Zamin Hacının mətbuat xidmətinin bəyanatı… Qorxmayın, hələlik belə bir təşkilat dövlət tərəfindən qeydə alınmamışdır, bu cızmaqaranı da özüm yazıram. Sadəcə, dünən dostlar xəbər verdilər, mən də internetdə baxıb gördüm ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar müəllim haqqımda dəhşətli, ölümsaçan, alovlu bir cızmaqara edərək bunu “AYB mətbuat xidməti” imzasıyla dərc etdirmişdir. Pərdələməyə çalışsa da, o hədyanların hər cümləsindən, hər sözündən, hətta hər bir hərfinin arxasından Anar müəllimin qəlyanının tüstüsü ucalır. İnanmayan tutuşdura bilər: Anar müəllimin “Molla Nəsrəddin-66″ əsərindən üzü bəri bütün “satirik” yazıları bu üslubdadır. Bir ara Seymur Baycana guya lağ eləmək üçün “Sirkə Badımcan” yazan bir xalq yazıçısından ayrı nə gözləmək olar?
AYB Mikayil Müşfiqdən Hüseyn Cavidə, Əli Kərimdən Rafiq Tağıya qədər onlarla istedadlı azərbaycanlıya qənim kəsilmiş, çoxlarını birbaşa ölümə göndərmiş iyrənc qurumdur, onun tənqidinə məruz qalmaq, bir növ, özümü o cür korifeylərin sırasında ani də olsa hiss etmək əslində qürurvericidir. AYB-dən tərif alsam, düşünərəm görəsən nə qələt eləmişəm. İkincisi, Anar müəllimin qəzəbini də anlayıram, çünki AYB əvvəlki gücündə olsa, mənim haqqımda birbaşa fətva verərdi, aparıb başıma daş salıb öldürərdilər. İndi isə o, yaşlı vaxtında əsəbiləşməyə məcbur olur, qan təzyiqi qalxır. Hərçənd, valideynlərinin bir-biri haqda donos yazdığı mühitdə böyüyənlər gərək canı möhkəm olsunlar. Buna da şübhəm yoxdur, Anar müəllimə uzun ömür, “qalib gəlib qalib getməyi” diləyirəm. Onsuz Azərbaycan xalqı elə mağmın gündədir ki, hətta Fikrət Qocanı Şekspir sayır. “Nə qədər ki, pul var kef elə” – AYB poeziya şöbəsinin nizamnaməsində deyilən kimi.
Anar müəllim mənim guya yumor, satira yazdığımı iddia edir, deyir ancaq bu yazılar qəti gülməli deyildir. Doğrudur, mənim yazılarım gülməli olmur, heç bir yerdə “yazılarım gülməlidir, gülün” deyə işarə də qoymamışam, üstəlik, 80 illik bütün ədəbi fəaliyyətindən uca millətimizin yadında “Tələsmə, Zaur, tələsmə” (axırda onun da əsərdə olmadığı, aktrisanın bədahətən əlavə elədiyi ortaya çıxsa lap biabırçılıq yaranacaqdır) cümləsindən başqa heç nə qalmayan yazıçı haqda satira yazmaq mümkün də deyil. Faciə yazmaq olar. Yeri gəlmişkən, müstəqillik dövrümüzdə niyə Anar müəllim elənçik melodramalar yaza bilmədi? Çünki sərhədlər açıldı, xalq gördü ki, burda belə mətbəx söhbətləri yazıb məşhur olan, pul qıran, deputat qoyulan, oğlunu səfir göndərən adamlardan Türkiyədə, Braziliyada, Meksikada-zadda minlərlədir. “Beşmərtəbəli evin altıncı mərtəbəsi” tipli melodramları Türkiyədə qadınlar dovğa bulayanda diktə edirlər, günaşırı teleserialları çəkilir.
Müstəqilliyin belə ədəbi xeyri poeziya sahəsində də oldu. Bəzi sərhəddən o yana getmək imkanı olanlar SSRİ vaxtı türk sərbəst şeiri üslubunda cızmaqara edib burda məşhur olurdular. İndi kitab bağlanıb.
Qayıdıram Anar müəllimin yazısına. Orada açıq saxtakarlıq faktı da var. Yazır ki, guya məni haçansa AYB-nin qapısından qovublar. Sanki AYB məbəd-zad imiş, bunun qapısından qovulmaq insanı alçaldır. Üstəlik, belə fakt yoxdur. Şükür ki, heç vaxt çaşıb bu yaramaz idarəyə üzvlük-filan ərizəsi də verməmişəm. Ədəbi yazılarım isə AYB-yə dəxli olmayan “Gənclik”, “Alatoran” tipli jurnallarda, “Azadlıq” qəzetində dərc olunub. Əlbəttə, “Dədə Qorqud” filminin ssenarisində dastandakı Şöklü Məlik obrazını qəsdən Qıpçaq Məlikə çevirən Anardan ayrı münasibət gözləmirəm. Qəsdən, ermənilərin sifarişi ilə o cür yazıb ki, guya qıpçaqlar oğuzlara düşmən olub, gəlib evlərini soyublar. Bu, aşkar türk düşmənçiliyidir, ümid edirəm Tarix İnstitutunun direktoru Yaqub müəllim cavabını nəhayət verər.
Erməni demişkən… AYB rəhbərliyini ən çox qəzəbləndirən odur ki, mən niyə bunların Qarabağ döyüşlərinə münasibət bildirməməsinə diqqət çəkmişəm. Doğrudan da, 5 günlük müharibə zamanı biz AYB rəhbərliyini cəbhə xəttində görmədik. Bakıda oturub kef çəkirdilər. Sanki dövlət büdcəsindən milyonlarla manat müftə verilir. Özün milyonlar qazanıb, ev alveri eləyib qəlyan çəkirsən, barı get bir əsgərin papirosunu yandır.