Türkiyənin Kocaeli vilayətinin Körfez rayonunda bir kişi həyat yoldaşı ilə münasibətdə olduğunu iddia etdiyi şəxsi küçədə park edilmiş avtomobilində oturarkən dəfələrlə bıçaqlayıb.
Medianews.az xəbər verir ki, hadisə mobil telefon kamerası ilə anbaan qeydə alınıb.
Hadisə axşam saat 18:30 radələrində Güney məhəlləsindəki Tuğrul küçəsində baş verib. ABŞ-dən yeni gəldiyi bildirilən Burak E., avtomobilin sükanı arxasında oturan Ercan K.-nı arvadı ilə münasibətdə olduqları iddiası ilə bir neçə dəfə bıçaqlayıb.
Yaralı vəziyyətdə avtomobili ilə qaçmağa çalışan Ercan K. təxminən 500 metr məsafə qət etdikdən sonra idarəetməni itirərək yol kənarında dayanmış avtomobilə çırpılıb. Ağır xəsarətlər alan Ercan K.-ya hadisə yerində ilkin tibbi yardım göstərilib və o, təcili olaraq xəstəxanaya çatdırılıb.
Hadisədən sonra Burak E.-nin qaçdığı, polis tərəfindən saxlanılması üçün əməliyyat başladıldığı bildirilib.
Bıçaqlanma anı isə ərazidə olan bir şəxs tərəfindən mobil telefon kamerası ilə çəkilərək sosial şəbəkələrdə paylaşılıb.
Hadisə ilə bağlı araşdırma davam edir.
Medianews.az