Загрузка...

87227_res_00

“Mən demişəm, dediyimin üstündə də dayanıram. O adamların ölümündə Aslan Aslanovun əli var. Məni məhz cinayətləri haqda danışdığım üçün həbs etdirmişdi. İstəmirdi ki, iç üzü ortaya çıxsın”.

Bunu “Yeni Müsavat” qəzetinə açıqlamasında Şəmkir rayon sakini Elpərəst Həsənli deyib.

Əvvəlcə onu deyək ki, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanova qarşı aparılan kampaniyanın “mərkəzi fiquru”na çevrilmiş E.Həsənli artıq bir müddətdir bu köhnə ittihamlarını səsləndirir. Ona cavab da gəlib. Özü də elə adı E.Həsənli tərəfindən hallandırılan Şəmkir sakinləri tərəfindən. Nəinki təkcə həmyerliləri, hətta ailə üzvləri və qohumları da virtualaz.org saytına ünvanladıqları müraciətlərində (həmin müraciətlə bu link vasitəsilə tanış ola bilərsiniz) E.Həsənlinin yalan danışdığını, qarşı tərəfə böhtan atdığını etiraf ediblər. Bu şəxsin psixologiyasında ciddi dəyişikliklərin olmasını (məsələn, öz şəxsi avtomobilinin salonunu cürbəcür uşaq oyuncaqları ilə doldurmasını) nəzərə alaraq ona fikir verməməyi məsləhət görüblər.

Bu haqda bir qədər sonra. Hələliksə E.Həsənlinin yeni köhnə ittihamları haqda…

Birinci ittiham

E.Həsənli son müsahibəsində bildirir: “Gədəbəy batalyonunun komandiri olmuş Cahangir Rüstəmovun, general-mayor Fikrət Məmmədovun və başqalarının ölümü ilə bağlı dediklərimi araşdırsınlar. Böhtan atıramsa, cəzamı çəkməyə hazıram. Aslan Aslanov vəzifədə idi, arxasında Səfər Əbiyev dayanmışdı. İndi ki vəzifədə deyil, indi araşdırsınlar. Onda görəcəklər ki, Aslan Aslanovla Səfər Əbiyev vəzifədə qalmaq üçün hansı oyunlardan çıxıblar. Əgər Fikrət Məmmədov sağ qalsaydı, o, müdafiə naziri olacaqdı. Cahangir Rüstəmov da onun dediyi ilə oturub-durmurdu, əsl zabit idi. Onu da aradan götürdülər. Dediyim odur ki, araşdırsınlar, görəcəklər ki, bu işlərin arxasından Aslan Aslanov çıxacaq…”

Beləliklə, E.Həsənli iddia edir ki, o, bir vaxtlar bunları dilə gətirdiyi üçün həbs olunub: “Aslan Aslanov məni məhz cinayətləri haqda danışdığım üçün həbs etdirmişdi”.

E.Həsənlinin qohumlarının və yaxınlarının onun ruhi vəziyyətindəki dəyişikliklər barədə dediklərini nahaq xatırlamadıq. Amma bunlar subyektiv rəylər ola bilər. Ortada isə Azərbaycan dövləti adından verilmiş, necə deyərlər, daşdan da, dəmirdən də keçən mötəbər sənəd – əlahəzrət fakt var. Bu, məhkəmə qərarıdır. Həmin sənəd E.Həsənlinin A.Aslanov haqqında dediklərinə görə və sabiq icra başçısının guya şəxsi istəyi və ya sifarişi əsasında həbs olunması barədəki iddiaların sadəcə cəfəngiyyat olduğunu sözbəsöz göstərir.

Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Məhkəmələrin İşləri üzrə Məhkəmə Kollegiyasının 01 sentyabr, 2005-cil tarixli qərarında yazılanlara baxaq.

Həmin məhkəmə qərarından belə məlum olur ki, hələ uzaq sovet dövründə – 1973-cü ildə də məhkumluğu olan və cəzasını çəkən Elpərəst Həsənlinin Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 12 may, 2004-cü tarixli qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum edilməsinin konkret səbəbi var. Özü də hərbi xarakterli cinayət işi üzrə… Yəni məhkəmə qərarından belə məlum olur ki, bu qərar verilərkən Aslan Aslanovun istəyi, arzusu, kiməsə qarşı şəxsi münasibəti və s. yox, E.Həsənlinin oğlu Xəlil Həsənlini hərbi xidmətdən yayındırmaq üçün müxtəlif vaxtlarda müxtəlif rütbəli hərbçilərə müxtəlif məbləğlərdə rüşvət verməsi faktı əsas götürülüb.

