Kritik həftəyə qədəm qoyuruq. Türkiyə 24 apreldə Çanaqqala zəfərinin, ermənilər isə saxta “soyqırım”ın 100 illiyini qeyd edəcək. Həm Türkiyə, həm də Azərbaycan üçün çox ciddi bir dönəmdir. Bu mərhələdə Türkiyə dost-düşmənini bir daha konkretləşdirmək, Azərbaycan onun, yoxsa işğalçı Ermənistanın yanında olanların çevrəsini müəyyənləşdirmək imtahanı qarşısındadır.
Dünyada ədalətin olmadığını, beynəlxalq hüquq deyilən nəsnənin əslində maraqlar, mənafelər naminə vitrinə qoyulduğunu erməni şivənçilərinə qoşulub saxta “soyqırım”ın yüzüncü “ili”nə zülüm-zülüm ağlayan Roma Papasının, üstəlik dünyaya ədalət dərsi keçən Avropa Parlamentinin mövqeləri bir daha isbatladı.
“Erməni soyqırımı” iddialarına reaksiyalardan sonra bir daha təsdiqləndi ki, Türkiyə və Azərbaycanın bir-birindən özgə dostu yoxdur. Dünənə qədər özünü Türkiyəyə strateji müttəfiq, tərəfdaş, iqtisadi partnyor adlandıranlar bu gün Türkiyəni bir ovuc erməninin qarşısında tərksilah etməyə çalışır.
Əks təqdirdə ortada heç bir dəlil-sübut olmadığı halda, üstəlik, Osmanlı imperiyasının zamanında baş verənlərə görə, demokratiya, azadlıqlar, iqtisadi inkişaf sarıdan müsəlman dünyasına nümunə olan Türkiyəmizin üstünə bu şəkildə gəlməzdilər.
İllər boyu Türkiyənin Avropa Birliyinə üzvlüyünə gedən yolunu çeşidli bəhanələrlə kəsdilər. Hətta 30 min türkün qanını tökmüş baş PKK-çı Öcalanla bağlı tələblər irəli sürdülər, çoxdan boğazına kəndir keçirilməli olan terrorçubaşı illərdir böyük vəsaitlərin xərclənməsi hesabına bəslənilir.
Musavat.com xəbər saytlarından birinə istinadən bir siyahı yayıb: ermənilərin qətlə yetirdiyi türk diplomatlarından bəhs edir. 33 türk diplomatı erməni terrorunun qurbanı olub. Üzərinə azərbaycanlı dövlət və hökumət adamlarını da gəlsək, böyük siyahı edir.
Ermənilərin elə 1915-ci ildə Türkiyədə, Cənubi və Şimali Azərbaycanda kəsdiyi başların sayı-hesabı yoxdur. Xocalıda soyqırım dünən olub, ortada şahid-sübutlar. Ancaq dünyanın öz “həqiqəti” var. Onlar yalnız ermənilərin göz yaşlarına inanırlar.
Türklər daha ermənilər üçün nə etməlidirlər ki, dünya gücləri sakitləşsin? Hətta ölkə ictimaiyyətinin etirazına baxmayaraq, Sürixdə anlaşma protokollarını imzaladı, ölkə arxivlərini erməni tarixçilərinin üzünə açdı, 1915-ci il hadisələrini birgə araşdırmaq üçün birgə komissiyanın fəaliyyətini təklif etdi, ermənini baş nazirin müşaviri təyin etdi, acından ölən 70 minə qədər Ermənistan vətəndaşının Türkiyədə çörək qazanmasına şans verdi…Ancaq erməni ötən əsrin əvvəllərində olduğu kimi yenə xəyanətlə qarşılıq verdi.
Davamlı şəkildə erməni həyasızlığını görən prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycanı təhdid edən məsələlərdən eyni zamanda bəhs edib. Sitat: “Ermənilər qondarma erməni soyqırımı iddiaları və Qarabağın işğaldan azad edilməsi istiqamətində müsbət addımlar atsalar, onlarla hər növ əməkdaşlığa hazırıq. Bu iradəni, bu cəsarəti göstərəcək erməni siyasətçiləri, Ermənistan rəhbərliyi ilə görüşlərə, danışıqlara daim hazırıq. Lakin, öncə Qarabağ problemi həll olunmalıdır”.
“Öncə Qarabağ” deyib cənab Ərdoğan. Keçən ilin sonlarında əli türk qanına batmış Sərkisayana Çanaqqala dəvətini göndərən və sülhə ümid edən Rəcəb bəy daha dəvətlə, futbol diplomatiyası ilə ermənini ram etməyin mümkünsüzlüyünü bir daha yəqin edib. Ona görə də “ÖNCƏ QARABAĞ” deyib.
Azərbaycan prezidenti Avropadakı tədbirdə erməni rəhbərliyinin Türkiyə haqqında sərsəmləməsinə cavab olaraq “burda Türkiyə yoxdur, amma mən varam” demişdi. İndi Türkiyə rəhbərliyi də erməninin yadına işğal etdiyi Qarabağı salır. Gərək daim belə olsun, biz deməsək də, istəməsək də, dostumuz kimi düşmənimiz də birdir. Ermənilərin ənənəvi sualı var: “hay es, türk es?” Sərkisyan erməni gənclərinə demişdi ki, Qarabağ məsələsi “həll etdi”, gənclər də Ağrının taleyini həll etməlidir. Yəni erməni Türkiyə və Azərbaycan türkünü, dövlətini ayırmır. Onlar bizə bir millət, bir dövlət kimi baxır.
AŞPA-nın yaz sessiyasında da anti-türk müzakirələri gözlənilir. Gərək Azərbaycandan olan deputatlar düşmənin bu fitnəsini pozmaq üçün maksimum çalışsın. Çanaqqala zəfərini birgə qeyd etmək üçün Bakıdan prezident başda olmaqla çoxsaylı təmsilçilərimiz Türkiyəyə gedəcək bu həftə. Azərbaycan və Türkiyə 100 il əvvəl olduğu kimi bir yerdədir. Daim belə olması lazım. Bizim bir-birimizdən başqa kimimiz var ki..?