Türkiyənin Daxili İşlər Naziri Əli Yerlikaya Kocaelinin Dərincə Limanında keçirilən genişmiqyaslı narkotik əməliyyatı barədə məlumat yayıb.
Medianews.az-ın xəbərinə görə, nazir rəsmi "X" hesabında yazıb ki, əməliyyat zamanı 1 ton 508 kiloqram skuns tipli narkotik vasitə ələ keçirilib.
Ə.Yerlikaya bildirib ki, müsadirə olunan narkotik vasitənin satışının qarşısı alınıb və bu yolla cəmiyyətin, xüsusilə də gənclərin sağlamlığı qorunub:
“1 ton 508 kiloqram skuns narkotik müsadirə etdik. Onların cəmiyyətə yayılmasının və ictimai sağlamlığa zərər verməsinin qarşısını aldıq”.
Əməliyyat Milli Polis Baş İdarəsinin Narkotik Cinayətləri üzrə İdarəsi və Ankara Polis İdarəsinin koordinasiyası, həmçinin Kocaeli, İstanbul və Artvin polisinin dəstəyi ilə həyata keçirilib. Nəticədə beş şübhəli saxlanılıb.
Nazir Yerlikaya narkotiklə mübarizənin davam edəcəyini vurğulayıb:
“Bütün mübarizəmiz vətəndaşlarımızı, xüsusən də gənclərimizi narkotikdən qorumağa yönəlib. Biz bu mübarizəni yalnız ölkəmiz üçün deyil, bütün bəşəriyyət üçün aparırıq. Əməliyyatda əməyi keçən hər kəsi təbrik edirəm”.
Əməliyyatla bağlı istintaq davam edir.
Medianews.az