Millət vəkili Fazil Mustafa qumarxanaların fəaliyyətinə etiraz edib. “Qafqazinfo” xəbər verir ki, o bu barədə facebook hesabında bildirib ki, Türkiyənin baş naziri Əhməd Davudoğlunun bu istiqamətdə apardığı işləri müsbət qiymətləndirir:
“Türkiyədə dövlət adına oynanan qumarın-lotereyanın ləğv olunması bütün hallarda insanların faydasınadır. Bunu heç İslamla da əlaqələndirmək lazım deyil. İstər dindar, istər qeyri-dindar, soruşun çevrənizdəki insanlardan, görün qumardan kim mütləq mənada xeyir görüb? Dağılan ailələrin, müflis olan insanların həyat dramı təkcə romanlarda rast gəlinməz. Nə zamansa Azərbaycanda da bu addım atılmalıdır. İnsanların ümidinin şansa buraxılmasını, yüzlərlə adamın qumarxanalarda həyatını mənasızlaşdırmasını böyük faciə olaraq görürəm. Ola bilsin ki, buna da etirazlar olacaq ki, onda bu pullar başqa ölkələrin büdcəsinə axacaq. Futbolda və başqa idman sahələrində olan milyardlarla qumar pullarından da ölkələrin imtina etməsi asan görünmür. Ancaq narkotikdə də böyük pullar var, mübarizə aparılmasın ki, bu pullar əks halda başqasının cibinə axacaq? Qumarın hər hansı növünün yığışdırılmasının tərəfdarıyam. İnsan həyatında ən ağır xəstəliklərdən də biri şübhəsiz ki, qumardır”.
Qafqazinfo.az