Müharibə adı gələndə hər dəfə dizlərim əsir. Uşaqlıqdan eşitdiyim ən ağır, ən faciəli sözdür o. O sözün altında ölüm, itim, fəryad, ayrılıq var. Hə, ayrılıq var. Anadan-atadan ayrılıq, bacıdan-qardaşdan ayrılıq, yardan ayrılıq – bütün bu dünyadan ayrılıq. Yolda bir maşının təkəri qəfil partlayanda ürəyimiz qopur. Bir anlıq diksinirik, qorxuruq. Müharibədə bu səslərin beş qatı, on qatı, yüz qatı gəlir. Üstəlik də ölüm saçır bu səslər.
Şəhid xəbəri göndərir bu səslər. Hansısa şəhərə, hansısa kəndə, hansısa ocağa qara xəbər gətirir bu səslər. Bu səslər işıq söndürür, bu səslər yuva dağıdır, bu səslər ömürləri yarımçıq qoyur. Və o yarımçıq qalan ömürlərlə heç vaxt təsəlli tapmayacaq, sınıq-salxaq insanlar qoyur…
“Oğlum yıxılar deyə, ona velosiped almamışdım” – demişdi bir şəhid atası. Bircə elə bu cümlədəki ağırlığı duya bilirsiniz? Ata yıxılmasına qıymadığı uşağını vətənə qıyıb! Torpağa qurban verib, torpağa tapşırıb.
Dünən isə 50 şəhid xəbəri ilə 50 atanın ürəyinin necə yandığını, 50 anananın haray səslərini eşitdik. Eşitməz olaydıq. Özümüzü tanıyandan müharibə, şəhid xəbəri alırıq. “Vətən sağ olsun” deyib, bir neçə aydan sonra unuduruq. Amma o ayağı əzilməsin deyə oğluna velosiped almayan atalar var ha, övladları ilə bərabər onlar da ölür. Diri-diri ölürlər. Dünən də 50 ananın gül balaları getdikləri yoldan dönmədilər. 50 evin ocağı söndü, 50 ana ömrünün sonuna qədər gözü yaşlı, bağrı daşlı qaldı. Bəs sonra? Sonra nə olacaq? Kim o gecələrini səhərəcən dirigözlü açan analara-atalara təsəlli verəcək? Bilmirəm. Adam, əslində, deməyə söz də tapmır, eləcə susmaq istəyir…
Biz uşaq olanda böyüklər şəhid olurdu. İndi biz böyümüşük, uşaqlar şəhid olur. Qarabağda atasını şəhid qoyub gələn nəsil bu gün də Qarabağda özləri şəhid olurlar. Bü gün də onun balası yetim, anası ağlar qalır.
Şəhid övladı missiyasını indi də övladlarına ötürürlər. Tarixmi təkrarlanır yenə də? Bu xalq, bu millət, bu insanlar axı nəyin əczasını çəkir illərdən bəri? Bizdən sonra gələn nəsildəmi yarımçıq, atasız böyüyəcək? Axı, dünən şəhid olan oğullardan biri cəmi ikicə gün idi ata olmuşdu.
Axı, dünən şəhid olan oğullardan biri heç ana-ata üzü görməyib, uşaq evində böyümüşdü. Axı, dünən şəhid olan oğullardan birinin nəşi evinə çatmamış atasının ürəyi dözməyib, oğlu ilə birlikdə son mənzilə yollanmışdı.
“Ədalətin budurmu, dünya?” deməyim gəlir sənə… Bəs analar… 50 ananın fəryadını eşidirsinizmi, harayını duyursunuzmu? Ana olmaq asan deyilmiş. Ana olmaq tir-tir əsməkdir, xəstələnəndə övladının başının üstündən ayrılmamaqdır, dırnağına bir şey olanda ürəyi qopmaqdır, gecə özü üstü açıq yatmaqdır ki, balası üstünü açanda otaqdakı soyuğu hiss edib ayılmasın. Övladının adının baş hərfini eşidəndə nəfəsini saxlamaqdır, balası xəstə olanda ölüb-dirilməkdir… Ana olmaq artıq övladın üçün yaşamaqdır, özünü düşünməməkdir, özünü heçə saymaqdır. Bu gün 50 ana da övladları ilə birlikdə öldü əslində. Zülümlə-əziyyətlə böyüdülən o balalar, igidlərimiz şəhid olur, tək o ananın deyil, hamızın bağrı yarılır. Atamızı, qardaşımızı itirmək qorxusu indi də balamızı itirmək qorxusu ilə əvəz olunur. Bu qorxunun boyutu o qədər uzanacaq ki, mənim, sənin, sizin, bizim balalarımızın boyuna çatacaq.
Sevinirdik ki, bu müharibə bizdən sonrakı nəsilə qalmadı. Qaldı axı… Bu gün yeniyetmə uşaqlar şəhid olur, sabah qundaqdakı balalarımıza növbə çatacaq. “Allah şəhidlərə rəhmət etsin”, “Allah bizə səbr versin”-sözləri artıq leksikonumuza çevrilib. Nə vaxta qədər?!
Mən utanıram şəhid ailələrinə baş sağlığı verməkdən, utanıram onların adlarını çəkməkdən. Onsuz da onların dərdi bizim dərdimizdir, bu gün 50 evin ocağı sönübsə 10 milyonun ürəyi yaralıdır. Ancaq bir şəhid anasının “Şəhidin halvası sizin ocaqda qovrulmadığı vaxtdadək sizə hər zaman şirin gələcək” sözü verilən təsəllilərin qarşısında acizdir.
Xəyalə Rəis