Şair çox yerində yazıb ki, “Tükəndi ceyranı güdən kişilər, indi ceyran özü ovçu axtarır”. Şeirin arxası çox kədərlidir, yoxsa hamısını yazardım. Lap axırda şair deyir ki, “qırmızı bağlanıb ömür qapıma, Əzrayıl kəsməyə qayçı axtarır…”.
Əslində sovet vaxtı olsaydı, şairi (Məmməd Qədir) son iki misrasına görə dolaşdırmaq olardı. Mütləq onun qələm yoldaşlarından, hətta “yaxın dost”larından bir-ikisi götürüb yuxarı orqanlara donos yazardılar, vurğulayardılar ki, şair “bantı kəsməyə qayçı axtaran Əzrayıl” deyərkən kimi nəzərdə tutur, kimə işarə edir, bir araşdırın, adam dövlətçiliyə qarşı çıxır.
Ondan sonra şair nə billah eləsə də canını dəri gödəkçəli, plaşlı orqan işçilərinin əlindən qurtara bilməzdi, adını minimum “Müsavat agenti” qoyardılar, ya güllələyərdilər, ya da Sibirə göndərərdilər, o da gedib orada ağac mişarlayar, qəmgin-qəmgin şeirlər yazardı və qorxusundan heç kimə oxumazdı.
Halbuki şair qırmızı bantı kəsməyə qayçı axtaran Əzrayıl deyərkən elə Allahın killer mələyinin özünü nəzərdə tutub, metafora işlədib. Ona qalsa bu saat yüzlərlə adamın əlində qayçı var və hamısı eyzən qırmızı lent kəsir. O gün də Şamaxıda İH başçısı müğənni xanımın çəkdiyi 12 bulağın açılışını edib, qırmızı lentini kəsib.
Əvvəllər başqa cür olardı, bulağı İH başçıları çəkərdilər, müğənnilər də gəlib qırmızı lentin kəsilməsindən sonra çalıb-oxuyardılar.
Təbii ki, ceyranların ovçu axtardığı zəmanədə belə dəyişikliklər, metamorfozalar çoxdur və təəccüblü deyil.
Yuxarıda bir “Müsavat agenti” söhbəti keçdi, baxın, indi tərsinədir, Müsavatın özündə “en” qədər insanı “hökumətin agenti” kimi damğalayıblar, onlar da gedib piket keçirirlər, etiraz edirlər.
İndilərdə o “fəxri ad”ın qorxusu yoxdur, üstünə agent adı qoyulan adamı ağır cəza gözləmir, uzağı, partiyadan çıxarırlar, o da gedib başqa partiyaya girir, ya da təzə partiya açır. Köhnə dövrdə “agent” adlandırılanların işi çətin olurdu, güllə qaçılmaz idi. Yaxın məsafədən atırdılar, biri də boşa getmirdi.
Heç o vaxtlar hökumətə agentlik edənlərin özünün də vəziyyəti yaxşı deyildi. Camaat onların agent olduqlarından şübhələnirdisə, yanlarında söz danışmırdılar, dallarınca da söyüş söyürdülər.
Bizim kənddə bir nəfər vardı, sovet hökumətinin axır illərində, boşalmış vaxtlarında tez-tez nostaljiyə qapılırdı, deyirdi, ay köpəyoğlunun keqebesi, durub söhbət edən hər dörd nəfərdən biri sənin agentin olmadısa, demək, hökumət yıxılacaq.
Onun fikrincə, əvvəllər elə olmuşdu və yenə də 40 nəfərlik kollektivdə minimum 10 nəfər hökumət çuğulu olmalıydı, yoxsa dövlətə təhlükə yaranardı.
İş elə gətirdi ki, sovet hökumətinin çuğulları fərasətsiz çıxdılar, öz şərəfli işlərinin öhfəsindən layiqincə gələ bilmədilər və dövlət çökdü. O vaxt belə bir inanc da vardı (və hələ də qalır) ki, SSRİ-ni Amerikanın agentləri dağıdıb.
Adam tanıyıram ki, əlini masanın üstündəki duza, qəndə, çörəyə, digər baqqaliyyə məhsullarına basıb and içir, deyir ki, gül kimi hökuməti Amerikanın casusları yıxdılar. O, Amerikanın ölkəmizdəki casuslarının hamısının adını bilir və çəkir.
Oxumuş adamlar isə deyirlər ki, hamının bir-birindən şübhələndiyi, xoşuna gəlməyənləri agent, casus, çuğul, “suka” hesab etdiyi cəmiyyətlər qorxulu cəmiyyətlərdir.
Amma nə etmək olar, vəziyyət belədir, gərək dözək. Vaxtilə hamının “cəsur ürək” hesab etdiyi , amma o gün “casus” çıxarılmış bir bəy ağlamaq dərəcəsinə çatıbmış, deyirmiş, axı elə deyil, mənə niyə elə deyirlər, filan qədər xidmətim olub, müxalifətin yolunda can qoymuşam.
Elə adamlara tarixə aid kitab oxumalarını tövsiyə etmək lazımdır. Onlar ötən əsrin 30-40-cı illərinə aid kitablar oxusalar, görəcəklər, siyasətdə belə şeylər adi olaylardır, gərək ürəyinə salmayasan. Bir şey ki, yüz minlərlə adamı “agent” kimi güllələyən Beriyanın özünü də axırda “Müsavat agenti” çıxarıb, güllələyiblər, nəyi qoyub, nəyi axtarırsan.
Dostlardan biri də mənə xəbərdarlıq edib deyir ki, xətalı mövzularda çox yazı yazma, axırda sənə də “agent” deyəcəklər. Mən də ona cavab verdim ki, əmi canı, qəti qorxusu yoxdur, yüz dəfə desələr də, bir dəfə alnımı turşutmaram.
Ümumiyyətlə, siyasət meydanında olan kəs gərək “agent”, “casus”, hətta “petux” adlandırılmaqdan qorxmasın. Qorxursa, bir daldaya çəkilib ceyranlardan, Əzrayıldan, fani dünyadan-filandan şeir yazsın.