Rusiyada bir film çəkilib, adını özüm bilə-bilə çəkmirəm, çünki bu saat o film barədə yazı yazmayan bir mən qalmışdım, mən də yazdım. O film bir neçə beynəlxalq mükafat alıb, “Oskar”a da iddia edir.
Film müasir Rusiyada baş verən haqsızlıqdan, ədalətsizlikdən, sovet təbliğatçıları demişkən, neqativ hallardan, antipod ünsürlərdən bəhs edir. Artıq o barədə o qədər danışıblar, yazıblar ki, çox adam baxmışa, görmüşə dönüb.
İndi deyirlər ki, Rusiyada və guya bizim ölkəmizdə o filmin nümayişini qadağan ediblər ki, millətin başını xarab edə, onları hökumətə qarşı körükləyə bilər.
Rusiyanı bilmirəm, amma yüz o cür film ola, biri də bizim halımızı pozan, ovqatımıza təsir edən, düşüncələrimizə təsir göstərən deyil.
Ümumiyyətlə, bizim ölkəmizin özü elə Hollivud kimi bir yerdir. İntəhası, aradakı fərq odur ki, Hollivudda uydurma ssenarilər əsasında maraqlı filmlər çəkirlər, bizdə isə maraqlı olaylar yaşanılır, amma bu barədə film çəkən, çəkə bilən yoxdur.
Baş verən hadisələri ssenariyə alan, Spilberq, Tarantino, Koppola kimi bir rejissorlara təqdim edən olsa, nə detektivlər, trillerlər, komediyalar ərsəyə gətirmək olar.
Məsələn, onlar təkcə Hacı Məmmədovla bağlı prosesi əsas götürərək, heç bir uydurmaya yol vermədən, sırf sənədlər əsasında ən azı beş seriyalı film çəkərlər, “Sprut” və “Xaç atası” yalan olar, bütün dünya “Qarabulaqlı qatil” filminin tamaşasına durar.
38 yaşında qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun həyatı ilə bağlı film ingilis kinematoqrafçılarının çəkdiyi və 38 yaşlı qadın jurnalistin qətlindən bəhs edən filmi kölgədə qoya bilər.
13 yaşından bəri başına gəlməyən məşəqqət, pəstəha, ağrı-acı qalmayan Lamiyənin həyatı bir neçə seriyalıq filmə sığışmaz. Bunun üçün Osman Sınav və Mustafa Şevki Doğan kimi rejissorlar lazımdır, qızın həyatından bəhs edən ssenarini götürüb “Kurtlar vadisi” kimi bir serial çəkələr. O işdə azı 50 bölümlük serial materialı var. Ta nə olmaz ki, o filmdə? Məmur fironluğu, harın züryət qudurğanlığı, azyaşlı qıza qarşı cinsi zorakılıq, məhbəs işgəncəsi, Femida rəzilliyi, rəis-prokuror-hakim köləliyi və sair və ilaxır.
Lamiyənin filmini gerçək, həyati səpkidə çəkən, dünyaya çıxaran olsa, “Oskar”ı götürər. Onun yanında Zvyagintsevin dildən düşməyən filminə qoz da verməzlər.
Triller, siyasi detektiv həvəskarları da ruhdan düşməsinlər. Onların menyusuna da maraqlı filmlərimiz ola bilər. Məsələn, belə bir film adı düşünün: “Yağmurluqlu killer generalı necə güllələdi”.
Bu günlərdə “Balaxanski” kod adıyla tanınan əməkdaşımız Elşən general Rail Rzayevin 6 il öncə bu gün baş vermiş qətli barədə ssenarifason bir yazı yazıb, onu oxuyanda adam elə bilir, oturub filmə baxır.
Budur, əyninə geyindiyi gödəkçənin yağmurluğunu (öz dilimizdə desək, kapyuşonunu) üzünə saldığı üçün üzü görünməyən naməlum şəxs küçədə idmançılar dəstiri aşağı-yuxarı qaçır, müşahidə kameraları onu izləyir, amma adamın üzü görünmür. Birdən o, zibil qutularının yanında dayanmış avtomobilə yaxınlaşır, gödəkçəsinin altından səsboğuculu tapançasını çıxarıb maşında oturmuş, çiynində iri ulduzlu general poqonu olan şəxsə atəş açır və cəld şəkildə geriyə dönərək aradan çıxır, türkün sözü, kayıblara qarışır.
Film belə başlasa, çox effektiv, maraqlı alına bilər, tamaşaçıları ekran qarşısına kilidləyər. Ancaq bir çatışmazlıq var: bəs filmin sonrası necə olacaq? Naməlum qatil, naməlum sifarişçi tapılacaqmı? Filmin bundan beləsini davam etdirmək üçün fantaziyası geniş ssenarist və rejissor lazımdır ki, kriminalistlərin əvəzindən naməlum sifarişçi və killeri tapıb filmi tamamlasın. Yoxsa bu işə görə bir neçə yetim-yesirin həbsə alınmasını göstərməklə filmi yekunlaşdırmaq olmaz. Tamaşaçı baxıb deyər, heyf zənnimizə, o cür gözəl başlayan filmə bu cür sönük final yaraşmaz. Heç bu film mükafat da ala bilməz.
Erotika həvəskarlarının isə şikayətlənməyə əsasları yoxdur. Son illər hökumət adamları bu janrda xeyli film çəkiblər, hamı da baxıb. Düzdür, bu filmlər keyfiyyətsizdir, rejissor, operator və aktyor işi palaz səviyyəsindədir, amma heç olmasa, ortada iş var. İş olan yerdə nöqsan da olar.
Qaldı kinokomediyalar… Çəkən olsa, çox adam özünü tanıyar.