Bu gün ABŞ Senatı Birləşmiş Ştatların xüsusi xidmət orqanlarının terrorçuluqda şübhəli bilinən şəxslərin dindirilməsi zamanı işgəncə metodlarından istifadəsinə dair hesabatını yayacaq.
Virtualaz.org saytı xəbər verir ki, bununla əlaqədar olaraq ABŞ hakimiyyəti bütün dünya boyu səfirliklərinin təhlükəsizliyini gücləndirib.
Vaşinqton bu hesabatdakı şok işgəncə faktlarının başqa ölkələrinin sakinləri tərəfindən aqressiv reaksiya göstəriləcəyindən ehtiyat edir. Bütün dünya boyu ABŞ səfirliklərinə göndərilən xüsusi təlimatda mühafizə tədbirlərinin gücləndirilməsi, səfirlik işçilərinin zərurət olmadan yerli əhali ilə ünsiyyətə girməməsi və diplomatik missiyanın ərazisini tərk etməməsi tapşırılır.
Ağ Evin mətbuat katibi Coş Ernest bildirib ki, hesabatın hazırlanmasına bir neçə ay vaxt gedib. Gözlənilir ki, 6 min səhifədən çox olan hesabatda Mərkəzi Kəşfiyyat İdarəsinin “əl-Qaidə” üzvlərinin dindirilməsi zamanı tətbiq olunan işgəncə metodları açıqlanacaq.
Bu praktika 2011-ci ilin 11 sentyabr hücumlarından sonra o vaxtkı prezident Corc Buş tərəfindən təsdiqlənən məxfi proqramın bir hissəsidir. Barak Obama bu proqramın qüvvəsini 2009-cu ildə dayandırılıb.
Hesabatda Mərkəzi Kəşfiyyat İdarəsinin terrorçuluqda şübhəli bilinənlərə qarşı suda boğma, alçaltma, soyuqda dondurma, yuxusuz buraxma kimi işgəncə metodlarını tətbiq etdiyi əksini tapır.
Hesabatın hazırlandığı barədə məlumat hələ bu ilin avqust ayında mətbuata sızıb. Prezident Obama bildirib: “Biz dəyərlərimizə zidd olan bəzi şeylər etmişik”.
Prezident əlavə edib ki, hakimiyyət işgəncə metodlarına yeni terror hücumlarının qarşısını almaq üçün əl atmağa məcbur olub.