Rus saytlarından birində onların deputatxanası olan Dumanın üzvləri üçün satirik məsləhətlər verilmişdi, biri belə idi: “Əgər məşhurlaşmaq istəyirsinizsə, nəsə idiot qanun layihəsi təklif edin. Örnək üçün, çap mətbuatında ironiyanın qadağan edilməsi, dövlət himninin ksilofonda çalınmasına qadağa qoyulması, ya da Rusiya futbol yığmasının məşqçisi Fabio Kapelloya ödənilmiş pulların dövlət büdcəsinə qaytarılması haqda qanunlar ola bilər. Tam əmin olun, bu təkliflər sizin ideyanın azı 2-3 gün internetdə müzakirəsinə səbəb olacaqdır”.
Mənə elə gəlir bizim deputatxana üzvü Hadı Rəcəbli məhz o prinsip üzrə hərəkət edir. Vaxtaşırı nəsə əcaib bir söhbət atır, millət bundan danışır, dərdimiz-sərimiz yadımızdan çıxır. Bir ara demişdi müəllimlər getsin bənnalıq eləsin, əlavə pul qazansın. Sonra dedi camaata ünvanlı sosial yardım əvəzinə qoyun verək. Bir gün yatdı-durdu, qərara gəldi ki, camaat soğan əksə yaxşı yaşayar… Yox, bunu, deyəsən, ayrı deputat – Aqil müəllim demişdi, ancaq nə dəxli? Hamısı bir kreslonun qırağıdır. Hamısı bir düymədən su içmişdir. Yaxşı deputatın səsi ayrı cür çıxmaz, xorla olmalıdır.
Srağagün Hadı müəllim basdı düyməni, aldı görək yenə nə dedi. Sitat: “Çox təəssüf ki, hələ də evə gələn gəlinlərin qab yuya, yumurta bişirə bilmədiyini görürük. Bəzi oğlanlar da var ki, əlini əlinin üstünə qoyub oturub, ailənin sahibliyi qadındadır, ailəni xanım idarə edir. Biz Milli Məclisin əlaqədar komitələri kimi bu problemlərin aradan qaldırılması istiqamətində işlər görməliyik”. Sitatın sonu.
Hazırda millət bu söhbəti müzakirə edir, düşünürük görəsən Hadı müəllim neyləmək fikrindədir. Şanlı deputatxanamız doğrudanmı “Gəlinlərin qab yuması haqda Azərbaycan Respublikasının qanunu” adlı hüquqi sənəd qayıra bilər? Yaxud yumurta bişirməyi bacarmayan qızların ərə getməsinin qadağan edilməsi mümkündür? Təsəvvür elə, VVAQ şöbələrində gəlinlər toydan bir gün qabaq imtahan komissiyasının qabağında qab yuyur, yumurta bişirir, bəy də bayırda həyəcanla gözləyir. Daha doğrusu, bəy də başqa otaqda imtahan verir, əlini əlinin yox, ayağının üstünə aşırtmaq pozası alır. Əks halda, Hadı müəllim “bu problemlərin aradan qaldırılması üçün iş görməliyik” deyərkən nəyi nəzərdə tutur? Bu qədər bekarçılıqdansa özü də bənnalıq eləsə, Lənkərana gedib kələm əksə, daha faydalı olmazdımı?
Ancaq mən Hadı müəllimi və o cümlədən başqa “Bıdı müəllimlər ənd KO” deputatxana yapistləri şirkətini qınamaq fikrindən uzağam. Ölkəmizdə hər yer belədir. Hara baxsan millətə qab yumağın önəmi, soğanın faydaları, qoyunun qığları haqda məsləhətlər verən bir sürü adam görmək mümkündür. Bu adamlar hətta bekarçılığın Milli Elmlər Akademiyasını yaradıblar. Səhər tezdən şəhərin müxtəlif istiqamətlərindən yüzlərlə avara şirinçay içib durub gedir müxtəlif elmi institutlarımıza, axşama qədər nərd atır, corab toxuyur, peysərini qaşıyır, qarnını sığallayır və gün batandan sonra metronun “Elmlər Akademiyası” stansiyasında bir-birinin belini tapdaya-tapdaya dağılışırlar. Bəlkə 80 ildir o akademiya fəaliyyətdədir, indiyə qədər ən böyük elmi kəşfləri mələyin uçma sürətini tapmaq, yarpaq dolmasına qatığı hansı miqdarda sürtmək və dastanlarımızda əğyar surətinin yarla münasibətlərində intim detalların mentalitetimizə uyğunluğu kimi mövzularda olmuşdur.
Elə son bir ayda AMEA Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunda gedən elmi davanın predmetinə baxsanız haqlı olduğumu görərsiniz. Müzakirə onun üstündə gedir ki, institutun əməkdaşlarından birinin şəxsiyyət vəsiqəsi saxtadır, yoxsa gerçəkdir. Saxtakarlıqda ittiham edilən yoldaş şəxsiyyət vəsiqəsinin surətini redaksiyaya təqdim edib, deyir mənə qarşı iddia qaldıranın öz şəxsiyyət vəsiqəsi saxtadır. Yəni belə çıxır ki, orda hamının sənədləri qarşılıqlı saxtadır. İnşallah, bu alimlər sənədlərini təsdiqləyib şəxsiyyət olandan sonra elmi işlərə də girişəcəklər.
Az qala yadımdan çıxmışdı, bir iddia da var ki, orda işçinin boyu sənəddə göstərilən kimi 170 santimetr deyildir. Bütün bu zırıltını isə bədbəxt, yetim azərbaycanlı dövlət büdcəsindən maliyyələşdirir.