İllərlə yığılan neqativ emosiyanın bir gün partlamayacağna heç kimin zəmanəti yoxdur. İstər işdə, istər evdə və yaxud tıxaclı şəhərdə təmkinini qorumaq, səbirli olmaq zəmanəmizdə hər adama müvəffəq olmur və bu da çox zaman sonra peşmançılığını çəkəcəyin hadisələrə gətirib çıxarır.
Əsəblərin treninqi, təmkini məşq etdirmək üçün danışacağım bu üsul inanıram ki, çoxlarına faydalı olacaq. Amma bir şərtlə ki, avtomobil idarə edə bilməlisiz.
Uzatmadan mətləbə keçim.
Deməli əgər iş yerində, evdə və yaxud şəhərdə kiməsə əsəbləşmisinizsə və içinizdəki bu fırtınanı boşaltmağa poliqon axtarırsızsa dediklərimi eynən təkrar etməniz yetərlidi.
Oturursuz sükan arxasına, açırsız “Waze” proqramını. Orada gedəcəyiniz yer kimi bir ünvan seçirsiz. Məsələn Sumqayıtı qeyd edirsiz. Amma istiqamət götürüsüz Mərdəkan yoluna. Hərəkətə başlamaqla proqramdakı şərti adı Tural olan qardaş başlayır:
-Səkkiz yüz metrdən sonra sağa çıxın!
-Dörd yüz metrdən sonra sağa dönün!
-Sağa dönün, sonra sağa dönün!
Tural səni əks istiqamətdən doğru yola yönləndirməyə çalışacaq. Sən isə düz sürürsən. Döngəni keçəndən sonra “qaqaş” yenə başlayır:
-Bir kilometrdən sonra sağa çıxın!
-İki yüz metrdən sonra sağa çıxın!
-Sağa çıxın, sonra sağa dönün!
Sən yenə də düz sürüsən. Turalın əsəbləşdiyini düşünürsən. Amma o təmkinini pozmur. Döngəni keçəndən sonra mövzuya yenidən qayıdır.
– Bir kilometrdən sonra yolun sağına çıxın!
– Dörd yüz metrdən sonra sağ tərfələ hərəkət edin!
– Sağa çıxın!
– Sağa çıxın!
– Sağa dönün!
Sən düz sürürsən. Düşünürsən ki, bu dəfə qışqıracaq ki, Ay eş…k, sənə dedilər axı sağa dön!”. Amma o heç nə olmamış kimi səbirlidir və qəti səsinin tonunu belə dəyişmir. Əksinə sənin inadına görə getdiyin istiqamətdən sənə alternativ bir yol axtarır ki, “Sən deyən olsun, uzaq olsa da cəhənnəm” Ürəyində gülümsəyirsən, fikirləşirsən ki, sən nə qədər danışırsan danış, mən öz bildiyimi edəcəm və bu dəmdə Tural deyir ki:
-Ehtiyatlı olun, qarşıda radar var!
Onda adamın ürəyi lap yumşalır. Düşünürsən ki, buna qarşı bu qədər hörmətsizlik edirəm, amma o yenə də mənim qayğıma qalır.
Bu treninqdə adam həm deyilənlərə əhəmiyyət verməməklə içindəki neqativləri boşaltmış olur. Həm də bu qədər söz dinləməməzliyə rəğmən necə təmkinli və səbrli olmağı, danışığında etik çərçivələri aşmamağı öyrədir.
Sağol “Tural”!, robot olanda nə olar, səndən öyrəniləcək çox şey var!