Azərbaycan əsilli məşhur yəhudi milyarder Telman İsmayılov populyar türk müğənnisi Ajda Pekkanı ötən həftənin sonunda Rusiyada bir milyarder dostunun toyunda oxumağa göndərib.
Ajda Pekkanın T.İsmayılovun xanımının “Mardan Palace” otelində keçirilən ad günündə iş adamı tərəfindən səhnədən endirilməsi barədə mediada yayılmış və günlərlə müzakirə olunan xəbərdən sonra yəhudi milyarderin adamları bu günlərdə müğənni ilə əlaqə saxlayıblar.
Məlumatda bildirilir ki, mediada yayılan xəbərlərin təkzib olunmasından sonra T.İsmayılovun sözçüləri Ajda Pekkana zəng edərək bu xəbərlərdən narahatlıqlarını ifadə ediblər. Həmçinin T.İsmayılovun adından Rusiyadakı məşhur milyarder iş adamının toyunda oxumağı müğənniyə təklif ediblər.
Ajda Pekkan bu təklifi məmuniyyətlə qəbul edib və ötən həftə sonunda özəl təyyarə ilə Moskvaya uçaraq toyda oxuyub. Onun toyda hansı qiymətə oxuduğu gizli saxlanılır. Amma bildirilir ki, Ajda Pekkan performansı ilə dəvətliləri coşdurub və həmin axşam da Türkiyəyə dönüb.
Qeyd edək ki, T.İsmayılov hazırda Türkiyədə yaşayır.
virtualaz.org