Səhiyyə Nazirliyində 2015-ci ilin ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov bildirib ki, hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 34 mərkəzdə 3 minə yaxın xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunurlar. Bbu mərkəzlərin 26-sı bölgələrdə yerləşir və xəstələrin yarıdan çoxu Bakıya gəlmək məcburiyyətindən azad olaraq müalicəsini yaşadığı ərazidə alır.
2015-ci ildə Mingəçevir, İsmayıllı rayonlarında və Kliniki Tibbi Mərkəzdə yeni hemodializ şöbəsi açılıb.
Qeyd etmək lazımdır ki, bu kateqoriya xəstələrə hazırda hemodializlə yanaşı, xəstəliyin radikal müalicə üsulu olan böyrəkköçürmə əməliyyatları da həyata keçirilir. 2015-ci il ərzində 1 xəstəyə Astara rayonunda olmaqla 81 nəfərə böyrək köçürülüb. İndi Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 732 nəfər var və dövlət onların dərman təminatını öz üzərinə götürüb.
G.Poladov deyib ki, əgər 2010-cu ildə Respublikada körpə ölümü göstəricisi 11,2 promilli idisə, 2015-ci ildə beynəlxalq diridoğulma meyarları nəzərə alınmaqla bu rəqəm təxminən 11,0 promilli təşkil edir. Beləliklə, ana ölümü əmsalı hər 100 min diridoğulmaya qarşı 2014-cü illə müqayisədə 14,6-dan 13,8-ə enib.
Şəkərli diabet üzrə tədbirlər proqramı çərçivəsində hazırda 240 mindən çox şəkərli diabet xəstəsi, daim dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunur.
2015-ci ildə Azərbaycanda 33 tondan çox qan tədarük olunub.
G.Poladov deyib ki, son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb. Hazırda 2500-dən artıq xəstə Talassemiya Mərkəzində daimi müalicə alır.
2014-cü ildə Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatına başlanılıb. Artıq Azərbaycanda 25 uşağa sümük iliyi köçürülüb.
G.Poladov deyib ki, nikaha daxil olanların tibbi müayinəsi talassemiyanın profilaktikası baxımından çox böyük əhəmiyyət kəsb edir. Belə ki, iyun ayının 1-dən artıq 82 minə yaxın insanın qan nümunəsi müayinə olunub. Onların arasında 5500 nəfər talassemiya daşıyıcısı, 53 nəfərdə QİCS, 320 nəfərdə sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanların arasında 40 cütlük aşkar edilib. Bunlara lazımı tibbi-genetik məsləhətlər və sonrakı müayinələr haqqında ətraflı məlumat verilib. Talassemiya daşıyıcısı olan evlənmiş cütlüklərdən birində, hamilə qadından Azərbaycanda ilk dəfə bətn daxili diaqnostika məqsədilə punktat götürülüb müayinəyə göndərilib.
Hazırda Respublikamızda 1480 hemofiliyalı xəstə qeydiyyatdadır.
Onkoloji xəstəliklərin ilkin aşkarlanması sahəsində xəstələrin sayı 2014-cü ildə hər 100 min nəfərə 97-dən 2015-ci ildə 101-ə qalxıb.
Son illər viruslu hepatitlərə yoluxmuş xəstələrin sayının artmasını nəzərə alaraq cari ildə viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi Komissiya yaradılıb.
Hazırda 2356 belə xəstə dövlət hesabına uzunmüddətli müalicə kursu alır.
Şöbə müdiri qeyd edib ki, ilin əvvəlindən indiyədək 14 nəfərə qaraciyər köçürülüb, 78 xəstəyə endoprotezləşmə əməliyyatı olunub. Minlərlə xəstəyə, o cümlədən 391 uşağa kardiocərrahiyyə əməliyyatı həyata keçirilib. Yalnız 2015-ci ildə Səhiyyə Nazirliyinin tabeçiliyində olan müəssisələrdə 2 minə yaxın açıq ürək əməliyyatı icra olunub. 2015-ci il ərzində 7 Gürcüstan və 1 Qazaxıstan vətəndaşına qaraciyər transplantasiyası və 5 Gürcüstan vətəndaşına böyrək köçürülməsi əməliyyatı aparılıb.
Eyni zamanda Səhiyyə Nazirliyinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 528 məlumat araşdırılıb.
Modern.az