Qardaş Türkiyədə baş verən hadisələr (PKK terroru, mətbuata basqılar, hakim partiyanın hegemonluğu) ölkənin indiyə qədər tutub getdiyi, zaman-zaman çala-çuxura düşdüyü, kələ-kötürə rast gəldiyi demokratiya yolundan sapacağı görüntüsünü yaradır.
10 il öncə bu ölkə demokratik, sabit, sakit, firavan Avropa dövləti olmaq yolunda əmin addımlarla irəliləyirdi və az qala Avropa siyasi ailəsinin – Avropa İttifaqının üzvü olacaqdı.
Bu gün Türkiyə müsəlman dünyasının daha bir qüdrətli nəhəngi olan Pakistanın gününə düşüb. Pakistanda da belədir: ölkədə demokratik seçkilər keçirilir, hakimiyyət komandaları, baş nazirlər dəyişir, eyni zamanda siyasi qətllər, terror aktları ara vermir, dini radikalizm artır, ölkə inkişafdan qalır.
Şərq ölkələri var qüvvələri ilə demokratiyaya qarşıdırlar – bu, Türkiyənin timsalında da sübut olunmaqdadır. Türkiyə geriyə, səltənətə doğru qayıdır.
Demokratik hakimiyyətlər Şərq ölkələrində sabitlik, əmin-amanlıq yaratmağa qadir deyil. Belə bir görüntü var ki, bu regionda mütləq dəmir əl lazımdır.
Uzun müddət Türkiyəni idarə edən, hər dəfə devrildikdən sonra xalqdan yenə yetərli sayda səs alan siyasətçinin soyadının Dəmirəl olması təsadüfi deyildi. Xalq məhz dövləti dəmir əllə idarə edəcək siyasi xadim arayırdı və hələ də aramaqdadır.
Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan xalqın aradığı dəmir əlli liderdir. Ancaq son illər Ərdoğan xalqın istədiyindən də artıq “dəmir əl” sahibi olmaq, ölkəni sultanlar kimi təkbaşına idarə etmək istəyir.
Onda bu iştaha Türkiyə xalqı hər dəfə seçkilərdə AKP-yə 50 faizə yaxın səs verə-verə oyandırdı.
Əgər noyabrın 1-də keçiriləcək təkrar parlament seçkilərində Ərdoğanın partiyası təkbaşına hökumət qurmaq səlahiyyəti qazansa, qardaş ölkə uzun bir qaranlıq tunelə girəcək, hakim partiya bizim ölkəmizdəki YAP kimi sözün birbaşa mənasında hökmran partiyaya çevriləcək.
Hər şey Türkiyə müxalifətindən, ondan da daha çox dürüst və şəffaf seçkilərdə öz iradəsi ilə səs verməyə, özünə halallıqla hökumət seçməyə vərdiş etmiş xalqın iradəsindən asılı olacaq.
Türkiyə cəmiyyətinin demokratiyaya hazır olmamasının daha bir göstəricisi 7 iyun seçkilərində 80-dən artıq mandat qazanaraq TBMM-də təmil olunmaq haqqı qazanmış PKK/HDP-nin və onun elektoratının davranışıdır.
Öz məqsədlərinə siyasi yolla çatmağın bir addımlığındaykən PKKHDP tərəfdarları yenə dağa dırmaşdılar, üzlərini bağlayıb, əllərinə yandırıcı mayelər götürüb küçələrə töküldülər, xain pusqular quraraq silsilə terror aktları törətməyə başladılar.
İndi dövlət onlarla anladıqları dildə danışmağa məcburdur. Beləcə, dövlətə silah qaldıranların bir hissəsi öldürüləcək, bir yarısı xaricə qaçacaq, ələ keçənlər məhbəsə doldurulacaq. Onlar da nə qədər günahsız gənc əsgəri, məsum insanları şəhid edəcəklər.
Bütün bu baş verənlər demokratikləşmə prosesinə ciddi zərbədir. Seçicilər bu xaosun sona yetməsi üçün öz hüquq və azadlıqlarının məhdudlaşdırılmasına razı olacaqlar.
Bənzər proses bu və ya digər şəkildə öz ölkəmizdə də gedib. Məmləkət əhli Qarabağda və ətraf rayonlarda gedən müharibədən, yeni-yeni formalaşan dövlət üçün təbii mərhələ olan keçid dövründən, iqtisadi böhranlardan o qədər psixoloji və maddi sıxıntı çəkdi ki, demokratiya uğrunda mübarizədən asanlıqla vaz keçdi, “rəhbər kim olursa-olsun, təki sakitlik, salamatlıq olsun” fikrinə kökləndi və hələ də o düşüncədədir.
Bu ovqatda olanlar bir müddət keçəndən sonra, öz haqları tapdalananda, dövranı uzun sürən, dəyişməz hakimiyyətdən “dəmir yumruq” yeyəndə haqq-ədalət davasına qalxmaq istəyir, onda da daha bir acı qapaz yeyərək yerində oturur.
Demokratiya elə bir nemətdir ki, onu maddi sıxıntılardan, xaotik proseslərdən müvəqqəti qurtulmaq üçün fəda etmək olmaz. Hansısa bir “dəmir əlli” lider ortaya çıxıb problemləri “Qordi düyünü” kəsər kimi radikal üsulla kəsib həll edə, üsyanları amansızlıqla yatırda bilər, amma bu, əsl həll deyil, problemi dondurmaqdır. Bir müddətdən sonra o, daha böyük şiddətlə qabaracaq.
Qardaş ölkənin demokratik dəyişikliklər sahəsində üzləşdiyi problemlər, məruz qaldığı geriləmələr bizim ölkəmizə də mənfi təsirini göstərəcək. Biz gözümüzü Türkiyəyə dikmişdik. Türkiyə yeganə müsəlman ölkəsi idi ki, demokratik quruluşa, hüquqi dövlət anlayışına, müstəqil məhkəmə hakimiyyəti sisteminə malik idi. O da gəlib belə oldu.