Naxçıvandakı çuçxe rejiminin Bakıdakı yapistlər üçün bir laboratoriya olduğunu dəfələrlə yazmışıq. İndi bunu yapistlər özləri də etiraf edirlər. Dünən Səyavuş Novruzovun intervüsü gözümə dəydi, deyirdi ki, Naxçıvan modelini bütün Azərbaycana tətbiq edəcəyik.
Çox gözəl, çox xariqüladə… Oğullu-uşaqlı olsun, respublikamızla qoşa qarısın. Ə bə bunu niyə indiyə qədər demirdiniz, hıy?! Gül kimi modeldir, əziz başınız haqqı. Tərtəmiz milli mentalitetimizə uyğun bir şeydir.
Ey gidi dünya… Mənim yadıma 20-25 il qabaq, xalqımızın ağzının hələ isti yerdə olduğu vaxtlar düşdü. O zaman xalq hərəkatı-zad beynimizi pozmuşdu, cəmiyyət gündə bir modeldən danışırdı, qəzetlər gah Türkiyə modelindən, gah yapon möcüzəsindən, nə bilim, “Asiya pələnglərindən” qırıldadırdı. Bəzi gülməşəkər analitiklərimiz isə Güney və Quzey Azərbaycanı birləşdirib bunun Almaniya modelinə uyğun inkişafını cızırdı. Küveyt modeli, Norveç üsulu, canım sənə desin, Braziliya sistemindən-filandan dəm vuranlar da var idi. Azca düşünmək qabiliyyəti olan, yəni, qaşığı qulağının dibinə yox, ağzına aparan hər kəs Azərbaycanın gələcəyi üçün bir model ortaya qoyurdu. Əcəb modelli günlər idi…
Ancaq illər dərələrdən sel kimi, təpələrdən yel kimi keçib getdi, bir gün ayılıb gördük ki, qismətimiz Naxçıvan modeliymiş. Bəli, qismət belədir. Fələyin oyunundan hara qaçacaqsan? Bizə bu da çoxdur. Naxçıvan modelinin içində ayrıca Şərur modeli də var, onu tətbiq eləsələr neyləyərdik?
Hələ şükür edək hökumətimiz bizim üçün Naxçıvan modeli düzüb-qoşur, heç model olmasa neyləyərdik? Modelsiz yaşamaq çətindir. Gərək xalqa hansı yolu gedəcəyini göstərəsən, azıb cəbhə xəttini keçməsin, erməniyə əsir düşməsin.
Bunlar öz yerində, ancaq görkəmli sənətkarımız Səyavuş müəllimin intervüsündəki bir cümləni heç başa düşmədim. İntervünün lap qabağında idi, elə fikirləşməyin axıracan oxumuşam. Hələ o dərəcədə dəbə, modaya uymamışıq. Bunu da yazıram ki, bəlkə intervünü axıracan oxuyanlar aranızda var, mənə məktub yazsınlar, izah eləsinlər Novruzov nə demək istəyibdir. Uzun sözün qısası, cümlə budur: “YAP-ın mərkəzi qərargahında olan insan işçilər rayon qərargahlarından azdır”.
Yoxsa Səyavuş müəllim YAP-ın mərkəzi qərargahında robotları da işlətdiklərini demək istəyir? Bu robotlar əl çala, baş əyə, yalmana bilirmi? Lazım gəlsə Qarabağı almağa hazır robotlar varmı?
Nədirsə sirli söhbətdir. Orda insanlardan başqa kim işləyir? Məsələn, hər hansı partiyanın qərargahında döşəməni xartıldadıb dövlət büdcəsi kimi dəlmədeşik edən siçovul, siçan, opossum, taxtabiti, danadişi, quleybanı, halarvadı və sairə gəmiricilər partiyanın işçiləri sayılırmı? Onların yuvasına siçan dərmanı töksək partiya quruculuğuna qarşı repressiyadırmı? Bəlkə bəzi partiyalar elə qərargahlarındakı qeyri-insani varlıqları da ştata yazmaqla üzv sayını 1 milyona çıxardırlar?
Qayıdaq modelimizə. Naxçıvan modelinin Azərbaycanda tətbiqi üçün ilk olaraq yas yerlərində ehsanların yığışdırılması seçilib. Bir növ, axırdan başlayıblar. Eybi yox, təki başlasınlar. Növbəti addımlar olaraq bütün şəhər və rayonlarımızda əhalinin iki-iki gəzməsini qadağan etmək lazımdır. Yeri gəlmişkən, Vasif müəllim Naxçıvanda hətta tək gəzməyi də qadağan edib, ancaq biz hələ o səviyyəyə iddia etmirik. Yavaş-yavaş… İlandağ bir günə tikilməyib ki? Vasif müəllim onun daşını Nil vadisindən belində daşıyıb.
Daha sonra təndirxanaları, çayxanaları bağlamaq, büdcə zəhmətkeşlərini qarğıdalı və çuğundur yığımına cəlb etməliyik. Yoxsa Bakıda elə müəllimlər var, harınlayıblar, çuğundurun ağacda yetişdiyini düşünürlər. Bəzi həkimlərimiz isə süpürgə və xəkəndazı tanımır! Ar olsun onlara.
Naxçıvan modeli mənim də yaxın günlərdə Bakıda çıxacaq “Yeni Şərq qapısı” qəzetində çalışacağımı proqnoz edir. Olsun. Həmişə hazırıq! Lenin baba yolunda! Arxivimdə taxıl əkinlərinə meliorativ qayğı üzrə Vasif müəllimin tövsiyələrindən uzun sitatlar var, səhifəyə qoyacağam.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.