Kleopatra obrazını yaradan 6 ən gözəl aktrisa 

Miladdan öncə 69-cu ildə anadan olmuş Kleopatra antik dövrün ən tanınmış qadınıdır. Onu daha  çox şöhrətləndirən Roma sərkədəsi Mark Antoniyə olan dramatik sevgi hekayəsidir. Bu hekayə bir çox yaradıcı şəxsləri bədii əsərlər və kinofilmlər yaratmağa ilhamlandırıb. Ailəm.az Kleopatra obrazını yaradan 6 ən gözəl aktrisanı sizə təqdim edir.

Kleopatraya sonsuz sayda film həsr edilib. 1899-cu ildə Jorj Melyesin rejissorluğu ilə çəkilmiş “Kleopatra” kinosu ağ-qara və səssiz film olmaqla bu sahədə atılan ilk addımdır. Ondan sonra daha iki film çəkilib. Biz isə 1934-cü ildən başlayacağıq.

Klodett Kolber.  Amerikalı rejissor Sesil de Mil öz “Kleopatrası”nı 1934-cü ildə çəkib. Film operator işinə görə, Oskar mükafatına layiq görülüb. Qeyd edək ki, italyan tamaşaçıları filmi çox pis qarşılamış, kino tənqidçilər isə filmi “parodiya və fals” adlandırmışdı. Kleopatra obrazının ifaçısı fransız Klodett  Kolber həmişə kinoçəkilişlərə gecikirmiş. Çünki ona elə gəlirdi ki, Kleopatranın geyimi onun əyninə yaxşı oturmur və aktrisa hər dəfə bu paltarı düzəltdirməyə göndərirdi.                          

Vivyen Li . “Küləklə sovrulanlar” filmindən tanıdığımız Skarlet obrazının ifaçısı Vivyen Li 1945-ci ildə Qabriel Paskalın rejissoru olduğu “Sezar və Kleopatra” filmində Kleopatra rolunda yer aldı. Bu əsər Bernard Şounun sağlığında sonuncu ekranlaşdırılmış pyesi olur. Linin ifa etdiyi obraza Bernard Şou sərtliklə bu sözü söyləmişdi: “O, tamamilə bu obraza yaraşmır!”.  Film “Ən yaxşı rəssam-tərtibatçı” kateqoriyasında Oskar mükafatına layiq görülüb.

Sofi Loren. Kleopatra haqqında növbəti film italyan rejissoru Mario Mattolinin 1953-cü ildə ekranlaşdırdığı “Kleopatra ilə iki gecə” kinosudur. Əvvəlcə Kleopatra obrazı Cina Lollobricidaya həvalə edilsə də, aktrisa son anda bu roldan imtina etmiş, bu obrazın ifası dünya kinosunun ən gözəl aktrisalarından biri olan Sofi Lorenə həvalə edilmişdir.

Elizabet Teylor. Amerikalı kinorejissor Josef Leo Mankeviç 1963-cü ildə daha bir “Kleopatra”nı çəkdi. Bu filmə 4 ildən çox vaxt və 44 milyon dollara yaxın pul xərcləndi.  Kleopatra rolunda Elizabet Teylor, Mark  Antoni obrazında isə Riçard Byorton çəkiliblər.  Qeyd edək ki, filmin ilk çəkilişləri əvvəl heç də uğurlu getmir. Belə ki, Teylorun gah kaprizləri, gah da xəstələnməsi çəkilişi xeyli yubadırdı. Hətta artıq rolu başqa aktrisaya həvalə etmək fikri belə yaranmışdı. Film 4 Oskar mükafatına layiq görülüb. E.Teylor 1milyon dollardan çox qonorar tələb etsə də, 7 milyon dollara yaxın qonorar alıb. Tək Kleopatranın geyimləri 194800 dollar təşkil edir ki, bu da bir aktyor geyimi üçün rekord göstəricidir. Film baş rol ifaçıları arasında coşğun sevgi macərasına səbəb olur. Film aktrisanın karyerasında yeni bir mərhələ açıb.

Monika Belluççi. İtalyan kinoaktrisası və fotomodel Monika Belluççi Kleopatra obrazını tarixi bir filmdə deyil, 2002-ci ildə Fransa kinematoqraflarının ekranlaşdırdığı “Asteriks və Obeliks: Kleopatranın tapşırığı” filmində canlandırmışdır. Film ekrana çıxan vaxtda ən  bahalı fransız filmi oldu və milli fransız kino mükafatı olan “Sezar” mükafatına layiq görüldü. Çəkilişlərdən sonra baş rolun ifaçılarının geyimləri xeyriyyə məqsədilə auksioanda satıldı və əldə olunan pul uşaqların müdafiəsi təşkilatına bağışlanıldı.

Ancelina Coli. Sonuncu və ən müasir Kleopatra milyonlarla kişinin sevimlisinə çevrilmiş Ancelina Coli olmalıdır. Doğrudur, bu rolun onda necə alınacağı hələ bilinmir. Filmi 2010-cu ildən çəkilməsi planlaşdırılsa da, çəkilişlər bu il baş tutdu. Sizə gözəl seyrlər arzulayırıq. Yəqin ki, ən azı bir Kleopatraya baxmaq barədə düşünəcəksiniz.

Загрузка...