İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Müctəba Dəmirçilu azərbaycanlı diplomat Ramil İmranovun ölümü ilə bağlı başsağlığı verib.
Medianews.az-ın məlumatına görə, səfir sosial şəbəkədə yazıb: "İranda Azərbaycan Respublikasının konsulu, hörmətli Ramil Rza oğlu İmranovun vəfatı xəbərini dərin hüznlə qarşıladım. Bu ağır itkini onun ailəsinə, dostlarına və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindəki həmkarlarına səmimi qəlbdən başsağlığı verirəm. Xidmət borcunu yerinə yetirərkən həyatını itirmiş bu dəyərli həmkarımıza Uca Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyirəm”.
Xatırladaq ki, Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu Ramil İmranov mayın 23-də Culfa-Təbriz avtomagistral yolunda, Mərənd qəsəbəsi yaxınlığında idarə etdiyi xidməti avtomobillə ağır yol-nəqliyyat qəzasına uğrayaraq həlak olub.