Bütün dünyada olduğu kimi, ölkəmizdə də futbola təkcə kişilər azarkeşlik etmirlər
Azərbaycanda da getdikcə tribunalarda qadın izləyicilər gözə dəyir. Son vaxtlar “Qarabağ” və “Neftçi”nin Avrokubok oyunlarda göstərdiyi baxımlı oyunlar azarkeşlərin də sayını artırıb. Xüsusən də, Ağdam təmsilçisinin göstərdiyi gözəl oyun Azərbaycanda hamı tərəfindən çox bəyənilir desək, yanılmarıq. Bu uğurlara görə artıq bizdə də oyunlara gələn qadın azarkeşlərinin sayı artıb. “Qarabağ”ın qadın azarkeşlərindən olan Sevinc Məmmədovanın komandasını çox sevməsi, diqqətimizi çəkdi və biz də onunla söhbətləşmək qərarına gəldik.
– Necə oldu ki, əsasən kişilərin izlədiyi futbola maraq yarandı?
– 2002-ci il dünya çempionatında evdə anam Braziliya millisinə azarkeşlik edirdi. Mən də anamla birlikdə oyunları izləməyə başladım və çox xoşuma gəldi. Arada babamla da futbol izləyirdim. Həmin vaxtlarda uşaq olduğuma görə, sadəcə həvəs idi. Lakin 2005-ci ildə “Liverpul”un Çempionlar Liqasındakı oyunlarını görəndən sonra futbola olan həvəs sevgiyə çevrildi. O vaxtdan futbolu sevirəm və izləyirəm.
– Bəs “Qarabağ”ı nə vaxtdan sevməyə başladınız? Niyə məhz “Qarabağ”?
– Mən heç vaxt Azərbaycan futboluna maraq göstərmirdim. Heç bir oyunu izləmirdim, klublarımızı tanımırdım. İlk dəfə 2009-cu ildə “Xəzər Lənkəran”la “Qarabağ”ın oyununa baxdım. O vaxtdan bu klubu çox bəyəndim. Daha sonra avrokuboklarda oyunlarına baxmağa başladım. Gördüm ki, bu klub tam fərqli futbol oynayır. Həmin vaxtlarda heyətin əksəriyyəti azərbaycanlı futbolçulardan ibarət idi.
– Oyunları meydançada izləyəndə sizə təəccüblə baxan olurmu?
– İlk dəfə ötən il stadionda olmuşam. Bizim sektorda qadın yox idi, amma stadionda qadın var idi. Daha sonra getdikcə çempionatımızın çox oyunlarını canlı izləməyə başladım. “Qadının burada nə işi var?” deyənlər də, sevinən insanlar da görmüşəm.
– Bəs sizdə qadınların az olduğu yerə getmək narahatlığı yoxdur? Çünki siqaret çəkənlər, nalayiq ifadələr işlədənlər ola bilər…
– Demək olar ki, siqaret həmişə mənə mane olur. Bəzən yanımda olanlardan çəkməməsini xahiş etdiyim vaxt hörmət edən də olur, çəkənlər də. Bu da çox normal bir şeydir. Amma heç vaxt mənim olduğum sektorda nalayiq söz deyən olmayıb. Sağ olsunlar, qadınlarımıza böyük hörmət edənlər çoxdur. Bir tək “Qarabağ” – “Neftçi” oyununda elə bir şey olacaqdı, həmin azarkeşləri də çıxardılar. Məndə elə bir kompleks yoxdur ki, qadın az olan yerə getməməliyəm. Oyunları izləmək mənim üçün maraqlıdır, başqa qadınlar üçün olmaya bilər. Ona görə də özümü futboldan məhrum etməyi düşünmürəm.
– “Qarabağ” qadın gözü ilə necə şərh edərdiniz?
– “Qarabağ” istər qadın, istərsə də kişi azarkeşin gözündə ürəklərə yol tapmış bir komandadır. Çox qısa vaxt ərzində hamının sevdiyi klub olmağı bacardı. Həm avrokuboklardakı oyunları, həm də çempionatımızdakı çıxışı izlənməyə dəyər matçlar olur. Komandam daha güclü, baxımlı, rəqibə uyğun və gözəl oyun nümayiş etdirir. Əbəs yerə Qafqazın “Barselona”sı deyil axı. İndiyə qədər ən çox sevdiyim oyun “Sent-Etyenn”lə görüş olub.
– Adətən qadınların ofsaydı anlamadıqları deyilir. Belə düşünənlərə nə cavab verərdiniz?
– Bəli, eşitmişəm. Mənim özümə də çox deyiblər “sən Allah, bilirsən ofsayd nədir?” Mən bunu bilməyən xanımlardan deyiləm. Futbolla bağlı çox şeyi bilirəm.
– Dünya miqyaslı komandalardan hansına azarkeşlik edirsiniz? “Qarabağ”la arasında nə fərq görürsünüz?
– “Liverpul”a. İlk könül verdiyim komandadır. “Qarabağ”la “Liverpul”u müqayisə etmək istəməzdim. “Liverpul” Avropanın və ingilislərin ən titullu klublarından biridir. Düzdür, son vaxtlar yaxşı çıxış etmir. Amma sözünü demiş komandadır. İnşallah, “Qarabağ”ımız da bir gün belə titullar qazanıb, dünyada məhşur olar. İnanıram ki, o gün uzaqda deyil.
– Klublarımızda son vaxtlar xanım fan-klubları yaranmağa başlayır. Siz “Qarabağ”ın xanım fan-klubuna üzv olmağı düşünmürsünüz?
– Sözün düzü, bunu ilk dəfə mən də təklif etdim, sosial şəbəkədə dəfələrlə statuslar da yazdım ki, istəyən qadınlar desin, birlikdə müraciət edək. Dostlarım da dedilər qoşularıq, daha sonra heç kimdən xəbər çıxmadı. Hazırda fan-klub dedikləri tanınmış jurnalistlərdir. Mən istəyirəm ki, təkcə Avrokubok oyunlarında yox, hər matçda “Qarabağ”ı dəstəkləyək. İndi Avrokubokda yaxşı oynayanda qadınlar ortaya çıxır, amma Premyer Liqa matçlarını canlı izləyən qadın sayı az olur. Mən fan-kluba üzv olmağı düşünmürəm.
– Səbəb nədir?
– Mən heç bir oyunu sakit izləyə bilmirəm. Səs-küylü azarkeşəm. Sektorda olanların da səs-küylü dəstək olmalarının tərəfdarıyam. Fan-klubdakılar isə sakit oyun izləyən bir neçə qızdır.
– Futbola marağı olan, lakin evdə izləyən xanımlara nə deyərdiniz?
– Nə deyim, çoxumuzun futbol izləməsini evdən icazə vermirlər. İnsanların çoxu fikirləşir ki, qadının futbol izləməsi mənasızdır. Necə bir zamanlar deyiblər ki, qadın oxumamalıdır. Bu problem zamanla həll olunub. İnanıram ki, getdikcə futbolla bağlı düşüncələr də dəyişəcək.
– “Qarabağ”la bağlı ən böyük arzun nədir?
– Komandamızın daha böyük uğur əldə etməsini istəyirəm. Avrokubokun xəyalını da qururam. İnanıram ki, komandam buna layiqdir, zəif deyil. Bundan əlavə, ən böyük arzum kapitanımız Rəşad Sadıqovun öz formasını imzalayıb mənə hədiyyə etməsidir. Onda dünyanın ən xoşbəxt insanı olaram.