Möhtəşəm idman yarışının Azərbaycan adına layiqli siyasi davamı gələcəkmi?
Parlament seçkilərinə (1 noyabr) düz 4 ay qaldı. Məntiqlə ölkə artıq seçki ovqatına köklənməli idi. Doğru, I Avropa Oyunları bu ovqatın önünə keçdi – siyasi ab-hava daha çox idman ab-havası ilə əvəzləndi və hələ bir müddət də yəqin ki, bu ovqatda olacaq.
Bu beynəlxalq tədbir hesabına Azərbaycan pis-yaxşı dünyanın diqqət mərkəzinə gəldi, onun haqqında beynəlxalq tədbirlərə ev sahibliyi etməyə qadir ciddi dövlət imici möhkəmləndi, tariximizə, mədəniyyətimizə, Qarabağ məsələsinə, hətta hərbi qüdrətimizə maraq-diqqət əhəmiyyətli şəkildə artdı. Eyni zamanda ölkənin daxili durumu, idarəçiliyi, daxili siyasi münasibətlər sisteminin xarakteri, siyasi dustaqlar və korrupsiyanın miqyası kimi problemlər haqda da dünyanın bilgiləri artdı. Müxtəsəri, Azərbaycan daha çox tanındı.
Ümid edək ki, bu tanınma milli çıxarlarımıza işləyəcək, ölkəmizin faydasına, nəfinə olacaq. Zira, bu məmləkətin uğurları hamımızındı, fəqət, onun problemlərinə də hamılıqla sahib çıxmağı bacarmalıyıq. Onları bizim – hakimiyyətin, cəmiyyətin, müxalifətin əvəzinə heç kim, heç bir beynəlxalq təşkilat, ATƏT, Avropa Şurası, Avropa Birliyi, GUAM, İslam Əməkdaşlıq Təşkilatı cürbəcür “Tərəfdaşlıq proqramları” aradan qaldırmayacaq, nə qədər ki, ilk növbədə özümüzdə təpər, iqtidarda siyasi iradə, ölkədə milli barış olmayacaq!
***
Sözü ona gətiririk ki, möhtəşəm idman yarışı bitdi, indi onun Azərbaycan adına layiq uğurlu siyasi davamı gəlməlidir. Heç olmasa, Avropa Oyunları kimi uğurlu təşkil olunan parlament seçkiləri timsalında. Bəs Azərbaycan adına davam gələcəkmi?
O da doğru ki, Azərbaycanda prezident üsul-idarəsi olduğundan bizdə parlament seçkiləri tutaq ki, qardaş Türkiyədəki kimi önəm daşımır, qanunverici orqan hökumətin formalaşmasında həlledici rol oynamır, heç hökumətin özü də həlledici rol oynamır. Amma və lakin…
Söhbət nəticədən yox, prosesin özündən, onun nə dərəcədə azad və ədalətli, demokratik standartlara uyğun keçiriləcəyindən, iddiaçılara nə dərəcədə bərabər rəqabət şəraitinin yaradılmasından gedir təbii ki. O proses ki, Avropa Oyunları kimi Azərbaycana müsbət, ya da mənfi xallar gətirəcək.
Bəs qarşıdakı siyasi yarışda – parlament seçkilərində də idman yarışındakı kimi bərabərlik, ədalət prinsipləri təmin ediləcəkmi? Gerçək məğlublar gerçək qaliblərin əlini sıxacaqmı, yoxsa “Köhnə hamam, köhnə tas” olacaq və yenə yalançı qaliblərin boynuna “dəfinə çələngi”nin asılması səhnələrinə şahidlik edəcəyik?
***
Bu yerdə sabiq millət vəkili Pənah Hüseynlə razılaşmamaq qeyri-mümkündür. AXP sərdi haqlıdır deyəndə ki, heç bir parlaq, möhtəşəm şou bizim siyasi, sosial-iqtisadi, geosiyasi problemlərimizi həll etmək bir yana, onların mövcudluğunu pərdələmək üçün belə yetərli deyil, çünki ölkədə, siyasətdə ciddi və fundamental dəyişikliklər, islahatlar zamanı çatıb”.
Sitat: “Bütün müsbətiynən, mənfisiynən Avropa Oyunları başa çatdı. İdman, oyunlar olub və olacaq. Bizimkilər də həmişə qalib olsun! Lakin siyasətin idman üzərindən aparılması dövrü də nəhayət, qurtarmalıdır. Korrupsiya, məmur oliqarxiya problemi, xalqdan oğurlanmışların qaytarılması, siyasi məhbuslar, cəmiyyətdaxili münasibətlərin yumşaldılması, oliqarxlarsız hökumət, ictimai etimada malik parlament, Qarabağ və işğal olunmuş torpaqların qaytarılması naminə milli birlik, beynəlxalq təcrid prosesini geri döndərmək, köklü demokratik dəyişikliklərə, fundamental islahatlara başlamaq lazımdır”.
Elə əsas sual da budur ki, idman uğuru siyasi uğurlarla, o cümlədən demokratik parlament seçkiləri ilə davam etdiriləcəkmi? Siyasi məhbus probleminə nəhayət, son veriləcəkmi? Erməni idmançılara belə Bakıda dözüm göstərən (bu da anlaşılandır – dəvət etmişiksə, tolerant da olmalıyıq), onların əlini sıxan iqtidarımız siyasi opponentlərinin də əlini sıxacaqmı – məğlub və qalib olmasından asılı olmayaraq…