Bildiyiniz kimi, dünyada 200 civarında dövlət var və onların demək olar ki, hamısının öz yerli adət-ənənələri, bayramları, karnavalları var. Hər gün telekanallarda, internet resurslarında o ölkələrdəki qəribə ənənələrdən bəhs edən süjetlər, videokadrlar nümayiş olunur, adam baxır, həm heyran qalır, həm də heyrətlənir.
Bəzən bizə çöçün gəlir: yekə-yekə adamların arvadlı-kişili bir meydana toplaşıb bir-birini al pomidor şirəsinə qərq eləməsinin anlamını başa düşə bilmirik. Bu mənzərəyə hətta televizor ekranından baxanda belə adamın əti çimçəşir, elə bilirsən, bu dəqiqə özün girmisən o bişməmiş ketçap lığının, lavasının içinə. Amma bu karnavala qatılanlar sevinirlər, atılıb-düşürlər, milli adət-ənənələrini qoruyub saxladıqlarına, yaşadıb inkişaf etdirdiklərinə görə qürur duyurlar.
Dünən televizorda görürəm, bir xarici ölkədə Eşşək günü keçirirlər, bir cüt eşşəyi bəy-gəlin kimi bəzəyib çıxarmışdılar ortalığa. Sonra da eşşəkliyə qədəm qoymağa hazırlaşan yeniyetmə qoduqları minib çapdılar, ötüşdülər. Xüləs ki, həmin günlərini eşşəyə həsr elədilər. Nədən? Ona görə ki, eşşək təsərrüfat işlərində insanın ən yaxın, ən zəhmətkeş dostuymuş.
Yadıma düşür ki, hər il bu vaxtlar Xankəndi şəhərinin həndəvərindəki Vəng kəndində ermənilər də qoduqötüşdürmə bayramı keçirirlər. Arada hətta prezident Serj Sarkisyan da bu festival qatılır. Fəxri qonaq kimi. Tamaşaçı kimi. Gənc eşşəklər ötüşür, qoca Serj də baxıb ləzzət alır. Amma ermənilər bu bayramlarına hələ beynəlxalq status ala bilməyiblər. Birincisi, ermənilərin başı başqa şeylərə qarışıb, ikincisi, yerli eşşəklər hələlik dünya səviyyəsinə çıxmağa layiq deyil.
Çoxdur, dünyada gül kimi bayramlar, ənənələr çoxdur – kişilərin öz arvadları bellərinə alıb daşımalarından tutmuş ta təpənin başından dərəyə yuvarlanmağa qədər, ellikcə çayda çimməkdən tutmuş, ellikcə küçəyə çıxıb rəqs etməyə qədər. O karnavallar bizə düşük görünə bilər, amma hərəsinin öz tarixi, öz fəlsəfəsi var.
Biz iribuynuzlu mal-qaranı atdöşü eləyib qəssaba qovan camaatıq, bilirik ki, belə lazımdır, adətdəndir, bu heyvanlar bizə qurban buyrulub. Amma ispanların iribuynuzlu buğaların qabağına düşüb küçə boyunca qaçmalarını, arada bir neçəsinin buğanın buynuzunda, ya da dırnağınn altında qalıb qurban olmasının fəlsəfəsini bizə anlamaq çətindir.
Bəlkə də bizim Novruz bayramımız heç kəsə qəribə gəlməz, baxanlar fikirləşər ki, bunlar təbiətin oyanışını, baharın gəlişini bayram edirlər. Amma vallahi, Novruzun dəyişməz personajları olan Keçəllə Kosa tam bir antireklamdır.
Şükür ki, indi yeni-yeni bayramlar yaratmışıq. Millət üçün fərqi yoxdur, bu qədimdən gələn milli bayramdır, yoxsa 5-10 il əvvəl düzəldilmiş neo-milli bayram. Əsas odur ki, konsert olsun, meydanlara toplaşmağa səbəb, bəhanə olsun, hamı da daraşsın bulvara, manısların “ala gözlərinə vurulmuşam”, “getmə, sənsiz nə edəcəm”, “heç cür unuda bilmirəm səni” kimi poetik misralarla zəngin mahnılarına qulaq assınlar, axşam da atəşfəşanlığa baxsınlar.
Sizə səhih şəkildə deyə bilərəm ki, bizim neo-milli Gül bayramımız təkcə ölkə daxilində deyil, onun hüdudlarından çox-çox kənarda, məsələn, Hollandiyada da alqışlarla qarşılanır. Hətta biz bir il o bayramı keçirməsək, holland xalqı çox pəjmürdə olar. Bunun da əsas səbəbi odur ki, hər il Gül bayramımızın gülü əsasən Hollandiyadan gəlir. Narıncılar durduq yerdə bazar tapıblar, yetişdirdikləri gülü yaxşı qiymətdən bizə satırlar və bu hesaba özləri də bayram eləyirlər.
Bir dost adam deyir ki, biz gərək Ələmgəzdirməni də əvvəlcə ümummilli, sonra da beynəlxalq bayram ayini kimi qəbul etdirək, yoxsa ermənilər bunu da əlimizdən alacaqlar. Deyirəm, ona lüzum yoxdur, ermənilər bunu çoxdan özəlləşdirib, sadəcə, onlar əllərində əl rəmzi gəzdirmirlər, “Genosid” layihələri gəzdirirlər.
İndilikdə isə ölkə də bir Məşəlgəzdirmə festivalı başlayıb. Amma bunu hər il edə bilməyəcəyik. Gərək azı iki ildən bir hansısa mundialı, olimpiadanı, cürbəcür çempionatları ölkəmizə saldıraq ki, onun da məşəlini Naxçıvandan Qusara, Astaradan Ağstafaya qədər rayon-rayon gəzdirə bilək.
Bayramlar yaxşı şeydir, sadəcə, gərək elə olsun ki, kənardan düşüklük kimi görünməsin.