Ukraynalı müxalifətçi Yanukoviçə qarşı iqtisadi sanksiyaların tətbiq edilməsini istəyir
Ukraynanın UDAR partiyasının lideri Vitali Kliçko Almaniya kansleri Anqela Merkeldən Ukrayna prezidenti Viktor Yanukoviçə və onun yaxın ətrafına qarşı sanksiyaların tətbiq edilməsini xahiş edib. ANS PRESS-in məlumatına görə, bu barədə Kliçko Almaniyanın paytaxtı Berlində Merkellə görüşündən sonra keçirdiyi mətbuat konfransında məlumat verib.
“Ukraynanın təhlükəsiz ölkə olmaması bütün Avropa Birliyi nöqteyi-nəzərindən problemli ola bilər. Bu səbəbdən prosesdə Almaniya hökumətindən dəstək istədik. İnsan haqlarına zidd olan təzyiq tətbiq edən siyasi iqtidara qarşı iqtisadi embarqonun tətbiq edilməsi işə yaraya bilər. Almaniya Ukraynadakı siyasi problemlərin həll edilməsində mühüm rol oynaya bilər”, – deyə Kliçko bildirib.
Almaniya kansleri Anqela Merkellə görüşdə Vitali Kliçko ilə yanaşı, Ukrayna müxalifətinin lideri, «Batkivşina» partiyasının sədri Arseni Yatsenyuk da iştirak edib.