Son zamanlar “kərgədan böcəyi” adlanan böcəyin 90 min dollara satıldığı haqqında yayılan məlumatlar insanlar tərəfindən maraqla qarşılanıb. Həm qonşu Türkiyədə, həm də ölkəmizdə bu böcəyə diqqət artmaqdadır. Sosial şəbəkələrdə gedən müzakirələrdən də bunu görmək olar.
Hətta Türkiyə bu böcəyi bəsləyib, artırmaq və bu yolla milyonçu olmaq xəyalına düşən insanlar da var. İnsanların diqqətini nəzərə alaraq, Türkiyə mətbuatı “kərgədan böcəyi”nin qiymətinin 90 min dollar olması iddialarına aydınlıq gətirib.
“CNN-Türk”ə danışan türkiyəli professor dr. Cəlal Tuncər bu növ həşəratların qimyətinin 2-4 dollar arasında dəyişdiyini bildirib.
İnsanların həyəcanının əsassız olduğunu deyən prof. dr. Cəlal Tuncər “kərgədan böcəyi”nin heç bir maddi dəyərinin olmadığını vurğulayıb.
Son zamanlar gündəmdə olan “kərgədan böcəyi”nin yüksək məbləğdə maddi dəyərinin olması iddiaları insanları bu həşəratları toplamağa sövq edib.
Türkiyəli professor bioloji müxtəlifliyə zərər verməmək üçün bu həşəratların toplanmasının arzuolunmaz olduğunu vurğulayıb: “Bu qrupdan olan həşəratların mindən çox növü var. Alın qisimlərində buynuz şəklində bir çıxıntı olduğu üçün bunlara “!kərgədan böcəyi” deyirlər. Bəzi növlərinin boyları 15 santimetrə qədər uzanır. Ancaq əksər növlərinin uzunluğu 4-5 santimetr arasındadır. Olduqca güclü böcəklərdir. Bu həşəratların bəzi növləri öz ağırlıqlarının 850 misli qədər ağırlıq qaldıra bilirlər”.
İctimaiyyətdə “kərgədan böcəyi”nin 90 min dollara satıldığı haqqında məlumatların yayıldığını deyən alim bildirib ki, bu, tamamailə yalandır: “Hətta bunların heç bir maddi dəyəri yoxdur. Ancaq bəzi beynəlxalq kolleksiyaçılar bu növləri 2-4 dollar arasında dəyərləndirirlər”.
Yayılan xəbərlərə görə, artıq Türkiyədə insanlar 90 min dollarlıq böcəyi toplamağa başlayıblar. Türkiyəli professor isə bildirib ki, bu cür yanlış məlumatlar “kərgədan böcəyi”nin nəslinin kəsilməsi ilə nəticələnə bilər.
“Kərgədan böcəyi”nin insanlar tərəfindən toplanmasının heç bir faydası olmadığını deyən professor, əksinə, bunun biomüxtəlifliyin azalması ilə nəticələnə biləcəyini də vurğulayıb: “İnsanlar bu böcəyi gərəksiz yerə yığıb, həşəratların nəslinin kəsilməsinə səbəb olacaqlar. Bunlar ancaq mütəxəssislər və araşdırmaçılar tərəfindən, həm də məhdud sayda toplana bilər”.
Nərgiz Liftiyeva