Belə ki, məhkəmə qərarına görə, E.Həsənli oğlunun adının 502 saylı hərbi hissədə əsgərlikdə, özünün isə evdə olmasını təmin etmək üçün 2002-ci il oktyabrın əvvəllərində həmin hərbi hissənin komandiri, polkovnik-leytenant Təbriz Dadaşova avans olaraq 100 dollar rüşvət verib. Xəlil Həsənli həmin il oktyabrın 14-də rəsmən hərbi xidmətə çağırılır. Amma adının getdiyi hərbi hissəyə bir aydan sonra – noyabrın ortalarında gedib çıxıb. Necə deyərlər, “tanışlıq üçün”. Buna görə isə E.Həsənli əlavə xərcə düşüb. O, komandir T.Dadaşova 2003-cü il, yanvarın 15-də və aprelin 15-də hər birində 300 dollar olmaqla üst-üstə 600 dollara yaxın rüşvət verib. Bu “yaşıllar”ın müqabilində isə E.Həsənlinin oğlu Bakıdakı mənzilində “ağappaq əsgər həyatı” yaşamışdı.

İstintaq və məhkəmə araşdırmaları zamanı Xəlil Həsənlinin 8 ay 7 gün müddətində hərbi xidmətdən yayındığı sübut olunmuşdu.

Hələ bu da hamısı deyil. 2003-cü il, yanvarın 1-dən həmin ilin iyuluna qədər ayağını bircə dəfə də hərbi hissəyə basmayan əsgər (?-red.) X.Həsənli 2003-cü il, iyulun 8-də şəhərdə gəzərkən təsadüfən saxlanılmış, onun hərbi xidmətdə olduğu müəyyənləşmiş, aidiyyəti üzrə hərbi polisə təhvil verilərək əsgər dustaqxanasına salınmışdı.

E.Həsənli oğlunu həbsdən qurtarmaq üçün səhərisi gün hərbi hissə komandirinə 250 min manat (köhnə kursla) rüşvət verərək məsələni “yoluna qoymuşdu”. Daha sonra isə bir qədər də irəli gedərək ali təhsili olmayan oğlunun hərbi biletini saxtalaşdırmış və onun ali təhsillilər kimi 1 il xidmətdən sonra tərxis edilməsinə nail olmuşdu.

Bütövlükdə isə məhkəmə sənədlərinə görə, E.Həsənli oğlunun evdə hərbi xidmət “çəkməsi” üçün onun komandirinə hər ay 100 dollar verdiyini şəxsən öz etiraf və təsdiq edib ki, bu da cinayətdir və bu cinayəti törədənlər həbs edilir…

Elpərəst Həsənli

Beləliklə, məhkəmə qərarından görünən budur ki, “Xəlil Həsənli” firmasının prezidenti və “əsgər” Xəlil Həsənlinin atası, indi özünü qanunpərəst, haqpərəst kimi göstərən iş adamı Elpərəst Həsənli 7 illik həbsə məhz bu işdəklərinə görə layiq görülüb, başqa epizoda və səbəbə, məsələn, Aslan Aslanovun zövqünə və ya ovqatına görə yox…

Bu, E.Həsənlinin ittihamlarının aşkar iftira xarakterli cəfəngiyyat olduğunu göstərən sənəd-sübut.

Digər sübut isə 1992-1995-ci illərdə Gədəbəydəki 171 (861) saylı hərbi hissə komandirinin silahlanma üzrə müavini vəzifəsində xidmət etmiş Dilqəm Sabir oglu Əliyevin virtualaz.org saytına verdiyi açıqlamadır. Onun dediklərindən:

“Mən – Əliyev Dilqəm Sabir oglu 1992-1995-ci illərdə Gədəbəydə yerləşən 171 (861) nömrəli hərbi hissə komandirinin silahlanma üzrə müavini vəzifəsində xidmət etmişəm. Ehtiyatda olan mayor, müharibə veteranıyam. Şəxsi döyüş hesabımda düşmənin sıradan çıxarılmış onlarla hərbi-zirehli döyüş texnikası və yüzlərlə öldürdüyüm erməni var. Şəmkirin keçmiş icra başcısı Aslan Aslanovu 1993-cü ildən tanıyıram. O, icra başcisi təyin edildikdən sonra hərbi hissəmizə güclü yardımlar göstərməyə başladı. Bunu hamı bilirdi. Hərbi hissənin komandiri, polkovnik Cahangir Rüstəmov Gədəbəy rayonunun Qaravəllər kəndinin Ağdaş postuna yaxın yerdə 44 00 AO nömrəli, “UAZ-3151” markalı maşınla minaya düşərək faciəvi şəkildə şəhid oldu. İki gündən sonra işi araşdıran Qazax qarnizonu hərbi prokurorluğunun əməkdaşı Səbuhi Lütfi oğlu Xasiyev də həmin yerin yaxınlığında 44 88 AO nömrəli, “UAZ-3151” markalı maşınla minaya düşərək şəhid oldu.

