May ayı heç şübhəsiz tariximizdə Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılması ilə qalacaqdır. Bu çox böyük bir addımdır, hələ xalqımız möhtərəm cənab prezidentin bu sərəncamından irəli gələn vəzifələri tam dərk eləmək qabiliyyətinə çatmamışdır. Elə planetimiz özü də onu gözləyən maraqlı günlərdən xəbərsiz Günəşin ətrafına fırlanmaqdadır.
Burada bir haşiyə çıxım. Azərbaycanlıların belə əndrəbadi proyektlərindən birində, türkün sözü, yer almışam və tərcümeyi-halımın bu bölümünü həmişə məzə ilə xatırlayıram. 1989-cu ildə “Narxoz”a girərkən Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin müsabiqəsində iştirak etmişəm və onlardan göndəriş qazanmışdım. Yadımdadır, bizə qəbul imtahanı vaxtı “kosmosdan gələnlər” deyirdilər, hətta bir kəndli kişi oğlunu institutun həyətində şapalaqlamışdı, deyirdi, köpəyoğlu, mən səni “Narxoz”a göndərmişəm, sən kosmosa getmisən. Guya biz ali məktəbi qurtaranda həmin kosmik tədqiqatların obyektlərində təyinatla işləyəcəkdik. Sonra SSRİ dağıldı, mərhum Tofiq İsmayılov helikopter qəzasında həlak oldu, bizim proje də batdı getdi. Əlacsız qalıb jurnalistikaya gəldik.
İndi mən sizə deyim, SSRİ-nin dağılması da bizim kosmik tədqiqatlara girişməyimiz səbəbindən oldu. Hətta o vaxt Aya uçmuş məşhur amerikalı astronavt Nil Armstronq eşidəndə ki, Narxoz-da belə gənclər yetişirlər, intihar eləmək istəyibmiş.
Azərbaycanın nüvə tədqiqatları sahəsində fəaliyyətə başlamasından sonra ola bilsin atomun adı da dəyişsin. Bildiyimiz kimi, bu söz qədim yunanların “bölünməz” sözündən gəlir, halbuki zəncirvari nüvə reaksiyası zamanı atomun nüvəsi bölünə-bölünə gedir, elə enerji də bundan alınır. Dövlətçilik təcrübəmizə uyğun olaraq biz atomu “atam” adlandıracağıq. Nüvəsi bölünmüş atoma “atam-atam” deyərik. “Papa”, “baba” variantları da var. (Variant sözü qədim türkcədə var sözündən yaranıb, bunu bir qırağa yazın, hamısı elmdir).
Cənab prezidentin sərəncamında MNTM – qorxuya düşüb Milli Təhlükəsizlik Nazirliyi hesab eləməyin, bu, Milli Nüvə Tədqiqatları Mərkəzimizin abbreviaturasıdır – üçün görüləcək işlərin siyahısı var idi, orda hər nazirliyə tapşırıqlar verilmişdi. Məsələn, Ədliyyə Nazirliyinə mərkəzi qeydiyyata almaq, Fövqəladə Hallar Nazirliyinə isə gələcəkdə nüvə maddələrinin təhlükəsizliyini təmin eləmək tapşırılırdı.
Ən çox xoşuma gələni Vergilər Nazirliyinə də bu istiqamətdə iş tapşırılması idi. Sərəncamda yazılmışdı ki, nazirlik proton və neytronlardan hər kvartalda “şapka” alsın. Zarafat edirəm, bizim vergi müfəttişləri elə pis işlər görmür, ancaq ermənilərdə rüşvət var. Sadəcə, VN-ə tapşırıq verilirdi mərkəzin qeydiyyatına yardım etsin.
Mən bəzi başqa nazirlik və dövlət idarələrinin MNTM işindən qıraq qalmasına üzüldüm. Misal üçün, orda Təhsil Nazirliyinə heç zad tapşırılmamışdır. Bəs sabah milli nüvə reaktorumuzun başında durub qazana qrafit çubuqlarını hansı kadrlar soxacaqdır? Kim 150 balla Gəncə Texnologiya Universitetini bitirib uran alveri ilə məşğul olacaqdır?
Uran demişkən, yaxşı olar Daxili İşlər Nazirliyinə də öz ixtisasına uyğun tapşırıqlar veriləydi. Haçanacan müxalif düşüncəli ünsürlərin cibinə narkotik maddə atacağıq? Novator olmalıyıq, əsrin tələbləri ilə yaşamalıyıq, yoxsa partiyanın adı Yeni Azərbaycandır, adamları isə köhnə üsulla tuturlar. Bəyəm bloqqeri, jurnalisti tutanda onun cibinə milli nüvə mərkəzimizin hazırladığı urandan, plutoniumdan-zaddan bir neçə qram atmaq olmazmı? Hələ satış məqsədiylə bir neçə kilo nüvə məhsulu aparan müxalifətçi tutsan lap Sumqayıta polis rəisi də qoyulmaq olar.
ATƏT-dən xahiş edərik, polislərimizə cibdə bir neçə büküm uran gəzdirməyin sivil üsullarını öyrətsinlər – mitinqdə adam döyməyi öyrətdikləri kimi.
Adam demişkən, sərəncamda Səhiyyə Nazirliyi də unudulmuşdur. Gərək Oqtay Şirəliyevə tapşırılaydı ki, şüalanacaq insanları yerləşdirmək üçün indidən çarpayı fondu hazırlasın. Yoxsa millət bu məqsədlə də İrana gedəcək, biabır olacağıq. Deyəcəklər Azərbaycan İranın nüvə proqramına qoşulub…