz üzvü, Xocalı soyqırımının digər təşkilatçısı Seyran Ohanyan rəhbərlik edir. Qəribəsi də odur ki, Sərkisyan Ohanyanın generallarını işdən qovur, amma onun özünə dəymir.
Əslində təəccüblü bir şey yox. Sərkisyan əlbəttə ki, ordunun hakimiyyət məsələsində rolu və təsirini gözəl bilir. Ohanyan isə başqası deyil ki, özününküdür. 2008-ci ildəki prezident seçikələrindən bir neçə gün sonra – martın 1-də Sərkisyanın “qələbəsini” təmin eləmək, etirazları susdurmaq üçün 8 nümayişçinin İrəvanda qətlə yetirən həm də ordu qüvvələri olmuşdu.
Yeri gəlmişkən, o vaxt seçkilərin nəticələrinin ləğvini tələb etdikləri üçün öldürülənlər eks-prezident, seçkilərdə əsas alternativ olmuş Levon Ter-Petrosyanın tərəfdarları idi. Amma Azərbaycan ordusunun qulaqburmasından sonra Sərkisyan qatı müxalifətçi rəqibi saydığı Ter-Petrosyanın ayağına getmək zorunda qaldı, çünki gerçəkdən də, artıq torpaq ayağının altından qaçıb. Deyilənlərə görə, məsləhətləşmələr vaxtaşırı davam edir…
Doğrudan da kiminin əvvəli, kiminin axırı. Sərkisyan və “Qarabağ klanını” sonu isə acınacaqlı olacaq. Buna əminik. Çünki İlahi cəza deyilən bir şey də var.
Mən zərrəcə şübhə eləmirəm ki, ordumuzun daha bir uğurlu həmləsindən sonra Sərkisyan və dostlarının kitabı birdəfəlik bağlanacaq. “Qarabağ klanı” Azərbaycanın hesabına hakimiyyəti qamarlayıb, yəqin ki, Azərbaycanın gücü ilə də yola salınacaq İnşallah. Sonrası isə…
Sonrası artıq Haaqa Tribunalıdır.