Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polislərlə vida mərasimi keçirilib.
Medianews.az AZƏRTAC-a istinadla xəbər verir ki, vida mərasimində Daxili İşlər Nazirliyinin rəhbərliyi və şəxsi heyəti iştirak edib.
Həlak olan polis əməkdaşları – polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərov bu gün torpağa tapşırılacaq.
Xəzər rayonu Şüvəlan qəsəbəsindəki insidentdə üç polis əməkdaşını qətlə yetirən Rövşən Allahverdiyev bir müddət əvvəl Türkiyədən ölkəyə qayıdıb.
Medianews.az gününsəsi.info-ya istinadla xəbər verir ki, onun evində olmasına dair məlumatdan sonra polis əməkdaşları onun mənzilinə gediblər.
Əvvəlcə polislərlə normal danışan Rövşən Allahverdiyev paltarını dəyişmək adıyla mənzilinə daxil olub və oradan ov tüfəngini götürərək qarşısındakıları güllələyib.
Onun növbəti hədəfi isə səs-küyə gələn qonşusu olub. Belə ki, Rövşənin atdığı növbəti güllə qonşusunun da həyatına son qoyub.
12:35
İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində silahlı insidentdə həlak olan polis əməkdaşları – polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərovla vida mərasimi keçirilir.
11:47
İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində silahlı insidentin baş verdiyi ərazidən görüntülər yayılıb.
Medianews.az Baku TV-nin hadisə yerindən hazırladığı reportajı təqdim edir:
11:20
İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsindəki silahlı insidentdə üç polis əməkdaşını qətlə yetirən 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev axtarışda olub.
Medianews.az afn.az-da dərc olunan məqaləyə istinadla xəbər verir ki, Rövşən Allahverdiyevlə bağlı Daxili İşlər Naziliyinin Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin 2.1, 2.2, 3.4-cü hissələri ilə ittiham irəli sürülüb.
Həmin şəxsin fotosunu təqdim edirik:
10:39
İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsindəki silahlı insident zamanı qətlə yetirilən polis əməkdaşlarının kimlikləri məlum olub.
Medianews.az xəbər verir ki, bunlar polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərovdur.
09:49
İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.
Medianews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilib.
O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.
Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.