Birdən görürsən məmur tayfamızdan elə kövrək, səmimi, ekzotik açıqlamalar gəlir, az qalırsan sən analoqu olmayan inkişaf yolumuzun tozlu-pasaqlı qırağında oturub zar-zar ağlayasan. Örnək üçün, bu yaxında səhiyyə naziri Oqtay müəllim belə söyləmişdi: “İnsanları aldatmaq olmaz”. Birbaşa elə bu cürə də demişdi. Görün nə humanist dövlətdə ömür sürürük. Manıs demişkən, lap, ömür sürüb yaşamaq, ən böyük səadətdir bizə! Daradadaram!
Dünyanın heç bir başqa dövlətində bulvarın uzunluğu 16 işıq ili – kilometr deyildir və başqa heç bir ərazi tapa bilməzsən ki, orda nazir “İnsanları aldatmaq olmaz” desin. Azərbaycan deyiləndə ayağa dur ki, Sonra evini gizlicə uçurtmasınlar! Bunu da şair yaman deyibdir.
Doğrudan da mən indiyə qədər zənn edirdim bütün dünyada Səhiyyə Nazirliyi ancaq “Siqaret çəkmək sizin sağlamlığınıza ziyandır” elanı verir, amma yalan haqda da danışırmış. Hətta Oruell-dən həvəslənərək biz öz Səhiyyə Nazirliyimizi indən sonra Həqiqət Nazirliyi adlandıra bilərik. Deputatlarımızı isə Napoleon, Boksyor, Snouboll, Bencamin adlandırarıq. Qoy xarici düşmənlərimizin ürəyi partlasın. Tfu! Hara baxırsan xarici düşməndir. Uğurlu xarici siyasəti necə qayırıblarsa bütün planetdə bir yönlü-yanlı-başlı siyasi müttəfiq də yoxdu. Hamı düşməndir. Hamı ermənipərəstdir. Yalnız biz müstəqilik və planetə boyun əymirik. Kim bilir, bəlkə də Ramiz müəllim Yodadır. Ceday qılıncını bulvarda, kanalizasiyanın axdığı hissədə gizlədiblər.
Bax, “28 May” metrosunun uzun illərdir sirli şəkildə bağlı saxlanılan qapısı srağagün qəfildən açılıb, səncə, bunun massonlarla heç bir əlaqəsi yoxdur? Var, ay dünyadan xəbərsizlər ordusu, ey zəhmətkeş sakin qırıntıları! Həmin giriş əslində “Ulduz qapısı” idi, orda Metro Tağı lazer silahıyla şüalanıb başqa planetlərdəki qara dəliklərə yola düşürdü. Siz hər dəfə 20 qəpiklik kartı aparata sürtüb qatara minəndə o sürtünmə ilə ulduz gəmisinə enerji verirsiniz, ey qafillər! İndi Metro Tağı Andromeda buluduna çatıb Aelita ilə evlənib, bu üzdən “Sim-sim” qapısı, nəhayət, açılıb. Yoxsa kim izah edə bilər, o qapı 77 ildir niyə bağlı saxlanırdı? Hi?
Yaxud prezidentin sərəncamı ilə bulvarın 19-cu parsekində yerləşən Dövlət Bayrağı Meydanının müdiri, rəsmi “Elman Türkoğlu” işdən çıxarıldı. Səbəb nədir? Adam neyləmişdi? Bəlkə yeganə dövlətçilik problemimiz orda da yaşanmışdır: bayrağın zolaqlarını düzgün asmayıblar? Bəlkə külək əsib bayrağı cıranda müdir işdə yoxmuş, Avropa Oyunlarına bilet satmağa gedibmiş? Bəlkə dilim-ağzım qurusun, əlim qırılsın bunu yazdığım yerdə, oxuyanlar da kor olmasın, yazıqdırlar: dövlət bayraqdarımız da ermənipərəst çıxmışdır? Kim bilir… Heç kim heç nə bilmir. Heç nə unudulmur, hər şey yaddan çıxır. Qoy millətdə ruh yaşasın! (Çoxdan yazmırdım, gördüm ruh ölə bilər).
Sonda isə göz dəyməsin, aktivləşərək hətta Zakir müəllimi də qəfil geridə qoyan Artur müəllimin Nazirlər Kabineti idarəsinin bir qərarını diqqətinizə çatdıraq. Əgər yaxın günlərdə dağa-zada çıxmaq istəsəniz biləsiniz ki, bu şeylərin dövlət idarəsindən 1 günlük prokat qiyməti (guya icarə yazanda bizim söz olur, zırt) aşağıdakı kimidir:
Buz baltası – 10 manat
Gəzinti çubuqları – 3 manat
Kəndir – 3 manat
Dimdikli papaq – 2 manat
Termos – 3 manatdır.
Bu şeyləri dövlət idarəsindən alıb dağa dırmaşarkən baş nazir Artur Rasizadə haqda dərin düşüncələrə dalmaq isə müftədir. Hələlik. Ola bilsin bir azdan buna da gündəlik tariflər qoyulsun. Çünki sən düz adam olsan dağa dırmaşanda dövlət rəhbərliyi haqda fikirləşməzsən. Kəkotu yığarsan, quzuqulağı gövşəyərsən, nə bilim, tütək çalıb qoyunlara konsert verərsən.