Artıq gün kimi aydındır ki, Rusiyanın neoimperiya ambisiyalarının qarşısına tezliklə sipər çəkilməsə, bu iddialar metastaz kimi bütün postsovet məkanına, hətta Şərqi Avropa ölkələrinə yayılacaq. Krım məsələsi bu mənada on illərdir pis-yaxşı mövcud olan beynəlxalq təhlükəsizlik sistemi üçün bir “qırmızı xətt” sayıla bilər.
Demək, vacibdir ki, Moskva Krımı özünə birləşdirməsinə qısa zamanda peşman edilsin, eyni zamanda imperiya tərkibinə qatılmağa səs vermiş Krım əhalisi – əsasən də ruslar öz hərəkətlərinin altını çəkməyə başlasınlar.
Əlbəttə ki, Krım rusları McDonalds-sız keçinə bilərlər, amma, məsələn, yarımadaya Avropaya, Amerikaya və əks istiqamətə mülki aviasiya uçuşlarına bir neçə gün öncə qoyulan qadağa onları mütləq düşündürməyə vadar edəcək. Necə ki, Dağlıq Qarabağ erməniləri analoji durumdadır.
Hələ Dağlıq Qarabağın separatçı rejimi beynəlxalq təcridlə bir elə üzləşməyib. Rusiya üçün anklav rolunda olan Krımın əhalisi üçünsə təcriddən doğan qara günlər lap tez özünü göstərə bilər. Çünki paralel surətdə şimal qonşumuzun iqtisadi vəziyyəti ağırlaşacaq. Artıq ölkənin maliyyə naziri Rusiyanın maliyyə göstəriciləri üçün risklərin ciddiləşdiyini söyləyib.
Bunlar yəqin ki, hələ jurnaldır, kino qabaqda olacaq. Hər halda, insan psixologiyası elədir ki, o, siyasi yeniliyə öncə özünün, ailəsinin rahatlığı, güzəranı baxımından qiymət verir. Krım ruslarının Ukrayna üçün xiffətli günləri isə olacaq, mütləq olacaq. Bu hisslər nə qədər tez yaransa, Donetskin meri, Dnestryanı bölgənin separatçı liderləri Rusiyaya birləşmək arzularını bir daha dilə gətirməz, gözü çıxan qardaşlarından nümunə götürərlər…
Putin hökumətinə qarşı demokratik dünyanın, ABŞ, Avropa Birliyi (AB) və NATO-nun sərt tövr sərgiləmək israrı göz önündədir Ukraynanın təzədən nüvə dövləti statusu əldə eləməsi, NATO, AB-nin keçmiş sovet respublikaları hesabına genişləndirilməsi və ya onlara xüsusi statusun tanınması, Avropanın neft-qaz bazarı üçün yeni enerji qaynaqları və marşrutlarının tapılması istiqamətində səylərin və işlərin intensivləşdirilməsi, Qərbyönlü regional iqtisadi-siyasi blokların (GUAM, Türkiyə-Azərbaycan-Gürcüstan və s.) gücləndirilməsi – bütün bu prosesləri Moskva saxlamaq gücündə olmayacaq.
Təbii, Azərbaycan da proseslərin içində özünəməxsus yerini tutmalıdır və tutacaq. Biz şəksiz ki, ən əvvəl Türkiyədən möhkəm yapışmalıyıq. Qardaş ölkənin Azərbaycanın təhlükəsizliyinin, ərazi bütövlüyü və suverenliyinin qorunması baxımından önəmi heç vaxt olmadığı qədər indi artıb. Türkiyə üstəlik, NATO üzvüdür.
İki qardaş ölkə arasında geniş miqyaslı hərbi əməkdaşlıq sazişinin imzalanmasının zamanıdır. Bəlkə Naxçıvanda təklif olunduğu kimi, Türkiyənin bir qırıcı eskadrilyası yerləşdirilsin? Yerinə düşərdi. Həmçinin, Türkiyə-Azərbaycan-Gürcüstan alyansına əsrin tələblərinin diktə elədiyi məzmun vermək vaxtı çatıb. Hətta ortaq silahlı qüvvələrin yaradılması mümkün görünür. Sonra gec olar…
İstənilən halda, Kremlin Vladimir Jirinovski, Aleksandr Duqin çapında danışan dillərini saya salmaya, Rusiyadan sığortalanmaya bilmərik. Bundan ötrü ən əvvəl regional şərtləri və şansları dürüst qiymətləndirməyi bacarmalıyıq. “Postsovet ölkələrinin ərazi bütövlüyünün yeganə qarantı Rusiyadır”, “Bakı BMT-də Ukraynanı dəstəklədiyinə görə cavab verməli olacaq”, “Dağlıq Qarabağ da Rusiyaya birləşdirilək” tipli hədə bəyanatları boşuna səslənməyib, fərqində olmalıyıq. Dünyaya, beynəlxalq hüquqa ən böyük təhlükə beləcə, məhz Rusiyanın BMT rolunda çıxış eləməsi, ölkələrin ərazi bütünlüyünə “qarant” durmasıdır. Əzrail-bala məsələsi yəni…
Gör, Putin özünə nə qədər arxayındır ki, bu boyda həngamədən sonra da həyasızcasına Ukraynanın MDB-də qalacağına ümid edir, faktiki olaraq, işğalçı ölkələr klubuna çevrilmiş bir qurumun Avrasiya İttifaqınadək yaşamasını istəyir. Təcavüzkarlarla (Rusiya, Ermənistan) təcavüzə məruz qalanlar (Ukrayna, Azərbaycan, Gürcüstan) müttəfiq olacaq, birlik yaradacaqlarmış.
Gerçəkdən də, rus şovinizminin fantaziyası sərhəd tanımırmış…