Amerika Kremlə diplomatik cəbhədə növbəti ağır zərbəni Bakıda vurdu; ATƏT PA-nın Ukrayna qətnaməsinin Dağlıq Qarabağ məsələsinə təsir olacaq; Rusiya təmsilçisi ATƏT ölkələrini niyə nüvə silahı ilə hədələdi?..
Rusiya Qərbdən, Amerikadan diplomatik cəbhədə növbəti ağır zərbəni Bakıda aldı. Azərbaycana, Dağlıq Qarabağ məsələsinə bu məğlubiyyətin yaxın-uzaq təsiri mütləq olacaq. ATƏT PA-nın Ukrayna qətnaməsinin ölkəmiz üçün birinci önəmi budur. Bu qətnamə ilə ATƏT özünün 10 prinsipi arasında ərazi bütövlüyünə xüsusi önəm verdiyini ortaya qoydu. Belə bir sənədin məhz Bakıda – ərazisinin 20 faizi işğal altında olan dövlətin paytaxtında qəbul edilməsi bizdən ötrü ikiqat əhəmiyyətlidir – rəsmi Bakının qətnaməni dəstəkləyib-dəstəkləməməsindən asılı olmayaraq.
Əlbəttə ki, hakimiyyət BMT Baş Məclisindəki kimi Ukraynanı müdafiə eləsəydi, sənədin əhəmiyyəti daha da artar, Azərbaycan üçün o, üçqat dəyərdə olardı.
Keçək başqa dərslərə.
Qətnamə indiyədək Qarabağa dair BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı səviyyəsində qəbul edilən sənədlərin dəyərini şübhəsiz ki, artırmış oldu. Sənəd Rusiyaya qarşı konkret sanksiyaları nəzərdə tutmasa da, onun dünyadakı nüfuzuna zərbə oldu. Eyni zamanda Rusiyanın Qarabağ məsələsində nə qədər yararsız və təhlükəli bir “vasitəçi” olması qənaətinə öz möhürünü basdı.
Demək, biz ərazi bütövlüyü, Qarabağ məsələsində etibarlı güc mərkəzinə sığınmaq barədə, nəhayət, qəti qərar verməliyik. Bu, Türkiyənin də yer aldığı Qərb təhlükəsizlik sistemidir, Ukraynaya dair qətnamə layihəsinin müəllifi ABŞ-dır.
Yeri gəlmişkən, Amerikanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, konqresmen Bencamin Kardinin Bakı toplantısında separatçılıq və Krım mövzusunda etdiyi sərt çıxışı, Azərbaycanın da xeyrinə səsləndirdiyi möhtəşəm fikirlər hara, sənədi cidd-cəhdlə sabotaj etməyə çalışan Rusiya təmsilçilərinin aqressiv, dolayısıyla ölkəmizi də hədəf alan qorxulu bəyanatları hara?
“Dondurulmuş münaqişələrin sayı nə qədər artacaq ki, dünya ayılsın?! Azərbaycan, Gürcüstan, Moldova, indi də Ukrayna… Dağlıq Qarabağ münaqişəsi 22 ildir inildəyir, sağaldan yoxdur. Biz Minsk Qrupuna böyük ümidlər bəsləyirdik, amma özünü doğrultmadı. Bəs ədaləti kim bərpa edəcək? Axıdılan insan qanlarına, itirilən torpaqlara göz yumacağıq?! Gözümüzün qabağında ölkələr ərazisini itirir, dövlətlər əriyib gedir. Nəyi gözləyirik?”
Kardinin bu sözləri çox qiymətlidir. Diqqət edin, ABŞ nümayəndəsi Krımın işğalı ilə Qarabağın işğalını eyni qəbildən sayır. Təbii ki, o, öz adından yox, dünyanın supergücü olan Birləşmiş Ştatların adından danışırdı. ABŞ isə Minsk Qrupunun açar-həmsədr dövləti, Rusiyadan qat-qat böyük söz sahibi olduğundan bu mövqenin bizim üçün misilsiz əhəmiyyəti var.
Həm güclü, həm haqlı. Bizə daha nə lazımdı ki. Əfsus ki, Azərbaycan iqtidarının Gürcüstandan, Moldovadan, Ukraynadan fərqli olaraq Amerika ilə yaxınlaşma problemi var, Qərblə bizim rejimi dəyərlər yox, sırf hakimiyyətdən qaynaqlanan özəl maraqlar birləşdirir…
Qətnamə şübhəsiz, iki həmsədr ölkə – Rusiya ilə ABŞ arasında dərin ziddiyyətləri də üzə çıxardı və yəqin ki, onun təsiri Qarabağ problemində özünü göstərəcək. Bakı sammiti habelə Rusiyanın gücünün deyil, gücsüzlüyünün nümayişi oldu; Kremlin hərbi-siyasi orbitində olduqca az sayda ölkənin, dost-müttəfiqin qaldığını əyani göstərdi. Görünür, bu reallığı bildikləri üçün Rusiya təmsilçilərinin çıxışları məntiqdən və gerçəkdən xeyli uzaq, olduqca aqressiv xarakter daşıyırdı.
Onlardan biri qətnamənin qəbulunu əngəlləməkdən ötrü hətta ATƏT ölkələrini nüvə silahı ilə hədələdi. Sitat: “Belə bir sənəd Rusiyanı yerdə qalan ölkələrə qarşı qoyur. Rusiyanın isə özümüdafiə haqqı var. Prezident Putinin imzaladığı Müdafiə Doktrinasında bundan ötrü nüvə silahından istifadə haqqı da yer alıb”. Təbii ki, blefdir. SSRİ iqtisadi gücünə görə Rusiyadan 5, hərbi gücünə görə isə 3 dədə güclü olub. Amma bu, onu çöküşdən xilas edə bilməyib…
* * *
Bütün hallarda Bakı zirvəsinin nəticələrini Qarabağ ixtilafının beynəlxalq normalar çərçivəsində həlli perspektivi üçün qiymətli saymaq olar. Həm də o səbəbə ki, Kremlin satelliti Ermənistanın avantürist mövqeyi və təklifləri də Bakıda keçmədi və ağası Rusiya kimi o da azlıqda qaldı.