images_dekabr_kose samir sari

Adam hər dəfə xarici səfərdə olanda özünə söz verir ki, ingilis dilini mütləq təkmilləşdirəcək, amma ölkəyə qayıdandan sonra iş-güc adamın başını qatır və xarici dilin təkmilləşdirilməsi barədə düşüncələr bir də qalır növbəti səfərə.

Əslində orta məktəbdə və universitetdə babat ingilis dili dərsi keçmək və öz üzərində müntəzəm işləmək (ingiliscə qəzet-kitab oxumaq) kifayət edir ki, adam xarici səfərdə olanda çulunu sudan çıxarsın, ünvan soruşsun, alver eləsin, qarnının dərdini desin.
Nə yazıq ki, zaman keçdikcə öyrəndiklərimizi unuduruq, yeri gələndə adi bir sözü tapıb demək üçün hıqqana-hıqqana qalırıq.

Son aylarda getdiyimiz səfərlərdə bir neçə dəfə dilbilməzlik problemi yaşadıq. Yaxşı ki, heyətimizin üzvləri arasında ingilis dilini yaxşı bilənlər də vardı, ehtiyac olanda onlar dili pis bilənlərə və heç bilməyənlərə kömək edirdilər.

Fəxarət duya-duya deyə bilərəm ki, biz dünyanın ən yaxşı dil öyrənən, başqa millətlərlə asan dil tapan camaatıyıq. Bizimkilər ingiliscə mətbuat konfransı keçirir, 40 ilin ingilisi öz dilini mükəmməl bilmədiyi üçün özünü qınayır. Hələ rusdilliliyimizdən danışmıram. Bu məsələdə zirvələr fəth etmişik. Bakıda oğlanlar var, rus dilində yeni-yeni sözlər yaradıblar, rusca elə aksentsiz, koloritli, zəngin leksikonla danışırlar ki, kəlməbaşı “ço”, “bləd”, “ni xrena” kimi vulqar sözlər işlədən ruslar xəcalət çəkir.

Düzü, fransızca danışan azərbaycanlı görməmişəm, ona görə də deyə bilmərəm ki, bizimkilər “Paris” əvəzinə “Pağis”, yaxud “mersi” yerinə “meğsi”ni necə deyə bilirlər, aksentləri hiss olunurmu, olunmurmu.

Keçən ayın bu günləri Stokholmda yaşayan keçmiş əməkdaşımız Rahib Kazımlıyla mühacirlərin işinə baxan idarədə idik, məmurlarla onun İsveç dilində söhbətinə qulaq asanda gördüm ki, o, bu dildə təxminən Mirşahinin ana dilimizdə danışdığı kimi danışır. Yəni o qədər sürətli və çox sözlər işlədərək.

Amma sonra gördüm ki, bu, bir az fərdi məsələdir, yaşadığı ölkənin dilini öyrənməyə ərinənlər də var. Bizdə belə xasiyyət də var, ehtiyacımız olmasa, işimiz aşmasa, heç nə öyrənmərik, amma öyrəndiyimiz dil və ya başqa bir şey bizə pul-para qazandıracaqsa, dərhal öyrənərik, özü də çox mükəmməl şəkildə.

Dostlar təndir çörəyinin bərəkətinə and içir ki, Çində yaşayıb-işləyən elə azərbaycanlılar var ki, dünyanın ən çətin dili olan xancada Sincan uyğurlarından da yaxşı danışırlar. Hətta biri varmış, dildən o qədər pərgarmış ki, onun sayəsində kəf gəlmədiyi çinli qalmayıbmış. Tutub dilini kəsməyiblərsə, hələ də oralardadır.

Ötən həftə Brüssel və Amsterdamda olarkən gördük ki, heç bu ölkələrdə də insanlar ingilis dilini tum kimi çırtlamırlar, adama öz dillərində cavab verməyi üstün tuturlar. Amma o da var ki, onlar ingilis dilini birifinq keçirəcək səviyyədə bilməsələr də, bir əcnəbini başa salıb metro turniketindən keçirə bilirlər.

Bu xüsusda bir məzəli olay da baş verdi. Mindiyimiz növbəti taksinin sürücüsü də mərakeşli çıxdı (Brüsseldə ümumilikdə on dəfə taksiyə mindiksə, doqquzunda sürücülər mərakeşliydi). Öndə oturan səfər yoldaşımız soruşdu: “Morokko?”(Yəni mərakeşlisən?) Sürücü cavab verdi: “Yes”. Həmvətənimiz yeni sual verdi: “Muslim”? (Müsəlmansan?) Sürücü yenə “yes” dedi və həmvətənimiz tərtəmiz ingilis dilində ona “okey” deyərək bizə tərəf döndü: “İngiliscə xeyli bilirmişəm haa”.

Əlbəttə, belə-belə başlayır, sonra genişlənir, böyüyür, təkmilləşir. Bu gün mərakeşli taksi sürücüsü ilə “yes-yes” deyərək anlaşırsan, sabah NATO-nun analitikindən ingiliscə müsahibə alırsan. Əsas qarşıya məqsəd qoymaq və öyrənməyə cəhd etməkdir.

Xülasə, səfərdə olarkən ingiliscəsi, yumşaq desək, zəif olan bəzi yoldaşlar özlərinə və bizə söz verdilər ki, ölkəyə çatan kimi xarici dil kursuna gedəcəklər və dili təmiz öyrənəcəklər. Burdan onlara səslənirəm: “Don’t forqet your promise”. (Bilmirəm düz yazdım, ya yox).

Загрузка...