Brüssel sonuncu olmaya bilər, əgər…
Deyəsən, Vanqanın Avropa qitəsi ilə bağlı qorxunc öncəgörmələri yavaş-yavaş doğrulur axı. Brüsseldə bu gün səhər törədilən silsilə terror aktları yada həm də bu məşhur görücünün proqnozlarını salır. Ənənəvi sual yenə ortadadır və cavabını gözləyir: belə vəhşi terror hücumları kimə lazımdır və sifarişçilər bununla nəyə nail olmaq istəyirlər?
Söz yox ki, istənilən növ terrorun əsas hədəfi toplumlarda xof və vahiməni gücləndirmək, onların hakimiyyətlərdən narazılığını pik həddə çatdırmaq, ölkədə və cəmiyyətdə xaos yaratmaq, bu fonda sonrakı hədəflərini daha rahat həyata keçirməkdir. Konkret Brüssel olaylarına gəlincə, bu məram ikiqat, üçqat aydın şəkildə özünü göstərir. Çünki sözügedən şəhərdə NATO-nun, Avropa Birliyinin mənzil qərargahları, Avropa Parlamenti, qlobal əhəmiyyətli maliyyə qurumları yerləşir. Yəni Brüssel faktiki şəkildə dünyanın əsas hərbi, siyasi və maliyyə paytaxtı, güc mərkəzi sayılır.
Bu baxımdan əgər ötən il Parisdə eyni qüvvənin törətdiyi və yüzdən çox insanın həlak olduğu seriya terror aktları müstəsna olaraq Avropa dəyərlərinə və sivilizasiyasına hücum kimi qiymətləndirilmişdisə, Brüsseldəki son terror olayları bütövlükdə qlobal hərbi, maliyyə və siyasi güc mərkəzlərinə qarşı ilk və açıq təhdid aktıdır, onlara meydan oxumaq deməkdir.
Eyni zamanda bu, beynəlxalq terrorizmin artıq yeni və daha təhlükəli bir mərhələyə adladığını, o üzdən də azğınlaşmış, heç bir insani sifəti qalmayan, maskası tamamən yırtılmış bir antibəşəri qüvvə ilə mübarizənin qlobal xarakter almalı olduğunun göstəricisidir.
Yəqin ki, demokratiya paytaxtları, NATO, onun əsas ölkəsi kimi ABŞ, Avropa Birliyi mesajı doğru dəyərləndirib də, yeni situasiyaya uyğun hərəkət planı işləməli olacaq. Hər necə olmasa, Qərbə, dünyaya, sivil bəşəriyyətə bundan aydın çatdırış ola bilməz.
İlk növbədə də İŞİD-i yuvasındaca məhv eləmək zərurəti, nəhayət, bütün ciddiliyi ilə gündəmə gəlməlidir. Amma təkcə İŞİD-mi? Fakt faktlığında qalır: Türkiyədəki terror aktlarının arxasından daha çox PKK-çılar çıxıb. Amma Qərbin “kürd terroru”na münasibəti əfsuslar olsun ki, İŞİD-ə münasibət qədər sərt, adekvat deyil.
Nə qədər ki, terrora və terror şəbəkəsinə münasibətdə belə ikili standart yanaşması qalacaq, terror “yaxşı” və “pis” sortlarına bölünəcək, ona sırf kriminal kimi deyil, milli maraqları təmin eləməkdən ötrü siyasi mübarizə elementi kimi baxılacaq, o zamanadək terrorun kökü kəsilməyəcək. Necə ki, kəsilmir.
İŞİD-in kökünün kəsilməsi isə bilavasitə Türkiyə dövlətinin gücü sayəsində mümkün ola bilər. Di gəl, vurğulandığı kimi, Qərb Türkiyənin özünün üzləşdiyi terror probleminə Avropanın üzləşdiyi terror bəlasına yanaşdığı qədər həssas və ağrılı yanaşmır, şablon və quru bəyanatlarla kifayətlənir, qardaş ölkəni faktiki şəkildə terrorla baş-başa buraxır.
Halbuki, bütün hallarda həyatını itirən günahsız insanlar, qadınlar, uşaqlar, gənclərdir – nə olsun ki, onlar fərqli dinin daşıyıcılarıdır. Dini-imanı olmayan bir qüvvə varsa, o da yalnız terrorçulardır. Yeri gəlmişkən, Türkiyə və Qərbi Avropa şəhərlərindəki son terror aktları terrorçuların həqiqətən də dininin, milliyyətinin olmadığını bir daha ortaya qoydu. Əgər fərq qoyulmadan günahsız müsəlman əhalinin də hədəf seçirlərsə, hansı dindən, milliyyətdən söhbət gedə bilər ki?
*****
Brüssel partlayışlarından dolayı Azərbaycana da məxsusi mesaj payı düşür. Məsələ ondadır ki, əgər təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə olduğu Avropanın aparıcı şəhərlərində də terrorçular öz çirkin niyyətlərini həyata keçirə bilirsə, gizli İŞİD tərəfdarları və PKK simpatizanlarından xali olmayan ölkəmiz də heç nədən sığortalanmayıb.
Əlbəttə ki, şər deməsən, xeyir gəlməz. Təhlükəni gözləməkdənsə, ona qarşı getmək isə daha məqbul sayılır. Necə? Bu, artıq peşəkarların işidir. Bundan ötrü ilk növbədə Türkiyənin təcrübəsi çox gərəkli ola bilər.
Bütövlükdə isə qardaş ölkə də daxil, antiterror düşərgəsi ölkələrinin qarşılıqlı informasiya-kəşfiyyat mübadiləsi işini gücləndirmək, beynəlxalq terror şəbəkəsinin maliyyə mənbələrinin kökünü kəsmək bir nömrəli məsələ kimi qarşıda durur. Bir şərtlə ki, terrora və terrorçulara bütün dünyada münasibət birmənalı və barışmaz olsun.
Əks halda sonuncu ünvan Brüssel olmayacaq və terrorun “ayaq səslərini” hamı eşidəcək. Gec, ya tez…