Ötən ilin yayında Ağdam tərəfdə döyüşdə yaralanıb hər iki ayağını itirən lənkəranlı, 19 yaşlı əsgər Sərxan Tahirzadənin şikayəti mediada çıxdı. Vətən savaşı qazisi deyirdi: “Açığı, belə münasibət gözləmirdim. Bu mənə çox pis təsir edir! Bu yaşda iki ayağım yoxdur, dövlətin mənə verdiyi pensiya isə 70 manatdır. 150 manat da prezident təqaüdü verirlər. Deməli, mən bu məbləğlə yaşamalı, hələ bir ailə də qurub onu saxlamalıyam!”. Onun anası da ƏƏSMN Lənkəran şöbəsindən, icra hakimindən şikayətlənmişdi. Bundan başqa Qazilər Birliyi sədri Etimad Əsədovun mövzu ilə, ümumən ölkədə savaş əlillərinin durumu ilə bağlı şikayətləri yayıldı. Ev verilmir, iş yoxdur, dolanmaq çətindir, məmurlar qapıdan qovur və sairə.
Ardıyca məmurlar cavab atəşi açdılar, şikayətçiləri susdurmağa cəhd elədilər. Misal üçün, Lənkəran icra başçısı Taleh Qaraşov hətta Tahirzadənin evindəki hamamı təmir eləməsi haqda açıqlama verdi.
Belə şikayətlər həmişə olacaq, nə qədər ki, durumu kompleks dəyişmək üçün tədbirlər görülməyəcək. İzah edim.
Diqqət elədinizsə, müharibə əlili pensiyasının azlığından şikayətlənir, ancaq bu pulun azlığına cavab verən yoxdur. Avropa Yay Oyunları kimi düşük tədbirlərə milyardlar xərcləyən yapokratlar vətən yolunda sağlığını itirənə cəmi 70 manat aylıq verir. Bu, yumşaq yazsam, vicdansızlıqdır. Hələ bir xəbər də vardı ki, müdafiə naziri Tahirzadənin məsələsini diqqətdə saxlayır. Neyləyəcək? O da Qaraşov kimi hansısa çirkli puldan 500 manat götürüb minnətlə əlil-əsgərə verəcək? Bəlkə tualetə təzə unitaz alacaq?
Normal qanun qəbul edib fiziki qüsurlu insanlara, vətən, dövlət yolunda sağlamlığını itirənlərə normal aylıq pensiya, sivil dünyada olan hüquq və güzəştlər vermək əvəzinə hər biri istəyir kimsə bunun ayağına düşsün, yalvarsın. Misal üçün, hər bir savaş əlilinə verilən aylıq əlavə prezident təqaüdü – 150 manat nə deməkdir? Aşkar siyasi dividend qazanma cəhdi, dövlət pulu ilə öz təbliğatını aparmaq, siyasi korrupsiya. Bunun başqa adı yoxdur. Dünyanın heç bir sivil dövlətində əlilə pulu “prezident təqaüdü” adıyla vermirlər. Dövlət təqaüd verir, bunun da adı dövlət təqaüdü olur. Bizdə isə, təsəvvür edin, 2014-cü ilin oktyabr məlumatına görə 51.100 nəfər (əlli bir min yüz) prezident təqaüdçüsü var! Görün nə qədər adama halal haqqı minnətlə verilir. Görün nə qədər yaltaqlığa ali rəhbərlik səviyyəsində şərait yaradılır. Özgə kisəsindən paydır bunun adı.
Əsgərin anasının ürək ağrıdan sözləri içində deputat Qənirə Paşayevaya kömək üçün üz tutduğu, indi cavab gözlədiyi də yazılmışdı. Axı niyə əlil anası deputatdan fərdi kömək ummalıdır? Bəyəm Sərxan Tahirzadəni Ağdam cəbhəsinə Paşayeva göndərmişdi?
Bu da deputatların köhnə-təzə şousudur, yeri gəlmişkən. Ümumi qanunlar, qərarlar qəbul edib bütün əlillərin durumunu eyni zamanda, kompleks yaxşılaşdırmaq əvəzinə adda-budda köməklik göstərib guya qəhrəman olurlar. Avam, savadsız, yazıq camaat da onları alqışlayır, “əşşi, filankəsdən bir dənədir, kaş bütün deputatlar onun kimi olaydı” deyirlər. Rəhmətliyin uşağı, onlar elə “bütün deputatlar xalq üçün işləməsin” deyə çalışan sistemin dayaqlarıdır. Şəhid ailələrinə verilməli olan 11 min manat qan pulunu dövlət büdcəsinə sala bilməyən deputatxanadan nəsə yaxşı əməl gözləməyin yeri deyil.
Müdafiə Nazirliyi mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Rüfət Əmirov keçən ay gülməli bir açıqlama vermişdi, deyirdi telekanallar gəncləri işğal edilən torpaqların təəssübünü çəkməyə yox, barlara, restoranlara çağırırlar. Mən Əmirovdan soruşmaq istərdim: əsgər iki ayağını itirib 220 manat pensiya alacaqsa, onun indidən bara gedib əylənməsi daha vicdanlı hərəkət deyilmi? Rüfət müəllim özü 220 manatla yəqin heç bir həftə də yaşaya bilməzdi. Hərçənd, kim bilir, bəlkə o bir Rembo-dur, günlərlə ağac qabığı da yeyər…