Həmin ərazi Şəmkirdən təxminən 130 km aralıda, uzaq bir məsafədə yerləşir. General-mayor Məmmədov Fikrət Seyfulla oğlunu 1974-ci ildən tanıyıram. O da Şəmkirdə hərbi hissə komandiri olduğu vaxt Gədəbəy hərbi hissəsini yoxlamadan qayıdan zaman Gədəbəy rayonunun Qaramurad kəndi ərazisində avtomobil qəzasında dünyasını dəyişmişdi. Bu faktlar barədə prokurorluq orqanları araşdırma aparıblar.

Elpərəst Həsənlinin “Yeni Müsavat” qəzetində dərc etdirdiyi məqalə boş və mənasız söz-söhbətdən başqa bir şey deyil. Çünki onun nə hərbdən anlayışı var, nə döyuşdən, nə də hərbi hissələrdən”.

Polkovnik Cahangir Rüstəmovun guya A.Aslanovun əli ilə öldürülməsi barədə deyilənlərin absurdluğunu göstərən digər fakt həmin hadisələrin canlı şahidi olmuş Gədəbəy sakinlərinin virtualaz.org saytına danışdıqlarıdır.

“Rəhmətlik Cahangir Rüstəmovun həlak olmasında Aslan Aslanovun əlinin olduğunu iddia etmək sadəcə olaraq qərəz və ya məlumatsızlıq da deyil. Bu, axmaqlıqdır. Çünki Gədəbəydə hamı yaxşı bilir ki, Aslan Aslanovun Cahangir Rüstəmovla çox yaxın münasibətləri vardı. Dost idilər. O dövrdə Milli Ordu təzəcə yaranırdı və köməyə ehtiyac vardı. Aslan Aslanovun Cahangir Rüstəmovun komandiri olduğu hərbi hissəyə hansı yardımları göstərməsi bütün yerli sakinlərin, habelə döyüşçülərin, əsgər və zabitlərin yadındadır. Aslanov hərbi hissəni isti paltarla, əsgər çəkməsi, qalın geyimlər və s.-lə təmin edirdi. Həmin hərbi hissəyə 30-dək tank motoru, tanklar və BTR-lər üçün akkumulyatorlar alıb vermişdi. Yəni bu adam mərhum komandirlə əl-ələ verərək hərbi hissənin təchizat və təminatında, torpaqlarımızın müdafiəsində böyük xidmətlər göstərib. Yardım elədiyi hərbi hissənin komandirinin ölümü onun nəyinə gərək ola bilərdi?!” – deyə həmin dövrdə baş verənlərin canlı şahidi olmuş Gədəbəy sakinləri bildirir.

İkinci ittiham

E.Həsənli bugünkü müsahibəsində A.Aslanovun hərbi mühafizə altında gəzməsindən də danışıb: “Aslan Aslanov özünü ölkə rəhbərliyinə əzab çəkən biri kimi göstərmək istəyirdi. Bunun üçün min oyundan çıxırdı. Aslan vəzifədə qalmaq üçün nə desən, onu edərdi. Təki vəzifədə qalsın. O vaxt Şəmkirdə başçı olanda özünə güllə atdırmağı da vəzifə hərisliyindən idi. Gəncə yolunda Quşqara kəndi ərazisində dəmiryol keçidi var, orada maşınını güllələtdirmişdi. Özü və sürücüsü maşından düşmüşdülər, maşını Səfər Əbiyevlə Bakıdan gələn hərbçi gülləboran eləmişdi. O hərbçi həmin gün səhər Səfər Əbiyevlə birgə Bakıdan gəlib Şəmkirdə yerləşmişdilər. Ona əvvəlcədən aparıb maşını güllələyəcəyi yeri də göstərmişdilər.

