Bakının Bibiheybət qəsəbəsində, Yeni Salyan yolunda jurnalistlər üçün tikilən ikinci yaşayış binasının 12 mərtəbəsi inşa olunub. Noyabrın 13-də “Media forum” saytına danışan KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli belə deyib.
Vüqar Səfərli qeyd edib ki, binanın tikintisi təyin olunmuş qrafikə uyğun davam etdirilir: “Bütün işlər öz normasında gedir. Binanın 12-ci mərtəbəsində işlər davam etdirilir. Hər hansı yubanma yoxdur. Bina tam hazır olduqdan sonra mənzillərin jurnalistlərə verilməsi ilə bağlı bütün şərtlər açıqlanacaq”.
3 bloklu, 17 mərtəbəli və 255 mənzildən ibarət olacaq binanı 2015-ci ildə təhvil vermək planlaşdırılır. Mənzillər 1, 2, 3 və 4 otaqlı olacaq.
Ərazidə jurnalistlər üçün tikilmiş 156 mənzilli ilk bina 2013-cü ildə istifadəyə verilib. Açılış mərasimi iyulun 22-də olub və həmin gün ikinci binanın təməli qoyulub.
Jurnalistlər üçün yaşayış binası dövlət vəsaiti hesabına tikilir və pulsuz paylanır.