Qazın və elektrik enerjisinin qiymətinin artırılması sosial mediada iki gündür ki, müzakirə olunur. Yazanlar artımların əhalinin onsuz da ağır olan güzəranına mənfi təsir edəcəyini bildirir, yetkililər isə digər ölkələrlə müqayisədə qiymətlərin dəfələrlə ucuz olmasından, dünya bazarında enerji daşıyıcılarının qiymətinin artmasından danışırlar.
Əvvəla onu deyim ki, əslində hökumət yetkililəri doğru deyir, bizdə qaz ucuzdur. Mavi yanacağın necə çətinliklə hasil və nəql edildiyini, amma necə asanlıqla təsərrüf olunduğunu təsəvvür edək. Bir kub metr, yəni eni, uzunu və hündürlüyü 1 metr ölçülərdə olan yeşik nəzərdə tutun.
Bu qutu qazla doldurulub və dənizin dibindən birbaşa sizin mənzilinizə nəql olunur. Qiyməti isə cəmi-cümlətanı 12 qəpik (limitləri keçəndən sonra maksimum 25 qəpik). Bu yeşikdə bir balaca dəlik olsa, o qaz bir neçə saniyəyə axıb gedəcək. Deməyim odur ki, bu bir kub qazı hasil və nəql etmək nə qədər çətindirsə, onu israf etmək bir o qədər asandır. Amma bunun əhaliyə satış qiyməti bugünədək 10 qəpik idi, indi isə 12 qəpik olacaq. Qazın qiyməti artımdan sonra da ucuzdur. Həmçinin suyun, elektrik enerjisinin və hətta yanacağın. Bizim ölkədə sosial problem qazın, suyun, yanacaq və elektrik enerjisinin baha olmasında deyil ki. Problem var, bunu inkar etmək qeyri-mümkündür, amma səbəb başqadır. Problemin biri əhalinin əksər hissəsinin işsiz olmasındadır. Əksər ailələrdə 4-5 ailə üzvü olsa da, bir nəfərin iş tapıb işləməsindədir. İşləyənlərin də gəlirlərinin azlığındadır. Başqa problem, həmin az gəlirlə qeyri-ənənəvi, qeyri normal xərclərin ödənilməsindədir. Məsələn, ölkədə təhsil pulsuzdur, amma normal təhsil pulludur. Övladının ali məktəbə qəbul olmasını istəyirsənsə repetitor tutub, pul xərcləməlisən. Səhiyyəmiz pulsuzdur, amma normal, adamı yaşadan səhiyyə pulludur. Xəstələndinsə, ölmək istəmirsənsə pul xərcləməlisən. Bu nümunələri çox sadalamaq olar. Əhali verdiyi vergilər hesabına pulsuz əldə etməli olduğu imtiyazlardan yararlana bilmir. Bu da nəticədə onsuz da az olan gəlirlərin qeyri-normal istiqamətlərə xərclənməsinə gətirib çıxarır. Bu xərclər olmasa adam qazın, suyun, elektrik xərclərinin öhdəsindən rahatlıqla gələr. Qiymətləri digər ölkələrlə müqayisə edəndə, bu detalları heç kim xatırlamır.
Bundan başqa, digər problem də ölkədə orta təbəqənin sayının normadan olduqca az olmasındadır. Əhalinin 5 faizi ideal həyat yaşayırsa, 80 faizi yoxsulluq həddindədir. 15 faiz orta təbəqə ola, ya olmaya. Bunun da səbəbi ölkədə iqtisadi münasibətlərin normal olmamasında, rəqabət prinsiplərinin pozulmasındadır. Kiçik və orta biznesin inkişafının zəifliyi orta təbəqənin yaranmasını çox ləngidib. Ona görə də enerji daşıyıcılarının qiymətlərinin artımı əhalinin böyük hissəsinin güzəranına faciəvi təsir edir.
Qazanılmış Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri olduqca böyük vəsaitlərin xərclənməsini tələb edir.
Dövlətin yükü artıb. Orta təbəqənin zəif olması, bu yükün bir hissəsini öz üzərinə götürməsinə imkan vermir.
Doğrudur, zamanla enerji daşıyıcılarının qiymətləri dünya bazarı ilə uyğunlaşdırılmalıdır. Lakin bu qərarları verməzdən öncə əhalinin faktiki güzəranı nəzərə alınmalıdır. Öncə əhalinin gəlirləri və xərclərinin istiqamətləri qaydasına salınsa daha ədalətli yanaşma olar.
Ələsgər Süleyman