Maşında 19 güllə yeri vardı. Əgər Aslan və sürücüsü həmin vaxt maşında olsaydılar, nə o, nə də sürücüsü sağ qalmazdı. Bu tamaşanı ona görə qurmuşdu ki, ölkə rəhbərliyi buna dəyməsin. Üstəlik, Səfər Əbiyev də ona hərbçilərdən ibarət dəstə ayırsın. O tamaşadan sonra Səfər Əbiyev ona 10 hərbçidən ibarət mühafizə ayırdı. Hara gedirdisə, həmin hərbçilər Aslanın ətrafında dolaşırdı. O qədər adamın pulunu alıb yalançı vədlər vermişdi ki, küçədə gəzməyə də qorxurdu. Aslan belə işlərlə pul qazanıb…”

E.Həsənlinin dediyində bir həqiqət var: Aslan Aslanovun hərbçi mühafizəçiləri olub. Və elə yalnız bu düzdür, qalanları isə “bulaqüstü ara söhbətləri” silsiləsindəndir. O cümlədən 10 hərbçi məsələsi də. A.Aslanova 10 yox, 4 mühafizəçi ayrılıb.

A.Aslanova yaxın çevrələrdən verilən səhih xəbərə görə, Şəmkirin sabiq icra başçısına hərbçilərdən ibarət mühafizə ayrılması göstərişini o zaman mərhum prezident Heydər Əliyev vermişdi. Buna da ciddi səbəb vardı: Afiyəddin Cəlilovun qətlinin ildönümü ərəfəsi idi, Əliyev hakimiyyətinin üzdə olan təmsilçiləri hədəf götürülə bilərdi. Necə ki, götürülmüşdü də… Aslan Aslanovun xidməti avtomobili gülləyə tutulmuş, E.Həsənlinin dediyinin əksinə olaraq, mühafizəçisi Sənan Məmmədov ağır yaralanmışdı (E.Həsənli isə mühafizəçinin salamat qurtardığını iddia edir – ortada S.Məmmədov boyda fakt ola-ola!).

Bundan əlavə, A.Aslanovun sürücüsü də həmin gülləboran zamanı sol kürəyindən güllə yarası almışdı. Elə Aslan Aslanov özü də həmin vaxt maşında olub. Təkərini güllə deşmiş avtomobil isə 7 km məsafə qət edərək təhlükəli zonadan birtəhər uzaqlaşıb.

E.Həsənlinin bu iddiasını təkzib edən ikinci və daha vacib fakt isə budur ki, A.Aslanova 4 nəfərlik hərbi mühafizəçilər qrupunu Səfər Əbiyevin yox, ondan əvvəlki müdafiə naziri Məmmədrəfi Məmmədovun əmri ilə ayırmışdılar…

Bunlar eramızdan əvvələ aid hadisələr deyil ki, araşdırmaq üçün arxivlərə baş vurasan. Bunlar bizim günlərdə, yaşadığımız dövrdə baş verənlərdir. Canlı şahidi və bəzən də iştirakçısı olduğumuz hadisələrdir. Ona görə də onlar barədə deyilənlərin yalan və ya doğru olduğunu ayırıd etmək o qədər də çətin deyil. Təbii ki, sağlam adamlar üçün…

***

…İndi isə yazının əvvəlində xatırlatdığımız oyuncaq məsələsinə qayıdaq. İndi kimlərinsə əlində oyuncağa çevrilən E.Həsənlinin həyat yoldaşının Gədəbəy batalyonunun mərhum komandiri Cahangir Rüstəmovun oğlu Faiq Rüstəmova dediklərini yada salaq: “Onun həyat yoldaşı şəxsən özü mənə dedi ki, Elpərəst ruhi xəstədir, onu iynə-dərmanla saxlayırıq.

Hələ ağlayıb-sıtqadı da. Qadına yazığım gəldi. Üstəlik də onun adından Aslan müəllimdən üzr istəməyimi xahiş etdi. Dedi ki, siz onun adından yazılanlara fikir verməyin, ağlı başında deyil, bundan da istifadə edirlər.

Həyat yoldaşı daha sonra dediklərinə inanım deyə onun maşınının içini mənə göstərdi. Avtomobilin içi azyaşlı uşaqların topladığı cürbəcür “nakleykalar”dan tutmuş müxtəlif gəlinciklərlə, oyuncaqlarla dolu idi. Yəni normal adam belə eləməz. Hər halda jurnalist onun psixoloji durumundan sui-istifadə etməməli idi…”

Beləliklə, bu məsələdə prinsipcə qaranlıq qalan heç bir məqam yoxdur. Necə deyərlər, hər şey göz qabağındadır. Yalnız bir sual açıq qalır: səhiyyə sisteminə üz tutmalı olan adam nəyə görə mətbuata müraciət edir?

Virtualaz.org